Mir Cəlal Paşayev: yazıçı, alim, pedaqoq...
NƏŞR / 27.04.2022 01:18
Mir Cəlal Paşayev: yazıçı, alim, pedaqoq...
"Mir Cəlal sənətkardır,
yaradıcıdır. Onun romanının hər bir sözü öz tərcümeyi-halının bir hissəsi kimi
görünür. Canlı və səmimi həyəcanı dərhal oxucuya təsir edir. Kitabı oxuyub
örtdükdən sonra adama elə gəlir ki, özünün dünənki həyatını, həyəcan və
sevinclərini sənə nağıl edən bir adamla bir neçə saat maraqlı söhbət
etmisən...". Bu, sitatdır. Onun yaradıcılığındakı dərin səmimiyyətdən bəhs
edən onlarca təndiqçi və ədəbiyyatşünasdan tək birinin qeydidir.
Bəli, onun mövzusu da, qəhrəmanları da
real həyatdan gəlirdi. Elə ona görə də əsərlərində əvvəldən axıra qədər kəndə
bağlı olan insanların surətləri əsas yer tutur, yazıçı öz taleyini onların
taleyindən ayırmır, öz qəlbində onların ürəyinin, onların ürəyində öz ürəyinin
döyüntüsünü hiss edirdi.
Mir Cəlal Paşayev sözün əsl mənasında
ziyalı, yazıçı, alim, maarifçi idi... O, ömrünün 48 ilini bu vacib, çoxlarının
bacarmadığı, nadir istedadı və insanlığı ilə bəşəriyyətə, Azərbaycan milli
mədəniyyətinə, ədəbiyyatına, xalqına xidmətdə olmuşdur...
Azərbaycan nəsrinə S.Rəhimov,
M.İbrahimov, S.Rəhman kimi nəhəng sənətkarlarla birgə daxil olmuş, özünəməxsus,
olduqca orijinal, yaradıcılıq siması, üslub, sənətkarlıq xüsusiyyətləri,
dadlı-duzlu, mənalı hekayələri, mürəkkəb süjetli romanları ilə Azərbaycan
ədəbiyyatı xəzinəsini zənginləşdirmişdir...
1932-ci ildə Mir Cəlal müəllimin
"Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı hekayə və
oçerklər məcmuəsi, "Dirilən adam" romanı çapdan çıxır. Bir
ildən sonra həmin roman rus dilinə tərcümə edilib çap olunur.
1937-ci
ildə "Bostan oğrusu" hekayələr kitabı, 1939-cu ildə "Gözün
aydın" kitabı, onu ədəbiyyat aləmində məşhurlaşdıran, hətta rus yazıçısı
Dostoyevskinin "Polad necə bərkidi" romanı ilə müqayisə edilən
"Bir gəncin manifesti" romanı, bir il sonra 1940-cı ildə "Açıq
kitab" romanı nəşr edilir.
Ümumiyyətlə,
Mir Cəlal müəllimin yaşadığı dövrdə 50-yə qədər bədii və elmi əsəri kitab
şəklində oxucusuna təqdim edilib. Bu günə qədər isə böyük yazıçı-alimin 60-dan
çox kitabı Azərbaycan bədii ədəbiyyatı, elmi sferası xəzinəsinin bəzəyi,
dəyəri, bədii-estetik təfəkkürünün ölçüsü kimi işıq üzü görüb.
Təsadüfi
deyildir ki, görkəmli tənqidçisi, akademik Məmməd Arif onun yaradıcılığının 30
illiyi münasibətilə yazmışdır: "Bir yazıçı kimi Mir Cəlal hər şeydən əvvəl
Azərbaycan nəsrinin ən gözəl ənənələrinə əsaslanır. Nahaq deyil ki,
C.Məmmədquluzadə və Ə.Haqverdiyev onun ən çox sevdiyi yazıçılardır. Bu
ədiblərin çox dəqiq və həssas realizmi, xalq həyatı ilə sıx əlaqəsi, yüksək
demokratizmi, sadə dili, incə yumoru və eyni zamanda sərt satirası, Mir
Cəlalı bir nasir kimi dərindən maraqlandırır. Biz Mir Cəlalın əsərlərində
milli nəsrimizin ən yaxşı nailiyyətlərini hiss edirik".
Görkəmli
tənqidçi Mir Cəlal Paşayevi Mirzə Cəlillə, Ə.Haqverdiyevlə müqayisə etməklə,
əslində bu böyük yazıçını həmin nəhəng sənət korifeyləri ilə bir sırada görmüş,
onun yaradıcılığının, sosialist realizminə sığmayan cəhətlərinin mahiyyətini -
demokratizmini, həssas realizmini, sərt satirik mahiyyətini açıqlamışdır.
Ədəbi
tənqidçilərin haqlı olaraq qeyd etdikləri kimi, Mir Cəlal Paşayev yaradıcılığı
heç bir çərçivəyə sığmamış, bütün arakəsmələri dağıtmış, həyatın sərt
realizminə həmişə sadiq qalmış, yüksək demokratizmi və sərt həqiqətləri əks
etdirməyi ilə fərqlənmişdir.
Ədib
romantik olduğu qədər də Mirzə Cəlil və A.P.Çexovsayağı dadlı, duzlu, lirik,
satirik, kəskin süjetli hekayə və novellaların da müəllifidir. O, Avropa
novella janrını bütün Şərq incəliyi ilə Azərbaycan nəsrində yaradan,
formalaşdıran, kamilləşdirən ilk sənətkar idi. "Həkim Cinayətov",
"Mərifət dərsi", "Mərkəz adamı", "Təzə toyun nəzakət
qaydaları", "Bostan oğrusu", "Anket Anketov",
"Həpəndovun məqaləsi" və digər hekayələri təkcə Azərbaycan
ədəbiyyatının deyil, dünya ədəbiyyatının klassik miniatür hekayə nümunələridir.
Mir
Cəlal müəllim həm də klassik ədəbiyyatımızın tədqiqatçısı idi, bir tərəfdən
Füzuli, o biri tərəfdən də XX əsrin başlanğıcındakı ədəbiyyatımız, ilk növbədə
Mirzə Cəlil, Sabir, Ə.Haqverdiyev, Nəriman Nərimanov, Məhəmməd Hadi və
başqaları... O, ayrı-ayrı mərhələlərlə yox, böyük ədəbiyyatla məşğul olduğu
üçün, eyni zamanda çox güclü fəhminə görə sənətdə müasirliyi müasir ədəbiyyat
üzrə "ixtisaslaşmış" bir çox ədəbiyyatşünas və tənqidçilərdən daha
artıq duyur və qiymətləndirməyi bacarırdı.
Mir
Cəlal müəllimin bədii yaradıcılığı kimi, elmi, pedaqoji fəaliyyəti də məhsuldar
olub. Onun pedaqoji fəaliyyətinin xüsusiyyətləri Azərbaycan maarifçiliyinin,
pedaqoji fikir tarixinin ən dəyərli, qiymətli tarixi faktlarındandır.
O,
onlarca alim, müəllim, pedaqoq, jurnalist, ziyalı yetişdirmişdir. Maraqlı cəhət
budur ki, böyük ədib ömrü boyu pedaqoji fəaliyyətindən uzaqlaşmamışdır. 30-cu
illərdən 80-ci illərin əvvəllərinə qədər Azərbaycanın ziyalılar nəslinin
formalaşmasında digər həmkarları ilə birlikdə yorulmadan çalışmış, Azərbaycan
elmi fikrinin ən görkəmli şəxsiyyətlərinin formalaşmasında fəal iştirak
etmişdir.
Bir
çox klassik və müasir sənətkarların yaradıcılıq xüsusiyyətlərinin dərindən
öyrənilməsində, ədəbiyyat tariximizə dair ciddi tədqiqat əsərlərinin
yazılmasında, elmi-tənqidi fikrimizin düzgün inkişafında Mir Cəlal müəllimin
böyük xidmətləri olmuşdur.
Onun
"Azərbaycan ədəbiyyatı tarixi" kitabına yazdığı elmi oçerklər,
"XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyi, "Ədəbiyyatşünaslığın
əsasları" kitabı Azərbaycan ədəbiyyatı elminin nadir nümunələrindəndir.
Mir Cəlal müəllimin "Azərbaycan ədəbiyyatında realizmin müəyyənləşməsi və
inkişafı haqqında" elmi-nəzəri əsəri Azərbaycan ədəbiyyatşünaslığında
ədəbi metod və üslub istiqamətində aparılan ilk monumental əsərlərdən biridir.
Xüsusən alimin dahi Məhəmməd Füzuli ədəbi irsinə həsr etdiyi silsilə tədqiqat
materialları və onun çox ciddi axtarışlarının, nəzəri fikrinin məhsulu olan
"Füzulinin poetik xüsusiyyətləri" və son olaraq "Füzulinin
sənətkarlığı" (1958) kitabları Azərbaycan füzulişünaslığının əsas
sütunlarından birini təşkil edir.
Mir
Cəlal Paşayev təkcə Azərbaycanda deyil, o vaxtkı İttifaq miqyasında, onun
hüdudlarından kənarda da tanınmış bir ədib, alim, pedaqoqdur. Onun bir sıra
əsərləri o dövrkü İttifaq respublikalarında yaşayan xalqların, demək olar ki,
əksəriyyətinin dillərinə tərcümə olunmuş və yayılmışdır. Ədibin əsərlərinin
çoxu rumın, bolqar, fransız, çex, slovak və başqa xarici dillərdə nəşr olunmuş,
həm müəllifinə, həm də Azərbaycan ədəbiyyatına şöhrət gətirmişdi...
Mir
Cəlal müəllim tələbələrinin sevimlisi olan pedaqoqlardandır...
Xalq
şairi, Prezident təqaüdçüsü Nəriman Həsənzadə: "Mir Cəlal Paşayev fransız
maarifpərvər və yazıçılarından Volter, Didro, Jan Jak Russo kimi insanlarla
müqayisə oluna biləcək bir şəxsiyyətdir. Müdriklər deyiblər ki, kamil insan,
alim, yazıçı dünyanı təkcə izah etmir, eyni zamanda onu dəyişdirir, insanların
şüurlarına, baxışlarına təsir edə bilir. Bu mənada Mir Cəlal müəllimin
çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, eyni zamanda özündən sonra gələn
nəsillərə də örnəkdir".
Xalq
yazıçısı Elçin: "Mir Cəlal müəllim auditoriyaya girəndə əzəmətli bir
pedaqoq təsiri bağışlayırdı. Ona görə ki, onun mənəvi dünyası əzəmətli idi,
onun yaradıcılığı, daxilindəki xeyirxahlıq əzəmətli idi. Xoşbəxt yazıçı idi,
ona görə ki, sovet sisteminə deyil, ədəbiyyatına xidmət edirdi. Bugünkü
oxucuların, müstəqil Azərbaycan vətəndaşlarının psixologiyası və tələbləri
fərqli olsa da, Mir Cəlalın əsərləri indi də sevilə-sevilə oxunur. O, həm də
xoşbəxt ədəbiyyatşünas alim idi. Ədəbiyyatşünaslığın sovet ideologiyasının
tərkib hissəsi olmasına baxmayaraq, Mir Cəlal yenə də sistemə deyil, Azərbaycan
ədəbiyyatının tarixinə xidmət edirdi. O, həm də xoşbəxt pedaqoq idi. Çünki
pedaqoji fəaliyyətini komsomol və partiya ideologiyasına deyil, Azərbaycan
xalqı üçün gərəkli oğullar yetişdirməyə həsr etmişdi...".
Mir
Cəlalın daha bir tələbəsi Xeyrulla Əliyev: "...İndi qəribə görünsə də, o
dövrdə ali məktəblərdə dərsə davamiyyət jurnalları rus dilində yazılırdı. Bu
səbəbdən də "Əliyev" soyadı "Aliyev" olurdu. Sanki buna
etiraz əlaməti olaraq Mir Cəlal müəllim də, Məmmədhüseyn Təhmasib də, Abbas
Zamanov da auditoriyada heç kimin adını həmin jurnaldan oxumaz,
tələbələrindən kimin gəlmədiyini qrup nümayəndəsindən soruşardılar. Mir Cəlal
müəllim elə sadə danışırdı ki, mən onun mühazirəsini yazmağa ehtiyac duymurdum,
eyni zamanda elə fikirlər söyləyirdi ki, onları yazmaya bilmirdim. Mir Cəlal
müəllimin fikrincə, hər yazıçıdan jurnalist olmaz, yaxşı jurnalist isə yazıçı
ola bilər. O, tələbələri yaradıcılığa ruhlandırırdı. Biz onun dərslərini
səbirsizliklə gözləyirdik...".
Əməkdar
mədəniyyət işçisi Nahid Hacızadə: "Biz o uzaq illərin tələbələri hərdən
görüşüb, bir yerə yığışanda istər-istəməz müəllimlərimizdən söz salır, hörmət
və ehtiramla onları xatırlayırıq. Bu sırada Mir Cəlal müəllimin ayrıca yeri, istək
mərtəbəsi var... Fikrimizdə hamımızın eyni vurğu ilə dilə gətirdiyimiz sözlər
qanadlanır: "Ürəyinə ürək çatmazdı, bir işıq idi, Mir Cəlal müəllim".
2024-12-02
13:04 İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı
12:58 Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib
11:11 Sumqayıt şəhərinin 75 yaşı tamam olur SUMQAYIT FOTOLARDA
2024-11-30
00:40 Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib VİDEO
2024-11-28
03:06 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq
02:52 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib VİDEO
01:51 Azərbaycanda bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək
2024-11-21
03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar
02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ
02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır
2024-11-14
13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim