PREZİDENT İLHAM ƏLİYEV QARABAĞI
VƏ ŞƏRQİ ZƏNGƏZURU YENİDƏN YARADIR
Azərbaycan işğaldan azad etdiyi Qarabağı və Şərqi Zəngəzuru cəmi iki il ərzində möcüzələr diyarına çevirib. Cəmi iki il əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan bu ərazilər indi meqalayihələrin gerçəkləşdirildiyi, nəhəng layihələrin reallaşdırıldığı unikal məkana dönüb.
30 illik işğal dövründə mənfur düşmənin xaraba qoyduğu torpaqlarımıza yeni nəfəs verilib, vəhşicəsinə viran etdiyi təbiəti yenidən canlanmağa başlayıb.
Azərbaycan xalqı 44 günlük müharibədə milli ideyası olan ərazilərinin bütövlüyü uğrunda "dəmir yumruğ"a çevrilərək işğalçıya qalib gəldi, haqq və ədaləti bərpa etdi.
Hazırda isə daha bir milli ideya ətrafında "dəmir yumruğ"a çevrilib, Qarabağı və Şərqi Zəngəzuru başdan yaradaraq tezliklə bütün keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına möhtəşəm qayıdışına hazırlaşır.
Parlaq Zəfərimizin müzəffər komandanı İlham Əliyevin dünyaya bəyan etdiyi kimi: "...Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq".
Bu ərazilər gələcəkdə Azərbaycan iqtisadiyyatı üçün aparıcı qüvvə olacaq. Qısa müddət ərzində böyük səmərə və yüksək keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazinin yenidən qurulması, Qarabağda və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlər üçün daha yaxşı şərait yaradılması və onların əzəli yurdlarına qaytarılması Azərbaycan dövlətinin, birbaşa Prezident İlham Əliyevin gündəliyində duran əsas prioritetdir.
Bu il oktyabrın 5-də Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda ölkə rəhbəri İlham Əliyev özü də bu barədə söylədi ki, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır.
Torpaqlarımız işğaldan azad ediləndən dərhal sonra həmin ərazilərdə aparılan sürətli quruculuq və bərpa işləri də dövlət başçısının bu məsələyə müstəsna diqqətinin əyani təzahürüdür.
30 il ərzində erməni vandallarının dağıtdığı, daşı daş üstündə qoymadığı yurdlarımız sürətlə dirçəldilir. Yollar çəkilir, tunellər inşa olunur, hərtərəfli infrastruktur qurulur. Artıq Qarabağda və Şərqi Zəngəzurda tikintisinə start verilən üç beynəlxalq hava limanından ikisi - Füzuli və Zəngilan hava limanları istifadəyə verilib, üçüncü - Laçın hava limanının isə 2025-ci ildə açılışı planlaşdırılır.
Bu bölgələrdəki şəhərlərimizin yeni təməlləri atılır, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası həyata keçirilir. Mənfur düşmənin vəhşicəsinə divan tutduğu tarixi, dini, mədəni abidələrimiz bərpa olunur.
Qarabağ və Şərqi Zəngəzurda yeni həyat üçün qurulan bu möhtəşəm işlər dövlət başçısı İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birgə həmin bölgələrə səfərləri zamanı daha aydın göz önünə sərilir.
Vətən müharibəsindən ötən iki il ərzində dəfələrlə işğaldan azad edilən torpaqlara səfər edən ölkə rəhbəri Qarabağda və Şərqi Zəngəzurda öz əlləri ilə möhkəm təməllər atıb, şəhərlərimizin baş planlarını təsdiq edib.
Təkcə ötən il Şərqi Zəngəzura və Qarabağa 32 dəfə səfər edən İlham Əliyev cari ildə də bu möhtəşəm ənənəsini davam etdirib və demək olar ki, işğaldan azad edilən əraziləri başdan-başa gəzib, bu bölgələrimizdə reallaşdırılan işlərlə tanış olub, yeni-yeni layihələrin əsasını qoyub.
Ümumiyyətlə, bu yerlərdə layiqli həyatın təmini üçün mühüm işlər görülür, gələcək perspektivlərə hesablanmış yatırımlar qoyulur. Bu işlərin sayəsində keçmiş məcburi köçkünlərimiz yurdlarına qovuşdurulacaq, eyni zamanda gələcəkdə bu yerlər Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaq.
Artıq işğaldan azad edilən şəhərlərimizin baş planları təsdiqlənib, qədim şəhərlərimizin yeni təməlləri atılıb.
Ötən il mayın 28-də - Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən Qarabağ bölgəsinin ilk təməl daşı Ağdamda qoyulub.
İlk olaraq, erməni vandallarının "Qafqazın Xirosiması"na çevirdiyi bu qədim Azərbaycan şəhərinin yeni təməlinin atılmasının özü mənfur düşmənə, eləcə də ona havadarlıq edən qüvvələrə bir mesaj, Azərbaycan xalqının əzəli yurdlarına əbədi qayıdışının ismarışı idi. Həmçinin bu bir daha erməni vandallarından fərqli olaraq Azərbaycan xalqının qurucu xalq olduğunun dünyaya nümayişi idi.
Həmin vaxt Ağdamda 140 illik tarixə malik 1 saylı məktəbin, eyni zamanda gələcəkdə burada iş yerlərinin yaradılması üçün ərazisi təqribən 200 hektara yaxın olan Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu, "İmarət" kompleksinin bərpası ilə əlaqədar işlərə start verildi. İşğal və Zəfər muzeyləri konsepsiyası dövlət başçısına təqdim edildi, həmçinin şəhərin içində olacaq 125 hektarlıq böyük meşə sahəsinin bünövrəsi qoyuldu.
Bu il oktyabrın 4-də isə Ağdamın 3 kəndinin - Xıdırlı, Kəngərli və Sarıcalının uğurlu təməlləri atıldı. Ən geci iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaq.
İşğaldan azad edilmiş torpaqlar arasında ən genişmiqyaslı bərpa işləri Qarabağın döyünən ürəyi Şuşada aparılır. Hazırda Şuşada geniş quruculuq və bərpa işləri sürətlə davam edir. Qala şəhərimizdə həyata keçirilən kompleks işlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilir. Dövlət başçısı Şuşaya mütəmadi səfərlər edərək görülən işlərin gedişatı ilə yerindəcə tanış olur.
Mədəniyyət paytaxtımız Şuşanın da Baş planı təsdiqlənib. Şuşanın Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur. Baş plan hazırlanarkən şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulub. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Yaşayış massivində 25 binanın olacağı planlaşdırılır.
Ötən ilin aprelindən şəhərin bərpası Baş plan çərçivəsində sistemli şəkildə həyata keçirilir. Baş plana uyğun olaraq Şuşada yeni məktəb binasının, xəstəxananın, məscidin, beşulduzlu mehmanxananın, konfrans mərkəzinin, televiziya qülləsinin tikintisinə başlanılıb. Artıq Şuşada ilk yaşayış kompleksinin inşasına da start verilib və gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək və onlara evlərinin açarları təhvil veriləcək.
İlham Əliyev ötən il oktyabrın 17-də Füzuli şəhərinin bərpasının təməl daşını qoydu. Həmin vaxt rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçısı söylədi ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək.
Füzuli rayonunda çox qısa zaman ərzində, cəmi 8 aya inşa olunan Füzuli Beynəlxalq Hava Limanı isə azad edilən torpaqlarımızda reallaşdırılan möcüzəvi layihələrdən biri oldu. 2021-ci il oktyabrın 26-da Prezident İlham Əliyev və qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ən müasir səviyyədə inşa olunan Qarabağın "hava qapısı"nın - Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər.
2021-ci il oktyabrın 4-də, işğaldan azad edilən ilk şəhərimiz Cəbrayılın qürurlu bir ilində İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə şəhərin bərpasının təməl daşını qoydu.
O da vurğulanası fərəhli məqamdır ki, şanlı Aprel zəfəri sayəsində əldə etdiyimiz qələbədən sonra Böyük qayıdışımıza Cocuq Mərcanlı kəndinin timsalında məhz Cəbrayıldan başlamışıq.
Elə bu ayın 19-da və 20-də də bir daha Cəbrayılda olan İlham Əliyev burada bir sıra yeni obyektlərin açılışlarında iştirak etdi. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyran buraxdılar.
Həmçinin dövlət başçısı qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin təməlqoyma mərasimində iştirak etdi.
2022-ci ilin mayında Zəngilana səfər edən Prezident İlham Əliyev ayın 26-da şəhərin Baş planını təsdiq etdi. Layihəyə əsasən, Zəngilan şəhəri beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi inkişaf etdiriləcək.
Mayın 27-də isə 30 illik intizardan sonra, nəhayət, Vətən torpaqlarımıza qayıdışın başlanğıcı qoyuldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər və burada yaradılan şəraitlə tanış oldular.
Çox keçmədən 2022-ci il iyulun 19-da Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə start verildi və vaxtilə Ağalıdan zorla didərgin salınan soydaşlarımız vətənə əbədi yaşamağa döndülər.
Oktyabrın 20-də isə Zəngilanda daha bir möhtəşəm gün yaşandı. Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şərqi Zəngəzurun "hava qapısı"nın - Zəngilan Beynəlxalq Hava Limanının təntənəli açılışı gerçəkləşdirildi.
Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Kəlbəcərin bərpası, yenidən qurulması strategiyasına ötən il avqustun 16-da Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11.6 kilometrlik möhtəşəm tunelin təməlini atmaqla start verən Prezident İlham Əliyev bu nadir təbiətli bölgəmizdə bir daha söylədi ki, artıq Kəlbəcərin inkişafı ilə bağlı planlarımızı reallaşdırırıq.
Bu il iyunun 26-da Kəlbəcərə yenidən səfər edən İlham Əliyev Kəlbəcər şəhərinin Baş planı ilə tanış oldu, Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, "İstisu" sanatoriyasının təməlini qoydu.
Laçın rayonunda da böyük layihələr həyata keçirilir. Yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır, beynəlxalq hava limanı tikilir.
Dövlət başçısı Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında sərəncam da imzalayıb.
Bu il sentyabrın 22-də Laçın şəhərinə səfər edərək orada Azərbaycan bayrağını dalğalandıran Müzəffər Ali Baş Komandan İlham Əliyev "İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək" deyə laçınlıları müjdələyərək məlumat verdi ki, artıq buna hazırlıq işləri görülür: "Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək. Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik".
Artıq Qubadlı şəhərinin də Baş planı təsdiq olunub və şəhərdə yeni təməllər atılıb. Oktyabrın 19-da dövlət başçısı Qubadlıya səfər edərək İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub.
Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.
Qarabağ və Şərqi Zəngəzurun quruculuq və bərpası ilə bağlı gətirdiyimiz bəzi nümunələrdən də göründüyü kimi, iki il əvvəlin bu zamanlarında bir-bir azadlığına qovuşdurulan tarixi torpaqlarımız indi də quruculuq zəfərini yaşayır. Kəndlərimiz, şəhərlərimiz başdan yaradılır.
Rahib KƏRİMLİ,
"Ad günü" jurnalı və "carciTV.az" saytının baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" Media mükafatı laureatı.