reklam
USD
10 ℃
EUR
BAKI

SOYQIRIMLARINA MƏRUZ QOYULAN XALQDAN QALİB XALQA DOĞRU GEDƏN YOLUN XRONİKASI

REPORTAJ / 24.10.2022 00:17

SOYQIRIMLARINA MƏRUZ QOYULAN XALQDAN 
QALİB XALQA DOĞRU GEDƏN YOLUN XRONİKASI


Tarixi keçmişini unudan və yaxud ondan ibrət götürməyən xalqların faciələri təkrarlanır. Bu yazıda qısaca olsa da, son 220 ilin xronikasına nəzər yetirsək, indiyədək nələri itirdiyimizi xatırlayar, nələri qaytarmağın vacibliyini dərk edərik.
Ermənilərin havadarlarının köməyi ilə XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalamış və bütün soyqırımı faciələrini yad etmək məqsədilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Məhz bu fərmanın imzalanmasından sonra azərbaycanlıların son 220 il ərzində başlarına gətirilən faciələrin miqyası haqqında ciddi tədqiqat işləri aparılmış və müxtəlif arxivlərdə saxlanılan sənədlər ilk dəfə elmi-tədqiqat dövriyyəsinə cəlb edilmişdir.
Aparılan tədqiqatlardan çıxarılan yekun nəticə ondan ibarətdir ki, azərbaycanlıların yaşadıqları coğrafi arealda soydaşlarımıza qarşı həyata keçirilən kütləvi qırğınlar, soyqırımları və deportasiyalar 6 mərhələdə baş vermişdir. Yalnız 7-ci mərhələdə - 2020-ci ilin payızında Azərbaycan xalqı və onun müzəffər ordusu İkinci Qarabağ müharibəsi nəticəsində ilk dəfə erməni təcavüzkarlarının dərsini verdi. Özü də əbədilik.
Həmin mərhələlərə qısaca da olsa nəzər salaq.
I mərhələ. XIX əsri əhatə edən bu mərhələni ermənilər üçün "yeni vətən" mərhələsi adlandırmaq olar. Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsindən sonra başlamışdır. 1805-ci il oktyabrın 20-də Şörəyel sultanı Budaqla knyaz Pavel Sisianov Gəncədə Şörəyelin əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd imzalamışlar. Məhz bundan sonra ermənilərin həmin ərazilərə kütləvi axını başlanmışdır.
1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında imzalanan Gülüstan müqaviləsinə əsasən, Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla, bütün Şimali Azərbaycan xanlıqları Rusiyanın tərkibinə qatılmış, Qarabağ və Gəncə xanlıqlarının ərazilərində kütləvi surətdə ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.
1827-ci il iyunun 26-da rus qoşunları Naxçıvan şəhərini, sentyabrın 20-də Sərdarabad qalasını, oktyabrın 1-də isə İrəvan qalasını ələ keçirdilər. 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycan sonuncu İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə qatıldı. Martın 20-də çar I Nikolay həmin əraziləri əhatə edən qondarma "Erməni vilayəti"nin yaradılması haqqında fərman imzaladı. 1829-1832-ci illərdə "Erməni vilayəti"ndə keçirilən kameral siyahıyaalmanın nəticələrinə görə, İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İran və Türkiyədən 57266 nəfər erməni (10631 ailə) köçürülmüşdür. Rusiya-İran (1826-1828), Rusiya-Türkiyə (1828-1829) müharibələri nəticəsində 359 müsəlman kəndi dağıdılmış, əhalisinin xeyli hissəsi qırılmış, qalanları isə qaçqın düşmüşdü. Həmin dövrdə qondarma "Erməni vilayəti"ndə mövcud olan 1111 yaşayış məntəqəsindən cəmi 62 kənddə (erməni kilsələrinin ətrafında) ermənilər yaşayırdılar. İrandan köçürülən ermənilər İrəvan xanlığının 119 kəndində, Naxçıvan xanlığının 72 kəndində, Türkiyədən köçürülən ermənilər İrəvan xanlığının 128 kəndində, Naxçıvan xanlığının 4 kəndində yerləşdirildilər. İran ərazisindən ermənilərin köçürülüb gətirilməsinə rəhbərlik edən rus ordusunun erməni əsilli polkovniki Lararevin yazdığı kimi, ermənilər özlərinə Azərbaycan torpaqlarında "yeni vətən" əldə edirdilər. Nəticədə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisi köçürülüb yerləşdirilmişdi. 1877-1878-ci illər rus-türk müharibəsindən sonra keçmiş Azərbaycan xanlıqlarının ərazilərinə on minlərlə erməni köçürülmüşdü. Bu mərhələdə tarixdə ilk dəfə olaraq indiki Ermənistan ərazisində ermənilər sayca azərbaycanlıları üstələməyə başladılar.
II mərhələ. Bunu "səssiz soyqırımı" mərhələsi də adlandırmaq olar. XIX əsrin 90-cı illərində Türkiyədə baş verən erməni üsyanları nəticəsində 300 minə yaxın erməni Qafqaza köçüb gəlmiş, region qan çanağına dönmüşdü. "Daşnaksütyun" və "Hnçak" partiyaları XX əsrin ilk illərində öz proqramlarında dəyişiklik edərək, fəaliyyətlərinin ağırlıq mərkəzini Türkiyə ərazisindən Cənubi Qafqaza keçirmişdilər.
Çar Rusiyasının hakim dairələrinin ermənipərəst mövqeyindən istifadə edən ermənilər Cənubi Qafqazda yeni erməni dövlətinin əsasını qoymaq üçün 1905-1906-cı illərdə azərbaycanlıların yaşadıqları ərazilərdə silah gücünə etnik təmizləmə siyasəti həyata keçirməyə başladılar. Ümumiyyətlə, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 8 şəhərində (Bakı, İrəvan, Naxçıvan, Gümrü, Şuşa, Gəncə, Qazax, Tiflis) kütləvi qırğınlar törətmişlər. 1905-1906-cı illər qırğınları zamanı Cənubi Qafqazda 286 kənd viran edilmiş və 8 şəhər dağıntılara məruz qalmışdır. Hesablamalarımıza görə, dağıdılan kənd və şəhərlərin təqribən 200-ü azərbaycanlı yaşayış məntəqələrinin payına düşür. Həmin illərdə ermənilərin yeni ərazilər əldə etmək niyyətlərini silahlı müdaxilə yolu ilə həyata keçirmələri nəticəsində Cənubi Qafqazın 14 qəzasında 1,3 milyon nəfər bir-birinə düşmən kəsilərək iki cəbhəyə bölünmüşdü. 15 mindən artıq ailə (təqribən 100 min nəfər) ev-eşiyindən didərgin düşmüşdür. İnsan tələfatı 10 min nəfərdən artıq olmuşdur. Dağıntılara məruz qoyulan azərbaycanlı yaşayış məntəqələrinin bir qismi həmin vaxtdan etibarən xarabalığa çevrilmişdir. Sırf ermənilərdən ibarət anklavlar məhz o zaman yaranmışdı.
1905-1906-cı illərdə ermənilərin törətdikləri qırğınlar XIX-XX əsrlərdə azərbaycanlıların məruz qoyulduqları soyqırımı və deportasiyalar silsiləsinin bir mərhələsidir. Bu qırğınlar ermənilərin Cənubi Qafqazda özlərinə dövlət qurmaq üçün yeni torpaqlar əldə etmək məqsədilə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi və ilk mərhələsi hesab edilir.
III mərhələ. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri və o dövrdə "milli qırğınlar" kimi tarixə düşən cinayətləri "soyqırımı" kimi xarakterizə edilir. Çünki həmin qırğınlar müstəqil Ermənistan dövlətinin yeritdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin nəticəsi idi.
Rusiyada 1917-ci il noyabr çevrilişindən sonra rus qoşunlarının tərkibində Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri əllərində silah Cənubi Qafqaza qayıdırdılar. Üstəlik, ermənilərin "Qərbi Ermənistan" adlandırdıqları Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260 minə yaxın erməni qaçqını da Cənubi Qafqaza gəlmiş, əsasən İrəvan quberniyasında özlərinə sığınacaq tapmışdı. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi - üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırımına məruz qoymuşdu. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən ermənilərin məqsədi İrəvan quberniyası ərazisində "türksüz Ermənistan" dövləti yaratmaqdan ibarət idi.
1918-ci ilin mart ayından etibarən Bakı Kommunasının daşnak-bolşevik silahlı qüvvələri tərəfindən əks-inqilabçılarla mübarizə pərdəsi altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilmişdi. Martın 30-u, 31-i və aprelin 1-də bolşevik qiyafəsinə bürünən ermənilər Rusiyanın hərbi yardımı ilə Bakıda soyqırımı törədərək 15 min müsəlmanı qətlə yetirmişdilər. Məqsəd Bakını ələ keçirməkdən, onun neft sərvətinə sahib çıxmaqdan ibarət idi. Həmin ilin mart-aprel-may aylarında ermənilər Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətmiş, 50 mindən artıq soydaşımızı ən vəhşi üsullarla qətlə yetirmişdilər. Həmin vaxt yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdi.
1918-ci ilin əvvəllərindən etibarən erməni silahlı dəstələri Cənubi Azərbaycanda da qırğınlar törətmişdilər. Ermənilərin törətdiyi qırğınlar zamanı Səlmas, Xoy və Urmiyə xarabalığa çevrilmiş, 130 min azərbaycanlı qətlə yetirilmişdi.
1918-ci il mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilmiş, mayın 29-da Müsəlman Milli Şurasının iclasında Azərbaycana qarşı ərazi iddiası irəli sürməmək şərtilə İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul olunmuşdur.
Həmin il iyunun 4-də Osmanlı dövləti ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında imzalanan müqaviləyə əsasən, Ermənistan Respublikasının ərazisi təqribən 9 min kvadratmetr, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdü, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə, Basarkeçər bölgəsi istisna olmaqla Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. Batum müqaviləsinin imzalanmasından sonra İrəvan quberniyası ərazisində ev-eşiyindən didərgin düşən müsəlman qaçqınlar tədricən öz yurdlarına qayıtmağa başlamışdılar.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra, 1918-ci ilin mart hadisələrinin tədqiqi məqsədilə Nazirlər Şurası iyulun 15-də bu faciənin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxı və Quba qəzalarında, Qarabağ və Zəngəzur ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci il mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.
1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən, türk qoşunlarının Cənubi Qafqazdan geri çəkilməsindən sonra ermənilərin İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı kütləvi qarət-qırğınlarının ikinci mərhələsi başlanmışdır.
Ermənistan hökuməti Zəngəzuru azərbaycanlılardan tamamilə təmizləməklə, Paris Sülh Konfransını fakt qarşısında qoymaq, daha sonra da Qarabağı və Naxçıvanı ələ keçirməklə daşnak parlamentinin 28 may 1919-cu il tarixli "Birləşmiş Ermənistan" yaradılması haqqında qərarını reallaşdırmaq niyyətində idi.
Erməni silahlı dəstələri 1918-1920-ci illərdə Şamaxı qəzasında 106, Quba qəzasında 167, Gəncə quberniyasında 272 (o cümlədən Zəngəzurda 166, Qarabağda 157), İrəvan quberniyasında 300, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır.
Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 130 kənd erməni silahlı dəstələri tərəfindən dağıdıldıqdan sonra həmişəlik olaraq xarabalığa çevrilmişdir. 1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmi 12 min nəfər azərbaycanlı qalmışdı.
Yalnız 80 ildən sonra, ermənilərin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalamış və bütün soyqırımı faciələrini yad etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
IV mərhələ. Tarixə azərbaycanlıların 1948-1953-cü illər deportasiyası kimi yazılsa da, əslində, bu, sözün həqiqi mənasında sürgün idi.
Sovet Ermənistanında 1930-cu illərdə 50 mindən artıq azərbaycanlı repressiyaya məruz qoyulmuş, onların xeyli hissəsi Qazaxıstana və Orta Asiyaya sürgün edilmişdi. Bu aksiya icra edilən zaman heç bir müqavimətə rast gəlməyən Ermənistan rəhbərləri 1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərində daha bir aksiyanın - azərbaycanlıların deportasiyası aksiyasının həyata keçirilməsinə nail oldular.
İkinci Dünya müharibəsinin sonlarında SSRİ Türkiyəyə qarşı ərazi iddiası irəli sürmüşdü. Ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin hücum etmək planları üst-üstə düşürdü. İ.Stalin Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars və Ərdahan vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Lakin SSRİ-nin Türkiyədən qoparmaq istədiyi əraziləri məskunlaşdırmaq problemi qarşıya çıxmışdı. Bu məsələni xaricdən Ermənistan ərazisinə ermənilərin köçürülüb gətirilməsi yolu ilə həll etmək istəyirdilər.
1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə "Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında" qərar qəbul etdi.
Artıq 1946-cı ilin əvvəlində 130 min erməni xaricdən Ermənistana köçmək arzusunda olduğunu bildirmişdi. 1945-ci ilin sonu, 1946-cı ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi Q.Arutyunov xaricdən ermənilərin kütləvi repatriasiyasını əsas götürərək, Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini Moskva qarşısında qaldırmışdı. Mir Cəfər Bağırov ermənilərin bu iddiasına cavab olaraq Moskvaya bildirmişdi ki, o, Şuşa istisna olmaqla, Arutyunovun tələbi ilə o şərtlə razıdır ki, Ermənistanın Əzizbəyov, Vedi, Qarabağlar rayonları Azərbaycana birləşdirilsin. Bundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi ciddiləşmişdi. Təkcə 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 50,9 min nəfər, 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İran və Livandan 35,4 min nəfər erməni qəbul edilib Ermənistanda yerləşdirilmişdi. Ümumiyyətlə, 1946-1948-ci illərdə xaricdən Ermənistana təqribən 100 min erməni köçürülmüşdü.
1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar qəbul etmişdir. Həmin qərarla Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdu. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Bu qərarın icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları zorakı üsullarla həyata keçirilmiş, 24 rayondakı 200-dən artıq yaşayış məntəqəsindən və İrəvan şəhərindən təqribən 100 min nəfər azərbaycanlı öz tarixi-etnik torpaqlarından deportasiya edilmişdir.
SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə fürsət verdi ki, İrəvan şəhəri ətrafında və Ermənistanın İran və Türkiyə ilə sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələrinin əksəriyyətini yer-yurdlarından deportasiya etmək yolu ilə birdəfəlik xəritədən silə bilsin.
V mərhələ. Bu mərhələni Ermənistandan azərbaycanlıların etnik təmizlənməsinin başa çatdırılmasıvə "Türksüz Ermənistan" mərhələsi adlandırmaq olar.
Ermənistanda antitürk, antimüsəlman təbliğatı 60-cı illərin ortalarında yenidən var gücü ilə işə salınmışdı. Uydurma "erməni soyqırımı"nın 50 illiyinin qeyd olunması haqqında qərarın qəbul edilməsi erməni şovinizmini daha da qızışdırmışdı. Mixail Qorbaçov 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi seçiləndən sonra Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi pərdəsi altında Azərbaycana qarşı anneksiya planı işlənib hazırlanmışdı. Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə məqsədilə Azərbaycana qarşı anneksiya planının həyata keçirilməsinə maneçilik törədə biləcək yeganə şəxs - Heydər Əliyev 1987-ci ilin oktyabrında erməni lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini vəzifəsindən uzaqlaşdırıldı.
1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin yalnız erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra, Ermənistanın millətçi rəhbərləri "Daşnaksütyun" partiyasının "Türksüz Ermənistan" proqramını həyata keçirməyə başladılar. 1988-ci il fevralın 27-28-də Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra DTK-nın ssenarisi və erməni ekstremistlərinin bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi iğtişaşlar törədildi. Bundan sonra Ermənistandan azərbaycanlıların yeni qaçqınlıq dalğası başladı.
Rusiya tarixçisi Yuri Pompeev 1988-ci ilin payızında azərbaycanlıların Ermənistandan deportasiyasını belə təsvir edir: "Müdafiəsiz, silahsız azərbaycanlıları, adətən, çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər: "Lənətə gəlmiş türklər, rədd olun Ermənistandan!" Noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan keçirilən növbədənkənar sessiyası zamanı rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını başa çatdırsınlar. Deportasiya aksiyasını müəyyən olunmuş müddətdə başa çatdırmaq üçün Kalinino, Spitak, Quqark, Noyemberyan, Krasnoselsk, Vardenis, Yağeqnadzor, Əzizbəyov, Ararat, Masis, Sisian və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərmişdilər. Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi - Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd rayonundan, 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldu.
Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (deportasiyalarla, silah gücünə qovmaqla, soyqırımı törətməklə, kəndləri yandırıb xaraba qoymaqla və s.) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.
VI mərhələ. 1991-1994-cü illəri əhatə edən və Birinci Qarabağ müharibəsi adlanan bu mərhələnietnocid, culturocid və ecocid mərhələsi kimi xarakterizə etmək olar. Yəni, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində azərbaycanlılara qarşı kütləvi qırğınlarla müşayiət olunmaqla etnik təmizləmə, mədəniyyət abidələrinə qarşı vandalizm, təbiətə və təbii sərvətlərə qarşı məhvetmə və talançılıq siyasəti həyata keçirmişdir.
1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra bu ərazinin Moskvanın əli ilə Ermənistana birləşdirilməsinin mümkünsüzlüyünü dərk edən Ermənistan rəhbərliyi, öncə muxtar vilayətin ərazisində silahlı dəstələr yaradaraq onların vasitəsilə ərazi iddiasını gerçəkləşdirməyə çalışdı. 1989-cu il yanvarın 19-da DQMV-də Arkadi Volskinin rəhbərliyi altında yaradılan Xüsusi İdarə Komitəsi də ermənilərin ərazi iddialarının gerçəkləşdirilməsinə xidmət edirdi. 1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma "Dağlıq Qarabağ Respublikası" elan edilmişdi. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Bu vaxta qədər açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı açıq müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Azərbaycanın daxilində hakimiyyət uğrunda gedən mübarizə ermənilərə öz niyyətlərini silah gücünə reallaşdırmaq fürsəti verdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı mühasirədəki Xocalı şəhərində soyqırımı törətdi. Bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Nəticədə 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü.
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistanın əsassız ərazi iddiası nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. 20 min nəfər hərbi əməliyyatlar dövründə öldürülmüş, 50 min nəfər əlil olmuşdur.
1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 871 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılmışdır.
Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası 1993-cü ildə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etsə də, onun reallaşdırılması üçün konkret addımlar atılmadı.
1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə hərc-mərcliyə son qoyuldu, nizami ordu yaradıldı, 1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Azərbaycanın iqtisadiyyatını möhkəmləndirmək üçün neft müqavilələri imzalandı, onun beynəlxalq aləmdə mövqeyi gücləndi.
Lakin münaqişənin nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk qrupu 28 il ərzində heç bir konkret addım atmadı. Ermənistan status-kvonu saxlamaq üçün danışıqlar prosesini süni surətdə uzadırdı. Ermənistan xaricdən erməni ailələrini köçürüb işğal edilən ərazilərdə yerləşdirir, onun yeraltı və yerüstü sərvətlərini talayırdı. Prezident İlham Əliyev münaqişənin qan tökmədən, ərazimizin danışıqlar yolu ilə azad edilməsi üçün səbirlə danışıqlar aparırdı. Lakin havadarlarına arxalanan Ermənistan torpaqları azad etmək istəmirdi. Ermənilər eyforiya içərisində idilər, özlərini "məğlubedilməz" hesab edirdilər. Ermənistanın müdafiə naziri David Tonoyan yeni ərazilər uğrunda yeni müharibə ilə Azərbaycanı hədələyir, baş nazir Nikol Paşinyan "Qarabağ Ermənistandır. Nöqtə" deyirdi. Lakin ermənilər anlamırdılar ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dövlət isə zərgər dəqiqliyi ilə torpaqların işğaldan azad edilməsi üçün ciddi hazırlıq işləri görürdü. 220 ağrılı-acılı illərin sonu yetişirdi.
VII mərhələ. 2020-ci il sentyabrın 27-də tariximizin Zəfər mərhələsi başlandı. Bu mərhələni son iki əsrdə soyqırımlarına və deportasiyalara məruz qoyulan xalqdan qalib xalqa çevrilən mərhələ adlandırmaq olar. Ölkə iqtisadiyyatının gücləndirilməsi, ordunun müasir texnika ilə təchiz edilməsi, diplomatiya sahəsində qazanılan uğurlar Azərbaycan ordusunun Zəfər yürüşünə başlamasınazəmin yaratdı. Erməni təxribatına cavab olaraq başlanan əks-həmlə 44 gündə Zəfərlə başa çatdı. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. 1993-cü ildən bəri icra edilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələriniAzərbaycan özü yerinə yetirdi. Azərbaycan xalqı yenilməz və məğrur olduğunu bir daha dünyaya nümayiş etdirdi.
Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin müqəddəratını həll etdi. Noyabrın 10-da Ermənistanın baş naziri kapitulyasiya aktına imza atdı. Ermənistan təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü. Bundan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə atılmadan sahibinə qaytarıldı. Dekabrın 10-da qələbəmizin təmin edilməsində müstəsna köməyi olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda Zəfər paradı keçirildi. Ermənistan ordusunun qənimət kimi ələ keçirilmiş hərbi texnikası nümayiş etdirildi. Bu, 100 ildən artıq müddətdə özünü "qalib" və "məğlubedilməz" sayan ermənilərin Azərbaycan əsgəri tərəfindən diz çökdürülməsi idi. Bu, həm də erməni diasporunun və ermənilərin havadarlarının məğlub edilməsi demək idi.
Təqribən 30 ildir ki, bütün məclislərdə "Sən qalibsən, sən yenilməzsən, erməni əsgəri" səpkisində mahnı ifa edən ermənilər, indi matəm musiqiləri çaldırırlar.
15 iyun 2021-ci ildə Azad Şuşada imzalanan "Şuşa bəyannaməsi" Azərbaycanla Türkiyə arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasına xidmət edir. Bu bəyannamə Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıqdır.
Prezident, Ali Baş Komandan İlham Əliyev 2021-ci il sentyabrın 27-də xalqa müraciətində ermənilərə və onların havadarlarına ciddi mesaj ünvanladı: "Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin!".
Lakin hadisələrin gedişi göstərir ki, ermənilərfürsət düşən kimi, bu məğlubiyyətin əvəzini çıxmaq üçün hər cür fitnə-fəsada əl atacaq. Necə ki, Birinci Qarabağ müharibəsi dövründə ölkəmizdə baş verən hərc-mərclikdən, hakimiyyət uğrunda gedən daxili çəkişmələrin yaratdığı fürsətdən istifadə etdilər.
Hər zaman qəsdimizə duran ermənilərə bir daha fürsət verməmək üçün son iki yüz ildə xalqımızın başına gətirilən faciələri unutmamalı, onların miqyasını gələcək nəsillərə çatdırmalıyıq ki, tarix bir də təkrarlanmasın. Unutmamalı və unutdurmamalıyıq. Güclü, həmrəy və qalib olmalıyıq.

Rahib KƏRİMLİ,
AYB-nin və AJB-nin üzvü, "Qızıl qələm" Media mükafatı laureatı.



Oxunub: 192






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim