reklam
USD
9 ℃
EUR
BAKI

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

NƏŞR / 25.10.2022 03:46


Prezident "Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

 "Azərbaycan müdafiə naziri məruzə etdi ki, təmas xəttindəki mövqelərimiz və bir neçə yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Cavab atəşinin açılması ilə bağlı qərar verildi və biz bununla qaçılmaz olan müharibəyə girdik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Nasionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib. 

Onun sözlərinə görə, 44 günlük müharibə bu məlumatla başladı:

"Hadisələr çox sürətlə inkişaf etməyə başladı. Hərbi fəaliyyətlərin birinci günündə Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağın Ağdərə istiqamətindəki vacib strateji yüksəklikləri, eləcə də Füzuli rayonun dörd, Cəbrayıl rayonunun iki kəndini azad etdi. 

Biz həmçinin həmin gün düşmənin birinci müdafiə xəttini yarmağa nail olduq və bundan sonra 44 gün ərzində ancaq irəli getdik”.

Dövlət başçısı bildirib ki, müharibə vəziyyətində olan – bu münaqişə dondurulmuş olsa belə - ölkədə hərbi əməliyyatların aparılması planı, əlbəttə ki, çoxdan hazırlanırdı:

"Əlbəttə ki, Azərbaycanın yeni imkanları, yeni reallıqlar, o cümlədən texnoloji yeniliklər nəzərə alınaraq, həmin planda periodik olaraq dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər şəxsən mənim tərəfimdən təsdiq olunurdu. Bu, təbiidir. 

Mən bilirəm ki, erməni tərəfinin müharibə başlanacağı təqdirdə öz hərəkət planları vardı. Demək olar ki, Ermənistan onun reallaşdırılmasına 2020-ci il sentyabrın 27-də başladı.

Beləliklə, müharibə zamanı hərəkətlərimizin əsası, əlbəttə ki, bu tarixdən xeyli əvvəl hazırlanmışdır, lakin hərbi əməliyyatlar boyunca dəyişikliklər etdik. 

Bu, onunla əlaqəli idi ki, birincisi, illər ərzində hətta əhəmiyyətsiz informasiyanın sızıntısının qarşısını almaq belə mümkün deyildi. Biz belə qənaətə gəldik ki, düşmən bizim niyyətimizdən xəbərdardır. Hərbi əməliyyatlar zonası kifayət qədər dar idi və istənilən hərbi mütəxəssis əməliyyatların əsasən harada keçiriləcəyini müəyyən edə bilərdi. Buna görə biz demək olar ki, hər gün hərbi fəaliyyət planında dəyişikliklər edirdik”.

İlham Əliyev bildirib ki, hər gün o, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə iclaslar keçirirdi:

"Bu iclaslarda biz ötən günün nəticəsini hazırlayır, çatışmazlıqları göstərir, eləcə də növbəti gün üçün planı hazırlayır və təsdiqləyirdik. Buna görə də sutka boyu aktiv iş gedirdi və bir çox hallarda bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün gözlənilməz olurdu.

Əks-hücum əməliyyatının adına gəlincə, əlbəttə ki, hərbi əməliyyatların əvvəlində onun adı yox idi. "Dəmir yumruq” ifadəsini mən bir neçə dəfə şəhər və kəndlərin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına müraciətimdə istifadə etmişəm. Mən bir neçə dəfə demişəm ki, əgər düşmən işğal olunmuş ərazilərimizdən öz istəyi ilə getməsə, bizim dəmir yumruğumuz onun başını əzəcək. Bu fikirlərim cəmiyyət tərəfindən müsbət qarşılandı və mən əməliyyatın "Dəmir yumruq” adlandırılması qərarına gəldim. Ancaq bu, birdən deyil, hərbi əməliyyatların gedişində baş verdi”.

 

 Ermənistanın üzündəki Dəmir yumruq izi

Paşinyan "ağ bayrağı" nokauta düşəndən sonra imzaladı

 Azərbaycanda Ali Baş Komandan, Ordu, Xalq birliyi başlatdığımız haqq savaşını qələbə ilə sonlandırmağı təmin etdi.

Xalq arasında Qarabağın azad olunması ilə bağlı vacib bir konsensus var idi. Bu azadlığı uşaqdan böyüyə hər kəs istəyir, hər kəs arzulayırdı.

Bunun üçünsə yüksək hərbi hazırlıq önəmli şərt idi. Azərbaycanın bu şərti təmin etməsi və nəticədə ard-arda qazandığı qələbələr və nəhayət Şuşanın düşmən tapdağından xilas edilməsi müharibənin taleyində həlledici rol oynadı. Ermənistan öz məğlubiyyətini etiraf etdi və kapitulyasiya aktını imzaladı.

Ermənistanı kapitulyasiyaya məcbur edən əsas amillərdən biri də Azərbaycanın Türkiyə ilə birgə apardığı uğurlu informasiya savaşı idi. Bu savaş diplomatiya sahəsində də gedirdi. Azərbaycan hökuməti beynəlxalq tərəfdaşları ilə birgə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasını effektiv şəkildə təmin edir, bu işdə Azərbaycan diasporu da əlindən gələni əsirgəmirdi.

Ermənistan ağ bayrağı müharibənin gedişatına uyğun olaraq qaldırdı. Vəziyyət bunu tələb edirdi. Mülki vətəndaşları hədəf almaq isə təslimiyyətdən qurtulmaq üçün seçilmiş ən son və ən çirkin çarə idi. Nəticədə Ermənistan rəhbərliyi suyun boğaza çatdığını hiss edir. Bu artıq müharibə deyil, sağ qalmaq uğrunda mübarizə idi. Düşmən işğal etdiyi torpaqları itirməmək üçün yox, öz sərhədləri hüdudlarında var olmaq üçün təslimçilik aktını imzaladı. Çünki buna qədər Azərbaycan ordusu artıq 5 şəhər, 4 qəsəbə və 286 kəndi, onlarla strateji yüksəkliyi düşməndən təmizləmişdi. Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiya aktını imzalamasından sonra, Kəlbəcər, Ağdam və Laçın rayonlarını da Azərbaycana qaytarmağa məcbur oldu. Şuşanın azad olunması isə müharibənin həm coğrafi, həm də mənəvi zirvəsi idi. İndi o zirvədə Azərbaycan bayrağı dalğalanır.

 

 

44 gün sürən Vətən Müharibəsi (II Qarabağ müharibəsi)

Heydər ƏLİYEV"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!"

XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.

2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, "yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət "könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.

Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən, Ermənistan Respublikasının Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verilmişdir.

Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandığı, ölkənin, əhalinin və ərazinin, eləcə də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazır vəziyyətə gətirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir.
İlk gündən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir. Bu məqsədlə, 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərman imzalanmışdır. Fərmandan irəli gələrək Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılmışdır. Müvəqqəti komendantlıqların nəzdində də müvafiq dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılmış, vəzifələri müəyyən edilmişdir.
Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.

Belə ki, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur.

27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olmuşdur.

04, 05, 08, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilmişdir.

 

2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutmuşdur.

08 oktyabr, 03, 04 və 08 noyabr 2020-ci il tarixlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər «Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair» 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq geniş miqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin "Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram P-4 kimyəvi tərkibli (ağ fosfor) olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmiləri ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurmuş, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılmış və aparılmış, habelə terrorçuluq cinayəti törədilmişdir.

***

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 02.12.2020-ci il tarixli Sərəncamları ilə sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü, noyabrın 8-i Zəfər Günü kimi təsis edilmişdir.

***

Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalamışdır. 10 Noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Üçtərəfli Bəyanatda razılığın əldə olunmasına baxmayaraq, Ermənistan minalanmış xəritə və sxemləri təhvil verməkdən imtina edir. Bununla da, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini, Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolun 1-ci maddəsi və 4 saylı Protokolun 2 (1) və 3 (2) maddələrində müəyyən edilmiş təminatlar da daxil olmaqla, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozur.
Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə də mane olur. Xeyli müddətdir ərazilərin minalardan təmizlənməsinə baxmayaraq, mütəmadi olaraq baş verən mina partlamaları nəticəsində mülki vətəndaşların xəsarət almaları və həlak olma faktları artır.
10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olmuş, 36 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

  

"Dəmir yumruq” əməliyyatı tariximizin qızıl hərflərlə yazılmış parlaq səhifəsidir

27 sentyabr – böyük zəfərin başlanğıc günü!

Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Düz bir il öncə, sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatlatına başlayan Azərbaycan Ordusu 44 günlük zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Bu, "ildırımsürətli müharibə”lər sırasına düşməyə layiq olan bir qəhrəmanlıq nümunəsidir. Silahlı qüvvələrimiz öz şücaətləri ilə bəşəriyyətin hərb tarixində yeni səhifə açıblar. Dünyanın müxtəlif ölkələrini təmsil edən hərbçilərin, bu sahə üzrə mütəxəssislərin fikrincə, XXI əsrdə 5-ci nəsil silahlarla təchiz olunan ordumuz müasir müharibə aparmağın parlaq örnəyini ortaya qoyub.

İşğalın davam etdiyi 30 il ərzində Azərbaycan beynəlxalq aləmdə özünü münaqişənin sülh yolu ilə həllinə sadiq qa­lan bir dövlət kimi tanıtmışdı. Amma, təəssüf ki, bu məqsədlə yaradılan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar uzanır, BMT-nin məlum qətnamələri icra olunmur, Ermənistan isə bunu fürsət sayaraq daha da azğın­laşırdı. Düşmənin təcavüzü ara vermirdi. Nəhayət, səbri tükənən Azərbaycan ötən il sentyabrın 27-də növbəti təxribatlara ca­vab vermək məcburiyyətində qaldı. Müdafiə Nazirliyinin yay­dığı ilk rəsmi xəbərdə deyilirdi: "Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Or­dusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Şəxsi heyət və tank bölmələrimiz, raket-artille­riya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş apa­ratlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkarlayaraq məhv edirlər. Əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd "OSA” zenit-raket kompleksi məhv edilib”.

Həmin gün Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət ünvanladı: "Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən, ağır artile­riyadan istifadə edərək bizim yaşa­yış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuş­dur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq­dır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb”. Dövlətimizin başçısı bir daha tam qətiyyətlə bildirdi ki, Qarabağ Azərbaycandır və nida işarəsi! Ermənilər bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər. Çünki ordu­muz öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Düşmən ordusu bizim ərazilərdə nə gəzir? Cavab aydındır: Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalı­dır və son qoyulacaqdır. Möhtərəm Prezidentimizin fikirləri yanan ürəklərimizə su çilədi. Hər birimizi qisasın qiyamətə qalmayacağına inandırdı.

Sentyabrın 27-də eyni zaman­da cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası ke­çirildi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı oradakı çıxışında ermənilərin növbəti təxribatının səbəblərini açıqladı və ali hərbi komandan­lığın qarşındada duran konkret vəzifələrə diqqəti cəlb etdi.

Dərhal sonra nizami orduları­mız öz sözünü bilavasitə cəbhə xəttində, düşmənlə üzbəüz savaşda daha kəskin dedi. Biz də elliklə qələbəyə kökləndik. Qismən səfərbərlik elan olundu, amma buna baxmayaraq, on minlərlə könüllü döyüş bölgələrinə can atdı. O günlər bütün şəhər və rayonlarımızdakı hərbi çağırış məntəqələrinin qarşısında əsl qələbəlik hökm sürürdü, necə deyərlər, iynə atsaydın, yerə düşməzdi. Sarsılmaz Prezident– xalq - ordu birliyi sayəsində mübarizə ruhumuz, qələbə əzmimiz daha da gücləndi. Təmas xəttinin müxtəlif istiqamətlərində genişmiqyaslı zəfər yürüşünün da­vam etdiyi 44 gün ərzində mənfur erməni silahlı dəstələrinə ard-arda sarsıdıcı zərbələr endirildi. İşğal altında olan rayonlarımız, mü­hüm strateji yüksəkliklər, kənd və qəsəbələr düşməndən azad edildi. Ermənilərin – mərə kafirlərin illərcə qurduğu beton istehkamlar bu selin qarşısında qısa bir müddət də da­yana, tab gətirə bilmədi. Bilməzdi də. Əbəs yerə deyilməyib ki, el gücü – sel gücü!

Böyük qürur və fərəh duyğuları ilə xatırlayırıq ki, öncə qələbə müjdələri Füzu­li rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayo­nunun Böyük Mərcanlı, Nüzgar kəndlərindən, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklərdən gəldi. Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayılın, Füzulinin neçə-neçə kəndi hərbçilərimizin hünəri ilə geri qaytarıldı. Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur, Xırmancıq, Ağbulaq, Axullu kəndləri alındı. Oktyabrın 18-də ar­tıq Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı dalğalandı. Gözümüzü televiziya ekranlarından çəkmirdik. Hər gün bir yeni müjdə, bir yeni qələbə xəbəri eşitməyə adət eləmişdik. Cənab İlham Əliyevin xalqa hər müraciəti ilə bir rayonun, bir böyük ərazinin qarı düşməndən təmizləndiyi qalibanə şəkildə bəyan olunurdu. Tezliklə növbə Qubadlıya, Xocalıya, Laçına çatdı. Vətən deyib irəli atılan, ölü­mün gözünə dik baxan igidlərimiz addım-addım yürüdülər, əzəli-əbədi torpaqlarımızı qarış-qarış, yamac-yamac, kənd-kənd azad etdilər.

Ermənilərsə özlərinin uydur­duqları "yenilməz ordu” mifindən xumarlanmış başları zərbə görən kimi silah-sursatı və hərbi tex­nikanı – tankları, topları, raket qurğularını döyüş meydanındaca atıb qaçırdılar. (İndi bunların bir qismi Bakıdakı Hərbi Qənimətlər Parkının eksponatları kimi nümayiş etdirilir). Oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı, noyabrın 8-də Şuşa çoxdan gözlədiyi azadlığına qovuş­du. Rayon mərkəzləri ilə bərabər, 4 qəsəbə və 286 kənd işğalçıdan təmizləndi. Hərbi libasını bir gün belə dəyişməyən Ali Baş Koman­danımız bu şəhərlərin hər birində üçrəngli Azərbaycan bayrağını qaldırdı, xalqa gözaydınlığı verdi. Müqəddəs ata vəsiyyətinə əməl etdiyini sonsuz iftixarla dilə gətirdi.

Bu, hərbi müstəvidə əldə olunan qələbə idi. Sonra biz siyasi müstəvidə qələbə qazandıq. Ordusunun darmadağın edildiyini, belinin sındırıldığını görən düşmən kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Bunun ardınca noyabrın 15-də Kəlbəcər, 20-də Ağdam, dekabrin 1-də isə Laçın Azərbaycana döyüşsüz təhvil verildi.

Müharibə zamanı Azərbaycan humanizm prinsiplərinə, silahlı münaqişələrlə bağlı yazılmamış qanunlara lazımınca əməl etdi. Nə dinc əhalini atəşə tutdu, nə də gö­türdüyü əsirlərə fiziki iztirablar ver­di. Bir dəfə də erməni sakinlərinin qaldığı Xankəndini və digər yaşa­yış məntəqələrini hədəf seçmədi. Amma qarşı tərəf dəfələrlə Gəncəni, Tərtəri, Bərdəni, Ağdamı, Ağcabədini və təmas xəttindən uzaq olan digər rayonları raket atəşlərinə tutdu, nə qədər dinc sakinin qətlinə bais oldu. 44 günlük savaşda təkcə Tərtərin 40 yaşayış məntəqəsinə 21 raket, 16 mindən çox artilleriya mərmisi atıldı. Gəncə beş dəfə bombalandı. Düşmən hətta Mingəçevirə, Xızıya, başqa uzaq ünvanlara belə raket atmaq­dan çəkinmədi. Buraya Kəlbəcər və Laçın boşaldılan zaman bu rayonların müvəqqəti sakinlərinin evləri, məscidləri, yandırmalarını, təsərrüfatları bərbad günə qoy­malarını, təbiətə divan tutmalarını, həmçinin Qarabağ torpaqlarında addımbaşı mina basdırmalarını və müvafiq xəritələri vermədiklərini, Ağdamı Qafqazın Xirosimasına çevirmələrini də əlavə etsək, bizim sırf faşist xislətli qaniçən bir düşmənlə mübarizə apardığımız bir daha göz önündə canlanar. Nə yaxşı ki, xalqımızın və ordumuzun sarsılmaz vəhdəti dəmir yumruğa çevrilərək məkrli düşməni darma­dağın elədi. Məhz bu amillər ötən il sentyabrın 27-də başlanmış İkinci Qarabağ müharibəsinin ümum­dünya tarixi əhəmiyyət daşımasına dəlalət edir.

Bütün Vətən müharibəsi boyun­ca dost ölkələr, xüsusilə də qardaş Türkiyə və Pakistan bizə mənəvi dayaq oldular. Dünya yaxşı bilirdi ki, biz haqq yolundayıq, işimiz haqq işidir. Buna görə də zəfər çalacağıq. Doğrudur, ordumuzun arsenalında olan müasir silahlar, xüsusilə də müharibə günlərində "Qarabağ səmasının qartalı” adlandırılan, erməni hədəflərini məhv edən "Bayraqtar TB2” PUA-ları qələbədə mühüm rol oynadı. Azərbaycanın pilotsuz uçuş aparat­larının erməni hədəflərini necə vur­duğunu göstərən videogörüntülər münaqişədə üstünlüyün vizual rəmzlərindən birinə çevrildi. Azərbaycan Müdafiə Nazirliyi kəşfiyyatçı pilotsuz təyyarələrin çəkdiyi düşmən mövqelərini, pilotsuz aparatların kameraları ilə obyektivə alınan videoları və ya "kamikadze dronları" tərəfindən ötürülən kadrları yayımladıqca, bu dronların hədəfi atəş açma­dan, ona çırpılmaq yolu ilə məhv etdiyini göstərən səhnələri nüma­yiş etdirdikcə modern təchizat və döyüş üsullarının həlledici amil olduğunu hamı görürdü.

Amma yenə də əsas güc əsgər, gizir və zabitlərimizin üzərinə düşürdü. Cavan canları­na qıyaraq vətən naminə misilsiz rəşadətlər göstərən şəhidlərimiz, qazilərimiz zəfəri, ilk növbədə, özlərinin qızırğalanmadıqları qızıl qanları ilə qazandılar. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, rəşadətli ordumuzun fədakarlığı, xalqımızın qeyrəti sayəsində buna nail olduq. İstər-istəməz burada türk dünyasının böyük şairi Tofiq Fikrətin "Millət şərqisi”ndən ölməz misraları yada düşür: "Zülmün topu var, gülləsi var, qələsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır”.

Yeri gəlmişkən, Vətən müharibəsi başlanan andan qələm sahiblərimiz də söz cəbhəsində düşmənə qarşı müqəddəs mübarizəyə atılıblar. İkinci Dünya müharibəsi zamanı "Bilsin ana torpaq, eşitsin vətən, müsəlləh əsgərəm mən də bu gündən!”,  - deyən unudulmaz xalq şairimiz Səməd Vurğunun xələfləri öz poetik hayqırtıları ilə əsgərlərimizin döyüş ruhunu artırıb, xalqımızın inamına inam qatıblar.

Budur, tanınmış şair dostum, filologiya elmləri doktoru Rafiq Yusifoğlunun "Zəfər dastanı” kitabı qarşımdadır. Döyüş və hünər salnaməsi qədər sanballı olan bu kitabda şairin qələbə ilə nəticələnən 44 günlük müharibə boyu şərəf olaylarını isti izlərlə yazdığı silsilə əsərləri toplanıb. Bütövlükdə şeirlər bədii məna tu­tumu, incə detalları, təsvir və ifadə vasitələrinin orijinallığı ilə diqqəti cəlb edir. Məsələn, "Qələbəyə gedən yol” silsiləsində erməni vandallarının dağıdıb viran qoy­duğu kəndlərlə bağlı bir şeirində müəllif deyir ki, sanki təbiət kimsəsiz həyətləri boş qoymayıb və düz evlərin ortasında ağaclar bitirib. Başqa bir şeirində o, yazır: "Qarabağ savaşı zəfər bayrağımızı düşmənlərin gözünə sancılan biz elədi, on milyon «mən»i birləşdirib «biz» elədi”... Kitabda bu cür ob­razlı yanaşmalar yetərincədir. Digər yazarlarımızda da belə poetik örnəklər az deyil.

Daha bir qürurverici amil də odur ki, sentyabrın 27-dən başlayaraq Bakıda, Sumqa­yıtda, Gəncədə, Naxçıvanda, Lənkəranda... – bütün ölkədə Azərbaycan, Türkiyə, həmçinin Pakistan və İsrail bayraqları da küçələrə, meydanlara çıxmışdı. Hər tərəf bayraqlarla bəzədilmiş, süslənmişdi. Qüllələrə, eyvanla­ra, pəncərələrə, avtomobillərin üzərinə, göydələnlərin ən uca nöqtələrinə, işıq dirəklərinə bərkidilərək dalğalanan həmin ipəyin, qumaşın arasında sanki küləklər də sehirlənmişdi. Məşəl kimi şölələnən bayraqlar qələbə əzmimizin, döyüş ruhumuzun, bir­lik, bərabərlik amalımızın rəmzi idi. İlahi, xalqın, millətin bayraq sevgisi necə də uca olarmış!

Artıq İkinci Qarabağ savaşının başlanmasından düz bir il ötür. 44 günlük zəfər yürüşü ilə ərazi bütövlüyümüzün təmin olunduğu həmin dövr tarix kitablarında qeyd ediləcək, gələcək nəsillərə nümunə göstəriləcək. Üstündən qaçqın və məcburi köçkün adı götürülən, artıq bu il öz rayonlarının işğal günlərini kədərlə qeyd etməyən soydaşları­mız azad dədə-baba yurdlarına qa­yıtmağa hazırlaşırlar. İndi işğaldan azad edilmiş ərazilərdə genişmiq­yaslı bərpa-quruculuq işləri görülür. Həsrətin sona çatmasına az qalıb. Azəbaycan kənardan heç bir kömək almadan Qarabağın əvvəlki həyatını özünə qaytarmaqdadır. Şuşada Türkiyə–Azərbaycan Birgə Bəyannaməsi imzalanıb. "Xarıbül­bül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Ötən həftə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festi­valı böyük uğurla davam edib.

Bizi qarşıda hələ nə qədər belə unudulmaz, gözəl hadisələr, el bayramları gözləyir. Bütün bunların özəyində, məhvərində isə, heç şübhəsiz, ötən ilin 27 sentyabr günü başlanan Vətən müharibəsinin gətirdiyi tarixi zəfər dayanır.


Rahib KƏRİMLİ,

"Ad günü" jurnalının və "carciTV"nin Baş redaktoru,

AYB-nin və AJB-nin üzvü, "Qızıl Qələm" Media mükafatı laureatı.



Oxunub: 518






SON XƏBƏRLƏR

2024-12-02

13:04 İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı

Product image

12:58 Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib

Product image

11:11 Sumqayıt şəhərinin 75 yaşı tamam olur SUMQAYIT FOTOLARDA

Product image

2024-11-30

00:40 Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib VİDEO

Product image

2024-11-28

03:06 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq

Product image

02:52 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib VİDEO

Product image

01:51 Azərbaycanda bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək

Product image

2024-11-21

03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar

Product image

02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ

Product image

02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Product image

2024-11-14

13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim