Uğurlu Füzuli əməliyyatının bəzi məqamları
Vətən müharibəsinin 21-ci günü - 2020-ci oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Bu şanlı tarixin ikinci ilində Füzuli şəhərinə səfərimiz zamanı yol yoldaşlarımız elə o döyüşlərin canlı şahidləri və qəhrəmanları - Azərbaycan hərbçiləri oldu.
AZƏRTAC-ın bölgə müxbirinin Füzuli şəhərinə səfəri ilə bağlı qeydlərini təqdim edirik.
Füzuli səfərimiz Zəfər yolundan başladı. Azərbaycan Ordusunun qarış-qarış azad etdiyi ərazilərdən keçməklə yolumuza davam etdik. Yolboyu erməni vandalizmi göz önümdə canlandı. Uzun illər təmas xətti olan bu ərazilərdə dəfələrlə erməni təxribatı baş verib, dinc əhalimiz hədəf alınıb. Hətta 1 yaşlı Zəhra və nənəsi də bu ərazidən atılan düşmən mərmisindən şəhid olmuşdu.
Hələ Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən darmadağın edilərək xarabalığa çevrilib. Daş-daş üstə belə qalmayıb. Sanki bu yerlərdən vəhşi qəbilə keçib, hər şeyi viran qoyub. Bəli, düşmən bu ərazilərdə ancaq hərbi birləşmələrini gücləndirməklə, istehkam və maneələr yaratmaqla məşğul olmuş, müdafiə xətti qurmuşdu. Çünki bilirdi ki, bu torpaqlar onun deyil. Gec-tez Azərbaycan əsgəri öz torpağını azad edəcək və o günü qorxu içində gözləyirdi. Nəhayət, o gün gəlib çatdı...
2020-ci il sentyabrın 27-si. Erməni silahlı qüvvələri növbəti genişmiqyaslı təxribat törətdi. Dinc azərbaycanlı əhalinin yaşadığı kəndlər atəşə tutuldu. Artıq səbir kasası daşmışdı. Düşmənə öz yerini göstərmək, torpaqlarımızı azad etmək vaxtı çatmışdı. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə "Dəmir yumruq” əməliyyatına – Vətən müharibəsinə başlandı.
Füzuli əməliyyatının iştirakçısı olan Vüqar Məmmədzadə: "2020-ci il sentyabrın 27-də saat 8 radələrində düşmən təxribatının qarşısını almaq üçün əks-hücum əmri verildi. Burğa dərəsindən Füzulinin işğalda olan torpaqları istiqamətində hərəkətə keçdik. İlk döyüş günü Füzuli və Cəbrayıl ətrafında düşmənin mövqeləndiyi sədlər yarıldı və bir neçə kəndimiz azad edildi. Növbəti tapşırıqlara uyğun olaraq Cəbrayıl və Hadrut istiqamətində döyüş əməliyyatları yerinə yetirdik. Əmr verilmişdi ki, burada əsas məqsəd Füzuli şəhərində cəmlənən düşmən qüvvəsini məhv etmək və həmin əraziləri azad etmək idi”.
Həmsöhbətimizin də dediyi kimi, müharibənin ilk günündə Füzuli istiqamətində Horadiz, Qərvənd, Qaraxanbəyli kəndlərinin, Cəbrayılda isə Böyükmərcanlı, Nüzgar kəndlərinin, Kəlbəcərdə Murovdağ zirvəsinin azad edilməsi düşmən cəbhəsinin yarılması ilə nəticələndi. Ağır itkilər verən Ermənistan silahlı qüvvələri geriyə çəkilməyə başladı.
Düşmənin keçilməz "Ohanyan səddi” adlandırdığı istehkam xətti qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində bir neçə saat ərzində yarıldı. Hərbi əməliyyatlar kompleks şəkildə və planlı olaraq aparılırdı. Kənd Horadiz istiqamətindən yüksəkliklərə irəliləyən kəşfiyyat qrupları, artilleriya bölmələrinə ötürülən dəqiq koordinatlar və nəticədə düşmənin məhv edilməsi bizi hər gün qələbəyə bir az da yaxınlaşdırırdı.
Ermənistan silahlı qüvvələrinin ən çox möhkəmləndiyi Füzuli şəhərini azad etmək üçün xüsusi plan hazırlandı: ərazini mühasirəyə almaq və düşməni yerində məhv etmək. Belə də oldu! Strateji yüksəkliklər, düşmənin möhkəmləndiyi ərazilər qəhrəman oğullarımızın şücaəti sayəsində azad edildi. Davam edən uğurlu hərbi əməliyyatlar və Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində oktyabrın 3-də cəbhənin cənub-şərq istiqamətində Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtərin Suqovuşan və Talış kəndləri azadlığa qovuşdu.
Növbəti gün, oktyabrın 4-də Cəbrayıl şəhəri, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl, Karxulu, 5-də isə Şıxalıağalı, Sarıcallı və Mərəzə kəndləri təmizləndi. Artıq erməni hərbçilərinin Füzulidəki təminat yollarını sıradan çıxarmağın vaxtı çatmışdı. Oktyabrın 9-da Azərbaycan Ordusunun yüksək dəqiqliklə yerinə yetirdiyi hərbi əməliyyatlar nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sor kəndi, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qaracallı, Əfəndilər və Süleymanlı kəndlərinin azad edilməsi düşmən arxasına keçməyə əlverişli şərait yaratdı. Halqa daralır, düşmən isə təlaş içində arxadan dəstək gözləyirdi. Oktyabrın 14-də əlverişli yüksəkliklər və mövqelər - Füzuli rayonunun Qarakollu, Xatınbulaq, Qaradağlı kəndləri, Xocavəndin Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü və Tağaser kəndləri azad edildi. Növbəti gün aparılan hərbi əməliyyatlar zamanı Xocavəndin Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri, Füzulinin Arış, Cəbrayılın isə Doşulu kəndləri düşməndən təmizləndi.
Həmin döyüşlərdə iştirak edən hərbçi Sahib İbrahimov: "İlk döyüş tapşırığımız Cəbrayıl istiqamətindən oldu və əsas hərəkət yüksəkliklərlə yerinə yetirildi. Bu taktika düşmən arxasına keçid etmək, onların koordinatlarını artilleriyaya ötürmək məqsədilə seçilmişdi. Ordumuz verilən tapşırıqların öhdəsindən uğurla gəldi. Dəqiqlik və peşəkarlıqla yerinə yetirilən əməliyyatlar sayəsində Cəbrayıl şəhəri və Hadrut qəsəbəsi kimi strateji mövqelər, həmçinin bir çox yüksəkliklər və düşmənin mövqeləndiyi ərazilər azad edildi”.
Füzuli əməliyyatına bir gün qalırdı. Hələ azad olunası bir neçə yüksəklik vardı. Xocavəndin Xırmancıq, Ağbulaq, Axullu kəndləri də Azərbaycan Ordusunun nəzarətinə keçdi və beləliklə Füzuli şəhəri mühasirəyə alındı. Nəhayət 16-dan 17-nə keçən gecə şəhərin azad olunması əməliyyatını taclandırmaq vaxtı çatmışdı. Əsgərlərimiz qarşıya qoyulan əməliyyat planının son halqasını da uğurla tamamladılar - Füzuli şəhəri, Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli ətraf kəndləri azadlığa qovuşdu. Uğurlu əməliyyat nəticəsində düşmən məhv edildi, yüzlərlə hərbi texnika, silah-sursat qənimət kimi götürüldü.
Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı Füzuli zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 17-də Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırması isə hər birimizi qürurlandırdı. Bu müqəddəs amal uğrunda şəhidlərimiz, qazilərimiz oldu. Məhz onların sayəsində bu gün Qarabağımız azaddır, yenidən qurulur, çiçəklənir, dirçəlir.
Gizir Kamil Həsənov da şəhidlərimizin, qazilərimizin qanlarının yerdə qalmadığını, düşməni itiqovan kimi qovduqlarını və 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızda üçrəngli bayrağımızın dalğalandığını söyləyib: "Müharibə itkisiz olmur. Vətən müharibəsində bizim şəhidlərimiz də, qazilərimiz də oldu. Lakin bu, Azərbaycan Ordusunun ruh yüksəkliyini zərrə qədər də azaltmadı. Çünki hər birimiz hər an Vətən uğrunda canımızı fəda etməyə hazırıq. Elə bizi döyüşlərə səsləyən də bu Vətən sevgisi idi. Biz bir daha göstərdik ki, xalqımız mərddir, qorxmazdır, öz torpağı uğrunda hər şeyi gözə almağa hazırdır. Əbəs yerə deyil ki, Ermənistanın illər ərzində işğal etdiyi torpaqlarımızı biz cəmi 44 günə azad etdik. Bununla da dünyaya Qəhrəman Azərbaycan Əsgərinin gücünü göstərdik”.
Qeyd edək ki, bu gün işğaldan azad olunmuş digər bölgələrimiz kimi, Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlərin sürəti deməyə əsas verir ki, Füzuli sakinləri tezliklə öz doğma yurdlarına dönüşün sevincini yaşayacaqlar. Həmin gün elə də uzaqda deyil. Təkcə onu demək kifayətdir ki, ötən il yanvarın 14-də təməli atılan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi 9 aya tikildi və oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Bu hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddət ərzində - cəmi 9 ayda tikilən ilk aeroportdur. Hazırda Şuşaya, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya gedən qonaqlar da hava limanından istifadə edirlər. Füzuli aeroportu, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionuna daxil olan rayonların investisiya imkanlarını artıracaq.