Heydər Əliyevlə başlanan, İlham Əliyevlə davam edən siyasət
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilməsindən 40 il ötür. Heydər Əliyevin 1982-ci il noyabrın 22-də Kommunist partiyasının və ümumilikdə sovet dövlətinin siyasi kursunu müəyyənləşdirən ən ali orqanın üzvü seçilməsi, noyabrın 24-də isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi xalqımızın Ulu Öndərinin öz vətəninə uğurlu rəhbərliyinin məntiqi nəticəsi idi. Heydər Əliyevin sovet dövlətinin ali rəhbər strukturlarına irəli çəkilməsi həm də bütövlükdə Azərbaycanın, xalqımızın nailiyyəti idi.
1969-cu ildən Azərbaycana rəhbərlik edən Heydər Əliyevin bu vəzifədə həyata keçirdiyi tədbirlərin, apardığı islahatların nəticəsi olaraq əldə olunan uğurlar respublikamızın sovet dövrü tarixinin qızıl səhifələridir. Heydər Əliyev ilk gündən respublikamızın problemlərini, çətinliklərini düzgün və obyektiv şəkildə müəyyənləşdirməklə, onların aradan qaldırılması, həlli üçün böyük qətiyyət və prinsipiallıq nümayiş etdirirdi. Bütün bunların nəticəsi kimi hələ Ulu Öndərin fəaliyyətinin ilk vaxtlarından respublikaya vətənini və xalqını sevən bir şəxsin rəhbərlik etdiyi göz önündə idi.
Zəngin iqtisadi potensialına rəğmən, buna qədər ümumi məhsul istehsalına görə ittifaqın geridə qalmış respublikalarından olan, daha çox kənd təsərüfatı ilə tanınan Azərbaycan məhz Ulu Öndərin sayəsində ən qısa zamanda qabaqcıl sənaye respublikasına çevrilmişdi. Artıq 1980-ci ildə sənaye məhsulu istehsalının həcmi 1970-ci illə müqayisədə 2,9 dəfəyə qədər artmışdı. Sənayenin maşınqayırma sahəsində məhsul buraxılışının həcmi 5,3 dəfə artmışdı. Bu dövrdə kimya və neft-kimya sənayesində 3 dəfədən çox, yeyinti sənayesində 4 dəfədən çox artım qeydə alınmışdı. Bununla yanaşı, Ulu Öndərin həyata keçirdiyi tədbirlər aqrar sferada da məhsul artımı ilə müşayiət olunmuşdu. Belə ki, pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəzçilik, eləcə də heyvandarlıq məhsullarının istehsalı 1969-cü ilə nisbətən 1982-ci ildə 2,5 dəfədən çox artmışdı.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində neft sənayesi özünün yeni inkişaf dövrünə qədəm qoymuş, elektrik enerjisinin istehsalı əvvəlki dövrlərlə müqayisədə artmış, Sumqayıtda yeni kimya müəssisələri yaradılmışdı. Bu dövrdə respublikanın yol-nəqliyyat infrastrukturu da inkişaf etmiş, yeni avtomobil və dəmir yolu xətləri tikilib istifadəyə verilmişdi.
Bakının sürətli inkişafı da Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Məhz Ulu Öndərin vətən sevgisinin nəticəsi idi ki, Bakı şəhəri əhəmiyyətli dərəcədə böyümüş, yeni metrostansiyalar inşa olunmuş, paytaxtın mənzil fondu artmışdı. Ümumilikdə isə 1971-1982-ci illərdə respublikada 18 milyon 293 min kvadratmetr mənzil sahəsi tikilib istifadəyə verilmişdi. "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı", - deyə Ulu Öndər Heydər Əliyev o illər barədə danışarkən deyib.
Heydər Əliyevin Azərbaycana uğurlu rəhbərliyi nəticəsində respublikamızın uğurları SSRİ miqyasında nümunəyə çevrilmişdi. Bunun məntiqi nəticəsi kimi Heydər Əliyev 1982-ci il 22 noyabrda Sov. İKP MK-nın Siyasi Büro üzvü seçildi. Həm Siyasi Büroya seçilməsi, həm SSRİ kimi nəhəng bir dövlətin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi Heydər Əliyevin böyüklüyünün təcəssümü idi. Bütün bunlar Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafının təsdiqi idi. Heydər Əliyevin SSRİ rəhbərliyinə irəli çəkilməsi xəbəri Azərbaycanda da sevinclə qarşılanmış, bayram əhvali-ruhiyyəsi yaratmışdı. Əlbəttə ki, bir azərbaycanlının SSRİ-nin rəhbərliyində təmsil olunması qürurdoğuran hal idi.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi bir çox sahələr Heydər Əliyevin nəzarəti altında idi. Ulu Öndər SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edirdi. Məhz Heydər Əliyevin təcrübəsi, yüksək təşkilatçılıq qabiliyyəti nəticəsində həmin sahələrdə ittifaq üzrə yüksək göstəricilər əldə olunmuşdu. Ulu Öndərin xarici ölkələrə səfərləri, Moskvada xarici dövlətlərin rəsmiləri ilə keçirdiyi görüşlər isə SSRİ-nin xarici əlaqələrinin inkişafında böyük rol oynamışdı. Çünki Heydər Əliyevin şəxsində isə bütün dünya həm də Azərbaycanı və xalqımızı daha yaxından tanıdı.
Ümummilli Lider Heydər Əliyev Moskvada çalışdığı dövrdə də Azərbaycanın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşdı. Xalqa və doğma Vətənə bağlılığın nəticəsi idi ki, Ulu Öndər əlində olan bütün imkanlardan respublikamızın yüksəlişi üçün səmərəli şəkildə bəhrələndi. İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu. Bu mənada Heydər Əliyevin sovet dövlətinin ali rəhbərliyində təmsil olunması Azərbaycanın da qarşısında yeni uğurlar açmışdı.
Heydər Əliyevin qətiyyəti, vətənpərvərliyi nəticəsində ermənilərin Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin Ermənistana birləşdirilməsi ilə bağlı niyyətləri o dövrdə baş tutmamışdı. Hələ Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu Öndər Ermənistanın bütün iddalarının qarşısını almışdı. Moskvada işləyərkən də Heydər Əliyev Azərbaycanı layiqincə qorudu, ermənilərin iddialarının baş qaldırmasına imkan vermədi. Heydər Əliyevin 1987-ci ilin oktyabrında Siyasi Büronun və Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdikdən sonra ermənilər Azərbaycana qarşı açıq şəkildə ərazi iddialarını irəli sürdülər.
Heydər Əliyev uzaqgörən siyasi xadim, xalqının yanında olan böyük şəxsiyyət idi. Heydər Əliyev vəzifələrindən istefa verdikdən sonra da xalqının yanında oldu, sovet rəhbərliyinin Azərbaycana qarşı haqsızlıqlara, xalqımıza qarşı törətdiyi cinayətlərə görə etiraz səsini ucaltdı. Ulu Öndər öz dühası ilə xalqımızın milli-azadlıq mücadiləsini gücləndirdi, Azərbaycanı müstəqilliyə aparan yollarda tarixi xidmətlər göstərdi. Bu tarixi missiyanın davamı kimi Heydər Əliyev həm də müstəqilliyimizi qorudu, müasir Azərbaycan dövlətinin banisinə, xalqımızın Ümummilli Liderinə çevrildi.
Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki Prezident İlham Əliyev Azərbaycana bəxş etdiyi uğurlarla, qələbələrlə həm də Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirir, ideyalarının gerçəkləşməsini layiqincə təmin edir. Heydər Əliyevin təməllərini yaratdığı inkişaf İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə və uğurla davam edir. Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşaması məhz bu inkişafın təntənəsidir.
Azərbaycanın bütün parametrlər üzrə ən qüdrətli dövrünü yaşaması əsas tarixi reallıqlardan biridir. Təsadüfi deyil ki, bu gün ölkəmiz dünyada Qafqazın lideri, torpaqlarını güc yolu ilə azad edən qalib dövlət, özünün müstəqil və qətiyyətli siyasəti olan, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilən, qlobal sülhə mühüm töhfələr verən ölkə kimi tanınır. Və bütün bu həqiqətlər zəncirvari şəkildə birləşərək tarixin ən güclü Azərbaycanını dünyaya bəyan edir.
Bu gün tariximizin qürurverici dönəmindən ötən dövrə nəzər salanda Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra hansı dolanbaclardan, hansı maneələrdən keçdiyini daha aydın görürük. Bir daha qətiləşdiririk ki, əgər Heydər Əliyev olmasaydı, onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası siyasi arenaya daxil olmasaydı, Ulu Öndər 1993-cü ilin ağır günlərində hakimiyyət sükanının arxasına keçməsəydi, bugünkü güclü Azərbaycan barəsində qürurla bəhs edə bilməzdik.
Tarixi elə müstəqil Azərbaycanın tarixi ilə bərabər olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxışı zamanı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bu məqamlar üzərində xüsusilə dayandı. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi: "Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi".
Müstəqilliyimizin qorunması, dövlətçiliyimizin yaşadılması üçün ziyalıların Heydər Əliyevə müraciət etmələri təsadüfi deyildi. Çünki Azərbaycan cəmiyyəti buna qədər Ulu Öndərdən Vətən və xalq sevgisi görmüşdü. Heydər Əliyev istər Azərbaycana sovet dövündə rəhbərliyi zamanı, istərsə də SSRİ rəhbərliyində təmsil olunduğu illərdə ölkəmizin inkişafı üçün əlindən gələni etmişdi. Məhz Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan o dövrdə tarixinin ən böyük iqtisadi yüksəlişinə nail olmuşdu. Cəmiyyət həyatının bütün sahələrində yüksək göstəricilər əldə olunmuş, şəhərdən tutmuş ucqar kəndlərə qədər Azərbaycanın siması dəyişmiş, inkişaf etmiş, insanların sosial rifahı yüksəlmişdi. Daha sonra Ulu Öndər öz siyasi təcrübəsi ilə milli azadlıq mücadiləsinin güclənməsinə layiqli töhfələr vermiş, Naxçıvanı erməni işğalından qətiyyətlə qorumuşdu.
Buna görə də 1993-cü ilin ağır günlərində Azərbaycan xalqı ən doğru seçimini edərək Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Məhz Ulu Öndərin sayəsində Azərbaycan bütün təhlükələrdən xilas olaraq bugünkü uğurlara doğru istiqamət aldı. Heydər Əliyev müasir dövlətçiliyimizin əsaslarını yaratdı, hüquqi dövlət quruculuğunu reallaşdırdı, mütərəqqi islahatlar yolu ilə Azərbaycanı inkişaf yoluna çıxardı, dünya birliyinin ehtiram olunan üzvünə çevirdi.
Ötən 19 ildə Azərbaycan Ulu Öndərin yaratdığı möhkəm və sarsılmaz təməllər üzərində inkişaf edərək, tarixinin ən qüdrətli dövlətinə çevrilib. Bütün bunları təmin edən Prezident İlham Əliyevin rəhbərliyi ilə gedilən möhtəşəm inkişaf yolu müstəqillik tariximizin mühüm hadisəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin siyasi xətti davam və inkişaf etdirilərək güclü Azərbaycan dövləti quruldu: "Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır".
Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan dövləti bu gün regionda söz sahibi olan dövlətdir. Ölkəmiz həm də qlobal enerji təhlükəsizliyində aparıcı rol oynayır. Ən əsası, Azərbaycan dövləti malik olduğu enerji resursları ilə iqtisadi və sosial inkişafı sürətləndirdiyi kimi, özünün milli maraqlarını da qətiyyətlə təmin edir. Bu mənada Azərbaycan regionda öz sözünü deməklə yanaşı, qlobal miqyasda da ehtiramla qəbul olunan, prinsipial mövqeyi olan ölkədir.
Heydər Əliyevlə başlanan, İlham Əliyevlə davam etdirilən inkişaf siyasətinin mərkəzində dayanan əsas məsələlərdən biri torpaqlarımızın işğaldan azad edilməsi idi. Düzgün və qətiyyətli siyasət, Azərbaycanın yüksəlişi, beynəlxalq mövqelərini daha da möhkəmləndirməsi nəticə etibarilə torpaqlarımızın da işğaldan azad olunmasını təmin etdi. Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın tarixinin ən qüdrətli dövləti olmasının praktik təsdiqidir.
İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Ulu Öndərin etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Bu inkişaf hər bir azərbaycanlının qürur mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng bərpa və yenidənqurma işlərinin timsalında dünya bir daha Azərbaycanın qüdrətinə, iradəsinə şahidlik edir. Bütün bunlar bir daha təsdiq edir ki, bu siyasi kurs Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib.
Rahib KƏRİMLİ,
"Ad günü" jurnalı və "carciTV.az" saytının baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" Media mükafatı laureatı.