Meliorasiya və su təsərrüfatı kompleksinin inkişafındakı uğurlar
Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətdir. «Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik» sözlərini tarixə yazmış Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.
Meliorasiya və su təsərrüfatı kompleksində əldə edilmiş nailiyyətlər Ulu öndər Heydər Əliyevin bu sahəyə olan daimi diqqət və qayğısının nəticəsində əldə edilmişdir.
Xalqın dəvəti, taleyin hökmü ilə müdrik rəhbərimiz, dünya miqyaslı siyasətçimiz Ulu öndər Heydər Əliyevin1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Azərbaycanda mövcud meliorasiya potensialı qorunub saxlanıldı. Sahənin normal fəaliyyətini təmin etmək məqsədilə kompleks tədbirlərin işlənib həyata keçirilməsi və islahatların sürətləndirilməsi olduqca vacib idi. Buna görə də ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsində islahatların əsas məqsədi və vəzifələri müəyyənləşdirildi.
Çox böyük fəxr ilə qeyd etmək olar ki, Ulu öndərimizin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.
Möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycan böyük və şərəfli bir inkişaf yolu keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Ölkəmizin beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir.
Bu illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.
2020-ci ilin mürəkkəb təbii-iqlim, eləcə də bütün dünyada, o cümlədən ölkəmizdə davam etməkdə olan pandemiya şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək Cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetirmiş, suvarılan torpaqlarda şorlaşmanın, qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparmış, suvarılan torpaqların meliorativ vəziyyətini qiymətləndirmiş, meliorativ tədbirlər tələb edən torpaqlar müəyyənləşdirmiş, onların yaxşılaşdırılması üzrə tədbirlər hazırlamış və ayrılan vəsait daxilində balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir.
Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə Cəmiyyət tərəfindən respublika üzrə sudan istifadə planı, maqistral kanallar üzrə su limitləri, respublikanin çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmişdir. Bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmalarının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə Cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.
Səhmdar Cəmiyyəti tərəfindən ölkəmizin işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpasını və gələcək inkişafını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə Proqram» hazırlanmışdır.
Proqramın məqsədi uzun illər erməni təcavüzünə məruz qalmış Dağlıq Qarabağın ətrafında yerləşən işğaldan azad olunan ərazilərdə suvarılan torpaqların kənd təsərrüfatında istifadəsinə şərait yaratmaq üçün ilkin mərhələdə melioarsiya və su təsərrüfatı obyektlərinin təmir-bərpası ilə onların iş rejimlərinin bərpası, sonrakı mərhələdə bu obyektlərin müasir səviyyədə yenidən qurulmasına və inkişafına nail olmaqla idarə edilməsinin səmərəli təşkilindən ibarətdir.
2021-ci ildə Səhmdar Cəmiyyəti meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir.
Möhtərəm Prezident İlham Əliyev cənablarının müvafiq Fərman və Sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət Proqramları və Tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur.
Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir. Bu böyük diqqət və qayğıya cavab olaraq, Cəmiyyətin kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş tapşırıqları tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək, daha səylə çalışacaq, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatında üzərilərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəklər.
Əhliman HACIYEV,
Ağdaş rayonu Suvarma Sistemləri İdarəsinin rəisi,
Əməkdar mühəndis