reklam
USD
9 ℃
EUR
BAKI

Böyük alim, fədakar elm və təhsil təşkilatçısı

NƏŞR / 17.01.2023 02:17

"carciTV" TƏQDİM EDİR

Böyük alim, fədakar elm və təhsil təşkilatçısı


Azərbaycanda elmə, təhsilə xüsusi önəm verilir. Hər bir ailədə övladı böyüdüb boya-başa çatdırmaq missiyasında əsas yeri ona kamil təhsil vermək arzusu dayanır. Bəlkə də bu səbəbdəndir ki, nüfuzlu adama "cənab", "senyor", "pan", "ağa" yox, məhz "müəllim" deyə müraciət edilir. Elmin, təhsilin xalq arasında belə yüksək nüfuza malik olmasının əsas səbəblərindən biri ölkəmizdə əsrlər boyu böyük alimlərin yetişməsi və onların cəmiyyətdə aparıcı qüvvəyə malik olması ilə bilavasitə bağlıdır. Bəhmənyardan, Nəsirəddin Tusidən, Mahmud Kaşqaridən başlayan möhtəşəm elm yolu XX əsrdə daha da genişlənmiş, şaxələnərək dünyanın müxtəlif diyarlarına yayılmış, xalqımızın mənafeyinə xidmət göstərən nurlu bir ziya məbədinə çevrilmişdir.

Bu estafetin şərəfli daşıyıcılarından biri də görkəmli alim və şəxsiyyət, gənc yaşlarından fitri istedadıyla tanınmış alimlərin diqqətini cəlb etmiş böyük ictimai-siyasi xadim və elm-təhsil təşkilatçısı akademik Arif Paşayevdir. Xalqımızın görkəmli ziyalısı, XX əsr Azərbaycan ədəbiyyatının və elminin böyük nümayəndəsi Mir Cəlal Paşayevin ailəsində dünyaya gələn Arif müəllim öz həyatını Azərbaycan elminə, yeni nəslin hərtərəfli şəxsiyyət kimi yetişməsinə həsr etmiş və həmin ocağın ən nəcib xüsusiyyətlərini - humanistliyi, həssaslığı, dərin analitik təfəkkürü, qayğıkeşliyi estafet kimi qəbul edərək ehtiramla yaşatmışdır.

Bütün şərəfli ömrü boyu böyük alimliklə bərabər, həm də zəngin mənəviyyata malik təvazökar ziyalı, nəcib keyfiyyətlərin vəhdətində bütöv şəxsiyyət, hamı tərəfindən sevilən bir insan olan akademik Arif Paşayev o dövr üçün xarakterik olmayan erkən yaşda - 30 yaşında namizədlik, təxminən 40 yaşlarında doktorluq dissertasiyaları müdafiə etməyi bacarmışdır. Elmin zirvələrinə aparan pillələr bir-birini əvəz etdikcə Arif müəllim SSRİ Elmlər Akademiyasının alimləri ilə birgə fizika elminin aktual problemlərinə dair tədqiqatlar aparıb, orijinal, proqram təminatlı eksperimental qurğular yaratmışdır.

Məhz istedadlı, kreativ, parlaq zəkaya malik, aydın vətəndaş-ziyalı mövqeyi ilə seçilən akademik Arif Paşayev fizika, texnika və aerokosmika elmlərinin inkişafı sahəsində xüsusi rol oynayan məktəblər yaratmış, cəmiyyətdə elmin, təhsilin təşkilində böyük xidmətlər göstərmiş görkəmli alim kimi tanınmışdır.

Akademik Arif Paşayev 30-dan artıq kitab və monoqrafiyanın, 400-dən çox elmi əsərin müəllifidir. Onun fizikanın müxtəlif sahələrinə həsr olunmuş 300-ə yaxın elmi əsəri xarici ölkələrin nüfuzlu elmi jurnallarında nəşr olunmuş, eyni zamanda, 60-dan çox ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış, əldə etdiyi elmi nəticələr ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuşdur.

Həyatının əsas mərhələsi milli aviasiyanın təşəkkülü və inkişafı ilə bağlı olan akademik 1996-cı ildən Milli Aviasiya Akademiyasına (MAA) rəhbərlik edərək bu sahədə də böyük xidmətlər göstərmiş, aviasiyamız üçün çox vacib olan milli kadrlar - təyyarəçilər, mühəndislər, ümumən 16 ixtisas üzrə mütəxəssislər yetişdirilməsinə nail olmuşdur.

Akademik Arif Paşayevin həyat bioqrafiyası olduqca çoxşaxəli və zəngindir. Onun keçdiyi yol məna və dəyəri ilə xüsusilə seçilir. O, hələ gənclik illərindən rahatlığını elmi axtarışlarda tapmış, elmə sevgisi dəniz qədər geniş olmuşdur. Yuxusuz gecələrin hesabına elmin həqiqət yolu öyrənildikcə şirinləşib, böyük arzuları həyatında reallıqlara çevrilmişdir. Bu məqamda dünyanın düşüncə sahiblərinin fikirlərini xatırlamaq yerinə düşərdi. Dahi Viktor Hüqo yazırdı: "Tərbiyə - nəfslə, təhsil - biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır", Onore de Balzak isə "Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır" - demişdir. Arif Paşayev aldığı tərbiyə nəticəsində həyatını elmdə və təhsildə görmüş, elmin çətin yollarında uğurlar qazanmaq üçün daim axtarışda olmuşdur.

Təbiət etibarı ilə təvazökar, sadə, eyni zamanda zəhmətsevər, məsuliyyətli insan olan Arif Paşayevi gənclik illərindən elmi titullar, dərəcələr o qədər də maraqlandırmırdı. Əsas niyyəti bütün həyatını elmə həsr etmək, öz sahəsinin əsl bilicisinə çevrilmək idi. Beləcə, Moskva Elektrotexnika Rabitə İnstitutundan başlanan tələbəlik həyatı Odessa Elektrotexnika Rabitə İnstitutunda davam etdi. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda fəaliyyətə başlayan gənc radiofizik seçdiyi elm sahəsində gedən prosesləri, dövrün inkişaf meyillərini diqqətlə izləyir, yarımkeçiricilər fizikasının elm və texnikanın bir çox sahələrinə sirayət etməsini aydın görürdü.

Məhz bu səbəbdən də həmin elmi istiqamətin perspektivlərini nəzərə alaraq yarımkeçirici cihazlar və yarımkeçiricilər fizikasını əsas tədqiqat sahəsi kimi müəyyənləşdirdi. Bu məqsədlə 1960-1964-cü illərdə Moskvadakı Dövlət Nadir Metallar İnstitutunun aspiranturasında təhsil aldı. 1965-ci ildə uğurla dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi oldu. Bundan sonra gənc alim bu sahə üzrə elmi mütəxəssislər sırasında material və məmulatların elektromaqnit nəzarət üsullarının yaradılması prosesində yaxından iştirak etməyə başladı.

Elmi axtarışlarını uğurla davam etdirən Arif Paşayev 1978-ci ildə müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru, alimlik dərəcəsinə layiq görüldü.

Əsl alimin iki ömrü olur, deyirlər. Bunlardan biri bütün insanlar kimi yaşadığı fiziki ömürdür. İkinci ömürsə, fiziki həyatından elmi-tədqiqat işlərinə ayırdığı illərdən ibarətdir. Arif Paşayevin də elektromaqnit nəzarət fizikasının və yarımkeçiricilərin parametrlərinin ölçülməsi metodlarının elmi əsaslarının inkişafı və tədqiqində yaşanmış alim ömrü 60 ildən çoxdur.

Alim fotoelastik mühitlərdə akustooptik qarşılıqlı təsirin xüsusiyyətlərini tədqiq edərək, bu effekti bir sıra radiofizika və radiotexnika məsələlərinin həllinə tətbiq etmişdir. Arif müəllimin elmi tədqiqatlara başladığı ilk illərdən irəli sürdüyü əsas prinsiplərdən biri də fundamental fizikanın texnika ilə vəhdət şəklində inkişaf etdirilməsi idi. Bu xüsusda hər zaman deyirdi: "Nəzəri və eksperimental elmi nəticələr o zaman həyata vəsiqə alır ki, onlar praktikada istifadə olunur. Bu nəticələr sayəsində yeni fiziki hadisələrə əsaslanan cihazlar layihələndirilir, istehsal və tətbiq edilir".

O, öz tədqiqatlarında bu prinsipə hər zaman əməl edirdi. Mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin monokristallarını alır, onların xassələrini tədqiq edərək prinsipcə yeni qanunauyğunluqlar və fiziki hadisələr aşkara çıxarmaqla kifayətlənmir, həm də onların əsasında müasir tələblərə cavab verən cihazlar yaratmaq məqsədilə təcrübi-konstruktor işləri görür və əldə etdiyi elmi tapıntılar yeni-yeni cihazların istehsalına yönəlirdi.

Elmi innovasiyaların ölkənin gələcək inkişafındakı rolunu düzgün dəyərləndirən ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə mikroelektronika sənayesinin sürətli inkişafa başladığı 70-ci illərdə Arif Paşayevin öz tədqiqatları ilə yaratdığı yeni nəzəri-təcrübi istiqamət tarixi əhəmiyyət daşıyırdı. Təsadüfi deyil ki, 1972-ci ilin sentyabrında Azərbaycanda rəsmi səfərdə olan SSRİ Elmlər Akademiyasının Prezidenti, dünyaşöhrətli alim Mıstislav Keldış məhz Arif Paşayevin rəhbərlik etdiyi Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları laboratoriyasına da baş çəkmişdi.

"Avtonom hidroakustika informasiya sistemi"nin yaradılması sahəsindəki kompleks işlərinə görə, 1991-ci ildə o, Azərbaycanın Dövlət Mükafatına layiq görüldü. Alim əməyinə verilən qiymət bununla məhdudlaşmırdı. Arif müəllimin ölçmə sistemləri, qurğu və cihazları bundan əvvəl və sonra da müxtəlif sərgilərdə birinci dərəcəli diplom, medal və mükafatlara layiq görülmüşdü. Hələ sovet dövründə bu sahədə ixtiralarına görə ona "SSRİ-nin ixtiraçısı" fəxri adı verilmişdi. Kontaktsız nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı və praktikaya tətbiqi sahəsində aldığı nəticələrə görə görkəmli alim Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının "Qızıl medalı" ilə təltif olunmuşdu.

Belə bir nüfuzlu beynəlxalq mükafata layiq görülməsi böyük alimin elmi-texniki uğurlarının və nüfuzunun bütün dünyada tanınmasının əyani təcəssümü idi. Onu da xüsusi qeyd edək ki, bu medala Azərbaycanda ilk dəfə məhz akademik Arif Paşayev layiq görülmüşdü.

Azərbaycanda fizika, texnika və aerokosmika elminin inkişafında müstəsna rol oynamış, respublikamızda elmin, təhsilin təşkilində xüsusi xidmətlər göstərmiş akademik Arif Paşayev 30-dan artıq kitab və monoqrafiyanın, 400-dən çox elmi əsərin müəllifidir. Onun fizikanın müxtəlif sahələrinə həsr olunmuş 300-ə yaxın elmi əsəri xarici ölkələrin nüfuzlu elmi jurnallarında nəşr olunmuş, eyni zamanda, 60-dan çox ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış, əldə etdiyi elmi nəticələr ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuşdur. Alimin elmi əsərləri mühüm praktiki əhəmiyyət kəsb etməklə yanaşı, gənc alimlər üçün də çox dəyərli mənbədir. Akademikin əsərlərində əks olunan fundamental elmi-texniki nəticələr, faydalı elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti, Azərbaycanda ali aviasiya təhsilinin müasir səviyyədə təşkili tanınmış ziyalının müstəsna xidmətlərindəndir.

Fizika sahəsində əldə etdiyi nailiyyətlərinə görə Arif Paşayev 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Arif Paşayevin multidissiplinar xarakterli elmi fəaliyyəti fizika, texnika və aerokosmika elmlərinin mühüm prioritet istiqamətlərini özündə birləşdirir. O, yarımkeçirici materialların mühüm elektrofiziki parametrlərini (keçiricilik, yükdaşıyıcıların yaşama müddəti, yürüklüyü və s.) ölçmək məqsədilə yüksəktezlikli cərəyanlardan istifadə etməklə materialı zədələmədən kontaktsız ölçü üsullarının elmi əsaslarını yaratmış, müxtəlif təyinatlı çeviricilər sahəsində yeni elmi istiqamətin əsasını qoymuşdur.

Arif Paşayevin elmi-tədqiqat işlərinin digər bir hissəsi fotoelastik material kimi daha sadə hazırlanma texnologiyasına malik olan kristallik kvars əsasında akustooptik modulyatorun işlənməsidir. O, fotoelastik mühitlərdə akustooptik qarşılıqlı təsirin xüsusiyyətlərini tədqiq edərək, bu effekti bir sıra radiofizika və radiotexnika məsələlərinin həllinə tətbiq etmişdir. Alim siqnalların zaman təhriflərinə korreksiyasının, çevrilməsinin, tezlik modulyasiyalı siqnalların izləyici qəbulunun akustooptik üsullarını və bu üsulları reallaşdıran qurğuları sintez etmiş, onların parametrlərini araşdırmışdır. Alınmış nəticələr bir sıra xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilmişdir. O, müxtəlif elektromaqnit sahələrinin keçirici mühitlə qarşılıqlı təsirinin tədqiqi nəticəsində maşınqayırma məmulatlarına cərəyan burulğanları ilə nəzarət üçün yeni üsullar və qurğular yaratmışdır. Dəqiq, inteqral miniatür çeviricilərin, temperatura, təyziqə, nəmliyə, gücə, təcilə, aşınmaya və titrəyişə həssas elementlərin yaradılması sahəsində də Arif Paşayev mühüm nəticələr əldə etmişdir. Bu elementlər gəmiqayırmada, neftmaşınqayırmada, müdafiə, tibb sənayelərində və digər sahələrdə geniş tətbiq edilir.

Akademik Arif Paşayev respublikamızda yeni perspektivli elm sahələrinin inkişafını daim diqqətdə saxlamış, süni peykləri ilə kosmik ölkələr sırasına daxil olan dövlətimizdə Milli Aviasiya Akademiyasının, AMEA-nın Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının və "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin birgə səyləri nəticəsində Fizika İnstitutunun nəzdində "Kosmos və yerətrafı kosmik fəzanın fizikası" laboratoriyasının yaradılmasında mühüm rol oynamışdır. Görkəmli fizik Milli Aviasiya Akademiyası, AMEA-nın Təcrübə-Sənaye Zavodu və "Zeytun" Elm-İstehsalat Müəssisəsi ilə birgə yüksək elektrik izolyasiyalı, korroziyaya və rütubətədavamlı, səs dalğalarının yayılması üçün şəffaf kipləndirici olan yeni poliefiruretan əsaslı lak-kompaundun, aviasiya təyinatlı aşağı temperaturlu sürtkü materialları və hidravlik mayelərin, həlledicilərin istehsalı texnologiyasını işləmiş, alınan nailiyyətlərin orijinallığı Azərbaycanın və Rusiya Federasiyasının patentləri ilə təsdiqlənmişdir.

Akademik Arif Paşayev 1971-ci ildən 1996-cı ilədək AMEA-nın Fizika İnstitutunun Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları laboratoriyasına rəhbərlik etmiş, 1996-cı ildə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru vəzifəsinə təyin edilmişdir. Arif müəllim bu vəzifəyə təyinat alana kimi Milli Aviasiya Akademiyası təxminən texniki peşə məktəbi səviyyəsində tədris müəssisəsi idi. Məhz onun gərgin əməyi və yüksək təşkilatçılığı sayəsində 1996-cı ildən Milli Aviasiya Akademiyasında intensiv inkişaf dövrü başlandı. O vaxtadək burada cəmi yeddi ixtisas üzrə kadrlar hazırlanırdı. Hazırda akademiyada qırx səkkiz ixtisas üzrə kadrlar yetişdirilir, altı fakültə və iyirmi üç kafedra fəaliyyət göstərir. Burada dərslər Azərbaycan dilində keçirilir və ana dilində dərslik, proqram ehtiyatı var. Tədris prosesində informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq edilməyə başlamış, yeni kompüter sinifləri açılmış, zəngin elektron kitabxana tələbə və müəllim heyətinin istifadəsinə verilmişdir. Müasir elektron dərsliklər, o cümlədən multimedia öyrədici proqramlar hazırlanmış, tələbə və müəllimlərə dünyanın məşhur kitabxanalarına giriş imkanları yaradılmışdır. Respublikamızda ilk dəfə olaraq bütün fənlər üzrə semestr imtahanlarının informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə keçirilməsi Milli Aviasiya Akademiyasının adı ilə bağlıdır. Beləliklə, akademik Arif Paşayev zəhməti, yüksək təşkilatçılıq qabiliyyəti, ən əsası isə vətənpərvərliyi, ziyalı kimi mənəvi dəyərlərə sadiqliyi ilə bu müəssisəni müasir, Avropa tipli universitet səviyyəsinə yüksəltmişdir. Akademiya milli aviasiyamız üçün yüksək hazırlığa malik ixtisaslı kadrların hazırlanmasına nail oldu. Bununla da ölkəmiz üçün xaricdə böyük vəsaitlər hesabına mütəxəssislər hazırlamaq və ya başqa ölkələrdən kadrlar dəvət etmək ehtiyacı aradan qaldırıldı.

Akademik Arif Paşayevin rəhbərliyi dövründə Milli Aviasiya Akademiyası təhsilin və elmi-tədqiqat işlərinin səviyyəsinə görə dünya standartlarına cavab verən ali təhsil ocağına çevrilmişdir. Bu illərdə Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə MAA mülki aviasiya sahəsində ali təhsil müəssisəsi statusu verən sertifikat almış, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) təhsil müəssisələrinin siyahısına daxil edilmişdir. Akademik Arif Paşayevin yorulmaz fəaliyyəti nəticəsində Milli Aviasiya Akademiyası ICAO-nun Sorğu kitabına və reyestrinə daxil edilmiş, burada "Aviasiya tarixi muzeyi" yaradılmışdır. Milli Aviasiya Akademiyası Dövlət Attestasiya Komissiyasının qərarı ilə Ali Təhsil Müəssisəsi Sertifikatına layiq görülmüş, "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) regional tədris mərkəzi statusunu almış, Avropa Mülki Aviasiya Konfransının (ECAC) təlim mərkəzləri şəbəkəsinə üzv qəbul edilmiş və Akademiyada mütəxəssis hazırlığının beynəlxalq standartların tələblərinə uyğunluğu təsdiq edilmişdir.

Akademik Arif Paşayevin rəhbərliyi dövründə MAA-da müasir standartlara uyğun tələbə şəhərciyi, tədris korpusları, təlim-trenajor və idman kompleksləri, tələbə yataqxanaları, laboratoriyalar, kitabxana, Aviasiya personalının hazırlıq Mərkəzi, Aviasiya Elmi-Tədqiqat İnstitutu, Xüsusi Konstruktor Bürosu, təcrübə-sınaq istehsalat bazası, tennis kortu, futbol, voleybol və basketbol meydançaları tikilib istifadəyə verilmişdir.

Onu da qeyd etmək lazımdır ki, MAA-nın Aviasiya personalının hazırlanması Mərkəzində yalnız "Azərbaycan Hava Yolları" Dövlət Konserninin müəssisələri üçün deyil, həm də respublikamızın ərazisində yerləşən müstəqil aviaşirkətlər üçün kadrların hazırlanması və sertifikatlaşdırılması həyata keçirilir. MAA-nın Almaniyadan alınmış trenajor kompleksində Hava hərəkətinin idarə olunmasını təmin edən dispetçerlər təlim məşğələləri keçirlər.

2010-cu ildən etibarən MAA-nın nəzdində fəaliyyət göstərən Təcrübə mərkəzində peşəkar mülki aviasiya pilotlarının hazırlığı üçün vacib olan 4 ədəd uçuşu tam simulyasiya edən trenajorlar quraşdırılmışdır. Burada Airbus A319/320, Boeing 757/767, ATR-42/72 təyyarələri, həmçinin Mi-8AMT helikopterinin pilotları təlim keçir. Pilot kadrların hazırlanma səviyyəsini yüksəltmək məqsədilə Avropa ölkələrində istehsal olunmuş yeni təlim təyyarələri alınmış və kursantların ixtiyarına verilmişdir.

Milli Aviasiya Akademiyası beynəlxalq səviyyədə çoxsaylı təhsil və elm müəssisələri ilə əməkdaşlıq edir. Bu siyahıya Moskva Dövlət Universiteti, Moskva Dövlət Texniki Universiteti, Sankt-Peterburq Mülki Aviasiya Akademiyası, İstanbul Texniki Universiteti, Moskva Dövlət Mülki Aviasiya Texniki Universiteti, Baltik Dövlət Texniki Universiteti, Moskva Aviasiya Texnoloji İnstitutu, Moskva Aviasiya İnstitutu, Ukrayna Milli Aviasiya Universiteti və başqaları daxildir.

Ot kökü üstə bitər, - deyiblər. Akademik Arif Paşayev Mir Cəlal müəllimin övladı olaraq bu ailənin mənəvi və intellektual ənənələrini ləyaqətlə davam etdirmişdir. Mir Cəlal müəllimin qürurla və uzaqgörənliklə söylədiyi "Mənim ən böyük əsərim ailəmdir" - fikri bu ailənin timsalında öz parlaq təsdiqini tapmışdır. Məhz belə bir şəxsiyyətin tərbiyəsinin nəticəsidir ki, akademik Arif Paşayev insanlara münasibətdə yüksək mədəniyyət, təmənnasızlıq və xeyirxahlıq ənənəsini yaşadır. Onun fəaliyyətinin əsas prioritetlərini elm, təhsil və yüksək mənəvi dəyərlərə sadiqlik təşkil edir. Müstəqil dövlətimizin siyasi və ictimai həyatında, elm və təhsildə təkrarolunmaz söz sahibi olan bu nəslin nümayəndələri Mir Cəlal müəllimin həmin fikrinin ifadə etdiyi mənanın sərhədlərini ailədən Azərbaycan sərhədlərinə qədər genişləndirir, illər keçdikcə onu həqiqətə çevirirlər.

Hələ böyük elmin kəndarında ikən enişli-yoxuşlu yollarda onun öz adı ilə tanınmaq arzusunu xatırlamışdıq. Bu arzu, niyyət, prinsipiallıq uzaq cənub şəhərindəki doğmalarından ayrılıb elm dalınca Moskvaya yollanmış gənci kamil şəxsiyyətə, dünyanın nüfuzlu alimlərindən birinə çevirdi. Hamı onu akademik Arif Paşayev kimi tanıdı. Öz uğurları ilə yeni bir cığır açdı.

Mir Cəlal ailəsinin ikinci övladı Hafiz Paşayev də qardaşı kimi fizikanı seçdi. Hələ ötən əsrin 70-ci illərindən Azərbaycanın görkəmli fiziklərindən biri kimi tanındı. Uzun illər ölkəmizi səfir statusunda uzaq Amerikada şərəflə təmsil etdi. Bu gün Hafiz müəllimin rəhbərliyi ilə Azərbaycanda ADA universiteti kimi beynəlxalq standartlara tam uyğun ali təhsil müəssisəsinin fəaliyyəti, ADA-nın ölkəmizin təhsil brendi kimi bütün dünyada tanınması Mir Cəlal ocağından çıxmış ziyalıların Vətən sevgisinin, Azərbaycan qarşısındakı məsuliyyət duyğusunun, ailə ocağından gələn mənəvi-əxlaqi keyfiyyətlərin ifadəsidir. Həmin ocağın ziyalı təbəqəsinə diqqətinin bariz nümunəsi ola biləcək bir tarixi hadisənin də canlı şahidiyəm. Bir neçə il bundan əvvəl professor Hafiz Paşayev "Bir müəllimin manifesti" layihəsi çərçivəsində Azərbaycan təhsil tarixinin parlaq səhifələrindən olan Qazax Müəllimlər Seminariyasının uçulub dağılmış binasını himayəyə götürmüş, burada əsaslı bərpa işlərinə rəhbərlik etmiş, ölkəmizin kənd məktəblərində işləyən müəllimlərin ixtisasının artırılması və yenidən hazırlanması məqsədilə müasir tələblərə cavab verən təhsil mərkəzi yaratmışdır.

Mir Cəlal ailəsinin digər üzvü, çox təəssüf ki, həyatdan vaxtsız getmiş Aqil Paşayev də sayılıb-seçilən şəxsiyyətlərdən idi. Uzun illər Azərbaycan Həmkarlar İttifaqı Təşkilatında məsul vəzifələrdə çalışmışdı. Son dərəcə səmimi, xeyirxah, istiqanlı bir insan kimi xatirəsi onu tanıyanların qəlbində əbədi yaşamaqdadır. Bu ocaqdan çıxmış başqa övladlar - Elmira və Ədibə Paşayeva bacıları isə atalarının yolu ilə gedərək ömürlərini müəllimlik fəaliyyətinə həsr ediblər. Çox yaxından tanıdığım Əməkdar müəllim Elmira xanım Paşayeva uzun illər Musiqi Kollecində çalışmışdır.

Məhz istedadlı, kreativ, parlaq zəkaya malik, aydın vətəndaş-ziyalı mövqeyi ilə seçilən akademik Arif Paşayev fizika, texnika və aerokosmika elmlərinin inkişafı sahəsində xüsusi rol oynayan məktəblər yaratmış, cəmiyyətdə elmin, təhsilin təşkilində böyük xidmətlər göstərmiş görkəmli alim kimi tanınmışdır.

Bakı Dövlət Universitetində çalışan professor Ədibə Paşayeva isə təbiətən çox sadə, təvazökar olmaqla yanaşı, üzərinə düşən vəzifələrə böyük məsuliyyətlə yanaşan, tanınmış filoloq alimlərimizdəndir. BDU-nun filologiya fakültəsinin aparıcı alim-pedaqoqlarından biri kimi müəllimlərin də, tələbələrin də sevimlisidir.

Öz zəkalarının gücü, alın təri, göz nuru ilə əldə etdikləri bütün yüksək titullara, elmdə, ölkənin ictimai-siyasi həyatında məşhurlaşan adlarına, soyadlarına rəğmən mənəvi müstəvidə onlar yenə də Mir Cəlalın övladları, bu mənəvi titulun ehtiva etdiyi dəyərlərin daşıyıcısı olaraq qalırlar.

Mir Cəlal müəllimin ailəsinə əminliyi öz övladlarına verdiyi tərbiyənin düzgünlüyündən, onlara aşıladığı mənəvi keyfiyyətlərdən, ən əsası isə övladlarının gələcəyinə, cəmiyyət üçün nə qədər faydalı insanlar olacaqlarına inamından gəlirmiş. O bilirmiş ki, ən mükəmməl əsərlərində təlqin etdiyi ideyalar öz övladlarının həyat və şəxsiyyətində yaşayacaqdır. Övladları bu inamı, əminliyi ömür boyu doğrultdular.

Sosial təsisat olaraq ailənin çox həssas mərhələyə qədəm qoyduğu müasir cəmiyyətdə akademik Arif Paşayevin milli mentalitetlə ümumbəşəri dəyərlərin vəhdətində mövcud olan ailəsi gözəl bir örnəkdir. Onun tərbiyəsini almış Mehriban xanım Əliyeva milli dövlət quruculuğunda, cəmiyyətin sosial-mədəni həyatında, elmin, təhsilin inkişafında yaxından iştirak edir, xüsusən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, qədim və zəngin mədəniyyətimizin təbliği istiqamətində ciddi səy göstərir. Mehriban xanım Əliyevanın milli dövlətçiliyimizə verdiyi zəngin töhfələrlə Azərbaycanın müasir tarixində oynadığı rol, uğurla reallaşdırdığı beynəlxalq humanitar təşəbbüslər, dünyada sülhün, tolerantlığın, mədəniyyətlərarası dialoqun bərqərar olması, bəşəriyyətin xeyirxahlıq, mərhəmət kimi ali duyğulara tapınması üçün çəkdiyi zəhmət, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və bütün dünyada təbliği naminə göstərdiyi fədakarlıq bu ocaqdan düşən işıqdır.

Mehriban xanımın fəaliyyəti Mir Cəlal düşüncəsinin, Arif Paşayev elminin, Aida İmanquliyeva dəyərlərinin Heydər Əliyev ideyaları ilə bir insanın simasında qovuşaraq Azərbaycanın gələcəyinə bələdçilik etməsidir. Vətənə xidmətdə hər zaman Mehriban xanımın yanında olan, ona kömək göstərən, bütün imkanlardan istifadə edərək Azərbaycan dövlətinə, cəmiyyətinə, vətəndaşına fayda verməyə çalışan övladları Leylanın, Arzunun öz nəcib işləri ilə yaratdıqları nümunələr həmin işığın davamıdır.

Arif müəllim bu mənada çox xoşbəxt insandır ki, eyni dəyərlər onun mərhum həyat yoldaşı, Azərbaycanın görkəmli alimi, professor Aida xanım İmanquliyeva ilə birlikdə böyüdüb boya-başa çatdırdığı övladlarının - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz xanım Paşayevanın şəxsiyyətində, əməllərində də yaşayır, davam edir, nümunə yaradır, Vətənin abadlığına, cəmiyyətin mənəvi tərbiyəsinə xidmət göstərir.

Elm yolunda yorulmaz alim, akademik Arif Paşayev Azərbaycan Respublikasının "Şöhrət", "Şərəf", "İstiqlal" ordenləri ilə təltif olunmuş, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, akademik Yusif Məmmədəliyev adına medal, "SSRİ-nin ixtiraçısı" fəxri adlarına layiq görülmüş, Azərbaycan Mühəndislər Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislər Akademiyasının, Beynəlxalq Nəqliyyat Akademiyasının, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilmişdir.

Həyatını elmə bağlayaraq bu yola ömrü boyu sadiq qalan akademik Arif Paşayevi təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda da görkəmli alim, təşəbbüskar təşkilatçı, qayğıkeş bir insan kimi tanıyırlar. Onun nadir iş qabiliyyəti, yaradıcılıq enerjisi və aktiv vətəndaş mövqeyi müstəqil Azərbaycan vətəndaşları üçün örnəkdir.

Akademik Arif Paşayevin müdrikliyi, xeyirxahlığı, tükənməz enerjisi və nikbinliyindən doğan nur bizlərdə inam yaradır ki, görkəmli alim və pedaqoq hələ uzun illər xalqımıza, Vətənimizə dəyərli töhfələr verəcəkdir. Həm də qeyd etmək istəyirəm ki, məhz bu nəcib keyfiyyətlərinə görə Arif Mir Cəlal oğlu xalqın dərin və səmimi hörmətini qazanan nadir şəxsiyyətlərdəndir.

Akademik Arif Paşayevin ömür yolu elmə, ürfana, mədəniyyətə, əxlaqa tapınmağın ən gözəl nümunəsidir. Onun şəxsiyyətini öz mənəvi səmasının ucalıqlarına qaldıran da məhz bu dəyərlərdir. İnanırıq ki, mənəvi ucalığın zirvəsinə yüksəlmiş akademik Arif Mir Cəlal oğlu Paşayev intellektdən, zəhmətdən, həmçinin vətən və xalq sevgisindən yoğrulmuş elmi, pedaqoji və ictimai fəaliyyətinin yeni, daha parlaq və məhsuldar mərhələsində qazandığı nailiyyətlərlə bizləri daha da sevindirəcəkdir.

Rahib KƏRİMLİ,

"Ad günü” jurnalının təsisçisi və baş redaktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.



Oxunub: 250






SON XƏBƏRLƏR

2024-12-02

13:04 İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı

Product image

12:58 Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib

Product image

11:11 Sumqayıt şəhərinin 75 yaşı tamam olur SUMQAYIT FOTOLARDA

Product image

2024-11-30

00:40 Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib VİDEO

Product image

2024-11-28

03:06 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq

Product image

02:52 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib VİDEO

Product image

01:51 Azərbaycanda bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək

Product image

2024-11-21

03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar

Product image

02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ

Product image

02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Product image

2024-11-14

13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim