Azərbaycan dünya siyasətinin mühüm iştirakçısına çevrilib
Azərbaycan dövlətinin beynəlxalq arenada olan mövqeyi xarici siyasət kursumuzun uğurları ilə daha da möhkəmlənir. Prezident İlham Əliyevin mükəmməl diplomatik gedişləri ölkəmizin həm regional, həm də dünya miqyaslı gücünü artırmaqdadır. Bu gün dövlətlər, müxtəlif siyasi qurumlar, iqtisadi birliklər, beynəlxalq təşkilatlarla qurulan yüksək münasibətlər və Prezident İlham Əliyevin qəbul olunan beynəlxalq nüfuzu Azərbaycanı bütövlükdə dünya siyasətinin reallaşmasında mühüm iştirakçıya çevirib.
Bütün bunların nəticəsidir ki, Bakı ardıcıl olaraq bir neçə beynəlxalq tədbirə ev sahibliyi edir. Qoşulmama Hərəkatının son sammitindən sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da keçirilən "Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu da bu baxımdan mühüm önəm daşıyır.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat bildirib ki, altmış ölkədən 350 iştirakçının, o cümlədən 50-dən artıq hazırkı və sabiq prezident, baş nazirin qatıldığı Bakı Forumu qlobal problemlərin həllinin araşdırılması üçün son dərəcə uğurlu platforma kimi dünyanın diqqət mərkəzində oldu. Yaxın Şərqin, Afrikanın və Qərbi Balkanların aktual məsələləri əsas müzakirə mövzusu olmaqla yanaşı, Forumda digər qlobal problemlərin də araşdırılması dünyanın daha təhlükəsiz olmasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti töhfəsi hesab olunmalıdır.
Prezident İlham Əliyev Bakı Forumundakı çıxışında haqlı olaraq qeyd etdi ki, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin nəticəsi kimi Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Dövlətimizin başçısı çıxışında, həmçinin qeyd etdi ki, dünya hazırkı şəraitdə soyuq müharibənin bitməsindən sonra Şərq-Qərb qarşıdurmasının şahidlik edir. Bütün bu problemlərin fonunda Qoşulmama Hərəkatı münaqişələrin həllində, yeni yanaşmaların formalaşdırılmasında mühüm rol oynaya bilər.
Ölkə rəhbəri münaqişələrin yaranmasından, onun həlli yollarından danışaraq diqqəti Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzə yönəltdi və işğal nəticəsində Azərbaycanda humanitar fəlakətin yarandığını, bir milyondan artıq azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkünə çevrildiyini, rəsmi İrəvanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını vurğuladı. Dövlətimizin başçısı, həmçinin münaqişəni sülhlə aradan qaldırmağı və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan hakimiyyətinin məhəl qoymamasını, beynəlxalq hüquqa nümayişkaranə şəkildə hörmətsizlik etdiyini də diqqətə çatdırdı. Prezident İlham Əliyev bununla yanaşı, çıxışında problemi həll etməyə cavabdeh olan ATƏT-in keçmiş Minsk qrupunun da heç bir nəticəyə nail ola bilmədiyini söylədi. Qarşı tərəf bizə başqa seçim imkanı qoymadı. Belə olduğu təqdirdə, beynəlxalq hüququn verdiyi imkanlardan, legitim hüququmuzdan istifadə etməklə ərazilərimizi hərbi yolla azad etdik.
Dövlətimizin başçısı nitqində yuxarıda diqqətə çatdırılan məsələlərlə bərabər, ölkəmizin beynəlxalq iqtisadi layihələrdə iştirakına da toxunaraq, Azərbaycanın bu prosesdə fəal siyasət yürütdüyünü qeyd etdi. Bu sırada respublikamızın enerji təhlükəsizliyində ciddi mövqe qazanmasını xüsusi vurğuladı.
R.Mahmudov, həmçinin qeyd edib ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bundan əvvəl reallaşan forumundan ötən müddətdə bir sıra önəmli iqtisadi hadisələrin baş verdiyini, Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində Anlaşma Memorandumu imzalandığını, bu tarixi əhəmiyyətli sənədin hazırda uğurla icra olunduğunu da bildirdi.
Dövlətimizin başçısının nitqində səsləndirdiyi bu məqamla bağlı onu deyək ki, ötən ilin iyulunda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və enerji məsələləri üzrə komissar Kadri Simsonun Bakıya səfəri çərçivəsində Avropa İttifaqının təmsilçiləri tərəfindən Azərbaycanla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair memorandum imzalanıb. Həmin memorandumda Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin 2027-ci ildə 20 milyard kubmetrə çatdıracağı nəzərdə tutulub. Bunun üçün isə Cənub Qaz Dəhlizinin genişləndirilməsi zərurəti meydana çıxıb. Bununla da ölkəmiz həm öz "mavi yanacağ”ını, həm də Orta Asiya ölkələrində hasil edilən qazı tranzit olaraq Avropaya ötürmək imkanı qazanıb. Eyni zamanda, bunun üçün Trans-Xəzər kəmərinin də tikintisinin zəruriliyi diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin çıxışında ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Avropa Komissiyası sədrinin iştirakı ilə "yaşıl enerji”nin ötürülməsinə dair saziş imzalandığını da bildirdi. Ölkə rəhbəri həmin saziş əsasında Azərbaycandan Avropaya dənizdəki külək enerjisi stansiyalarından xəttin çəkiləcəyini, həmin ötürmə xəttinin bir hissəsinin Qara dənizin dibi ilə aparılacağını və bununla bağlı hazırda respublikamızda texniki əsaslandırma prosesinin reallaşdırıldığını toplantı iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev daha sonra dedi: "Biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir. Məlumat vermək istəyirəm ki, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq "yaşıl enerji” bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz "yaşıl hidrogen”i ixrac etməyi planlaşdırırıq...”.
Deputat sonda qeyd edib ki, X Qlobal Bakı Forumu Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan beynəlxalq arenada böyük gücə malik olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin həm bu mötəbər tədbirdə çıxışı, həm də Forum iştirakçısı olan nüfuzlu siyasətçiləri qəbul edərkən ifadə etdiyi mövqe ölkəmizin öz maraqlarını qoruyaraq təmin etmək gücünü göstərmiş oldu.
"carciTV"