Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevdir
Yeni texnologiyaların yaranması və sürətli dəyişikliklərlə müşayiət olunan qloballaşma prosesi cəmiyyətin, o cümlədən insanların həyatına da fəal şəkildə nüfuz edir. Bu proses ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın, eyni zamanda bir sıra mühüm məsələlərin tənzimlənməsinin zəruriliyini önə çıxarır. Elmin inkişafı qloballaşan dünyamızda hər bir ölkə üçün prioritetə çevrilir. Bu mənada elmi dərəcə və elmi adların verilməsi məsələsi də mühüm əhəmiyyət daşıyır.
Bir sözlə, müasir dövrün tələbləri bütün sahələrdə, o cümlədən elm sahəsində də yeniləşməni zəruri edir. Son illər ölkəmizdə bu istiqamətdə müəyyən işlər görülüb. 27 Mart - Elm Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevlə geniş söhbət etmişik. Həmin söhbəti oxuculara təqdim edirik.
–Famil müəllim, bu ilin mart ayında elm ictimaiyyəti qarşısında çıxış edərək "2019-2022-ci illər ərzində Azərbaycan Respublikasında elmi dərəcələrin və elmi adların verilməsi ilə bağlı" Ali Attestasiya Komissiyasının Hesabatını təqdim etdiniz. Hesabatdan da məlum oldu ki, baxılan dövr ərzində Ali Attestasiya Komissiyası tərəfindən fəaliyyət göstərdiyi sahə üzrə ciddi və əsaslı islahatlar həyata keçirilmişdir. Elmi dərəcə və elmi adların verilməsi ilə bağlı normativ-hüquqi bazada islahatlar öz əksini necə tapmışdır?
–Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə" və "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə" təsdiq edilib. Bu Əsasnamələrin təsdiq edilməsi elmi dərəcə və elmi adların verilməsində yeni dövrün başlanğıcı kimi qeyd edilməlidir. Müvafiq normativ aktlar xeyli sayda proqressiv dəyişikliklərin təminatçısı oldu: dissertasiya şuralarının və elmi seminarların fəaliyyəti yeni qaydalar üzrə təşkil edildi, müdafiənin keçirilməsi, səsvermə prosedurlarına əsaslı dəyişikliklər olundu. Məlum olduğu kimi, COVID-19 pandemiyası ilə mübarizə çərçivəsindəki məhdudiyyətlər elm və təhsilə daha çox təsir göstərdi. Bununla əlaqədar Komissiyanın Rəyasət Heyətinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin və dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair tələblər müəyyənləşdirildi. Həmçinin dissertasiya şuralarında qərarların qəbulu zamanı səsvermə Komissiyanın rəsmi saytı üzərindən elektron formada onlayn rejimdə keçirilməyə başladı. Səsvermənin elektron formada keçirilməsi təcrübədə özünü doğrultdu. Gələcəkdə də dissertasiya şuralarında səsvermənin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur ki, bu da şəffaflığın təmin edilməsi və prosedurların asanlaşması baxımından əhəmiyyətlidir.
Müvafiq Əsasnamələrin təsdiq edilməsindən keçən dövr ərzində elmi dərəcə və elmi adların verilməsi sahəsində görülmüş işlərin və təcrübədən əldə edilmiş məlumatların təhlili zamanı bir sıra ixtisaslar üzrə yüksəkixtisaslı mütəxəssis çatışmazlığı, o cümlədən təcrübədə bəzi prosedur, qayda və şərtlərin səmərəliliyinin artırılması ehtiyacı səbəbindən normativ bazaya bir sıra yeniliklərin edilməsi zərurəti yarandı. Burada əsas məqsəd elmi fəaliyyətin imitasiyası, psevdoelm və elmi nəticələrlə spekulyasiya hallarını istisna edən qiymətləndirmə sisteminin formalaşdırılmasından ibarət olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, habelə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə ölkə başçısının 26 noyabr 2022-ci il tarixli Fərmanı ilə "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"nin və "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanında dəyişiklik edilmişdir.
–Fərmanla nə kimi dəyişikliklər edilmişdir və bu dəyişikliklər müdafiə, elmi adların verilməsi prosesinə hansı yenilikləri gətirəcəkdir?
–Elmi dərəcə və elmi adların verilməsi qayda və şərtlərini tənzimləyən normativ-hüquqi aktlara bir sıra mühüm dəyişikliklər edilmişdir. Həmin yeniliklərdən müdafiədə iştirak etməli olan elmlər doktorlarına münasibətdə müəyyən edilmiş say tələbinin azaldılmasını qeyd edə bilərik. Edilmiş dəyişikliyə müvafiq olaraq elmlər doktoru dissertasiyalarının müdafiəsi zamanı dissertasiya şurasının üzvü olan fəlsəfə doktorlarının da müdafiənin yekunları üzrə səsvermədə iştirak etmələri mümkün olacaq. Elmlər doktorlarının sayının azaldılması gənc alimlərin dissertasiya şuralarında təmsil olunmasına şərait yaradacaq, dissertasiya şuralarının tərkibinə yaradıcı və istedadlı gənclərin daxil edilməsi müdafiə prosesində müasir elmi bilik və bacarıqların üzə çıxarılması istiqamətində faydalı diskussiyaların aparılması ilə nəticələnəcəkdir.
Mühüm hesab edilən dəyişikliklərdən digəri isə ingilis dilində müdafiə edən əcnəbi vətəndaşların Azərbaycan dilindən imtahan verməsi şərtinin aradan qaldırılmasıdır. Dəyişiklikdə Azərbaycan dili fənnindən fəlsəfə doktoru imtahanı tələbi yalnız dissertasiyasını Azərbaycan dilində yazan və müdafiə edən əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün nəzərdə tutulmuş, həmçinin dissertasiyanın ingilis dilində də təqdim edilə bilməsi öz əksini tapmışdır. Bu da öz növbəsində, əcnəbi vətəndaşların doktoranturaya cəlb edilməsini və ali məktəblərimizin xarici ölkələrdə tanınmasını, beynəlxalq reytinqlərdə daha yüksək yer tutmasını şərtləndirmiş olacaqdır.
Ölkə başçısının müvafiq Fərmanı ilə elmi adların verilməsi sahəsində də önəmli yeniliklər edilmişdir. Bu yeniliklərdən biri professor elmi adının verilməsi qayda və şərtlərində iddiaçının seçiminə uyğun olaraq yerinə yetirilməsi zəruri olan tələblərə H-indeksi ilə bağlı yeni alternativin əlavə olunması ilə əlaqədardır. Belə ki, yeni dəyişikliyə əsasən, iddiaçılar beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (bazalarında) humanitar və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri üzrə azı on olmaqla H-indeksinə (özünə istinadlar istisna olmaqla) sahib olduqda həmin şəxslərə əlavə olaraq elmi rəhbərliyi və ya məsləhətçiliyi ilə hazırladığı mütəxəssislərlə bağlı tələb qoyulmur və kadr hazırlığı tələbi vasitəsilə iddiaçının nailiyyətinin başqasından asılılığı aradan qaldırılır. Yəni alimlərin elmi rəhbərliyi və ya elmi məsləhətçiliyi ilə ixtisas üzrə təkbaşına hazırlamalı olduğu mütəxəssislərin elmi dərəcə almaları tələbi yerinə yetirilmədən H-indeksi üzrə göstəricilər əsasında professor elmi adına iddiaçı qismində çıxış etmələrinə imkan yaranmışdır. Əsasnaməyə H-indeksi ilə bağlı əlavənin edilməsi Azərbaycan alimlərinin nəticələrinin qlobal elmi məkana inteqrasiyası üzrə tədbirlərin icrası baxımından da zəruri hesab edilir.
–Keçən dövr ərzində dissertasiya şuralarının fəaliyyətinin təşkili ilə bağlı nə deyə bilərdiniz? Yüksəkixtisaslı əcnəbi mütəxəssislərin dissertasiya şuralarının fəaliyyətinə cəlb edilməsi təcrübəsi varmı?
–2019-cu ildən fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiələrinin keçirilməsi üçün respublikanın 55 elmi müəssisə və təşkilatında, ali təhsil müəssisəsində Komissiya tərəfindən yaradılmış 215 dissertasiya şurası (79 üçillik səlahiyyət müddəti ilə; 136 birdəfəlik) fəaliyyət göstərib. Həmin dissertasiya şuralarının fəaliyyətinə ümumilikdə 2000-ə yaxın yüksəkixtisaslı mütəxəssis cəlb edilmişdir. Komissiyanın müxtəlif elm sahələri üzrə yaratdığı dissertasiya şuralarına ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Yaponiya, Ukrayna, Bolqarıstan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Belarus və İran daxil olmaqla, 12 ölkədən 19 elm sahəsi üzrə 95 yüksəkixtisaslı mütəxəssis cəlb edilmişdir. Bu təcrübənin müsbət nəticələri nəzərə alınaraq postpandemiya dövründə də əcnəbi mütəxəssislərin dissertasiyaların müdafiəsi prosesinə cəlb edilmələri nəzərdə tutulur.
–Dissertasiya şuralarında keçirilmiş müdafiələrin və vəsatət əsasında Komissiyaya daxil olmuş işlərin təsdiq edilməsi arasında nisbət necədir?
–2019-2022-ci illərdə dissertasiya şuralarının fəaliyyət müddəti ərzində 1115 fəlsəfə doktoru, 213 elmlər doktoru dissertasiyasının müdafiəsi olmaqla, ümumilikdə 1328 müdafiə keçirilmişdir.
Elmi dərəcələrin verilməsi ilə bağlı elmi müəssisə və təşkilatlardan Komissiya qarşısında ümumilikdə 689 vəsatət qaldırılmışdır. İ.Nəsimi adına Dilçilik İnstitutunda 60, akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 57 müdafiə keçirilmişdir.
Ali təhsil müəssisələrindən isə Komissiyaya 639 iş daxil olmuşdur. Müdafiələrin sayına görə ali təhsil müəssisələri arasında Azərbaycan Tibb Universitetində 111, Bakı Dövlət Universitetində 84 və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 57 müdafiə keçirilib.
Dissertasiya şuralarında ən çox filologiya elmləri sahəsində müdafiələr təşkil edilmişdir. Bu elm sahəsində 260 müdafiə olmuşdur. Bundan sonra iqtisad elmləri gəlir. Bu elm sahəsi üzrə 161 dissertasiya müdafiəsi keçirilmişdir. Üçüncü yerdə isə tibb elmləridir. Bu elm sahəsi üzrə 157 müdafiə baş tutub.
Qeyd edilən dövr ərzində Komissiya tərəfindən 937 şəxsə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi barədə qərar qəbul edilmişdir (bura əvvəlki illərdə müdafiə olunmuş, bu və ya digər səbəbdən ekspertizası uzanmış işlər də daxildir). Fəlsəfə doktoru elmi dərəcəsi ən çox iqtisad elmləri sahəsində verilmişdir. Sonrakı pillələri isə filologiya, tibb və texnika elmləri tutur.
Elmlər doktoru elmi dərəcələrinə gəldikdə isə 2019-2022-ci illər üzrə Komissiyaya elm sahələri üzrə 213 iş daxil olmuş, onlardan filologiya elmləri üzrə 45, tibb elmləri üzrə 36 elmlər doktoru dissertasiyasının müdafiəsi keçirilmişdir. Bu günədək Komissiya tərəfindən 168 şəxsə elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə qərar qəbul edilmişdir. Ən çox filologiya, texnika, tibb və iqtisad elmləri sahəsində elmlər doktoru elmi dərəcəsi verilmişdir. Hazırda Komissiyada ekspertizada olan elmlər doktoru elmi dərəcəsi barədə işlərin sayı da az deyildir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, 4 müdafiə zamanı səsvermənin nəticələri mənfi olmuş və iddiaçılara müvafiq elmi dərəcənin verilməsi tövsiyə edilməmişdir. Bu isə həmin şuralarda işə diqqət və məsuliyyətlə yanaşılmanın göstəricisidir. Mütəxəssislər gizli səsvermədə səmimiyyət və ciddiyyət nümayiş etdirmişlər. Bəzi iddiaçılar bununla bağlı olaraq Komissiyaya şikayət ünvanlamışlar. Mövcud faktlar araşdırılmış, dissertasiyanın müdafiəsi və səsvermə zamanı heç bir prosedur pozuntusu aşkar edilməmiş və dissertasiya şurasının qərarı Komissiya tərəfindən təsdiqlənmişdir.
Qeyd etmək lazımdır ki, dissertasiya şuralarının fəaliyyətinin başa çatmasına baxmayaraq, 2023-cü ilin yanvar-mart aylarında da Komissiyaya dissertasiya işləri və attestasiya sənədləri təqdim edilmişdir və hazırda baxılmaqda olan kifayət qədər fəlsəfə doktoru işləri vardır.
–Dissertasiya işləri və attestasiya sənədlərinin ekspertizası zamanı qanunvericiliklə müəyyən edilmiş elmi dərəcələrin verilməsi qayda və şərtlərinin ödənilməməsi halları baş verirmi və bu halda hansı qərarlar qəbul edilir?
–Bəli, elmi dərəcələrin verilməsi qayda və şərtlərinin pozulması halları tərəfimizdən müəyyən olunduqda həmin iddiaçılara elmi dərəcənin verilməsindən imtina edilməsi barədə qərarlar qəbul edilir. Əsas etibarilə elmi dərəcələrin verilməsində imtina edilməsi barədə qərarlar qanunvericiliklə təsbit olunmuş tələblərə əməl olunmaması ilə bağlıdır. Lakin bunlar arasında daha ağır pozuntu kimi elmi plagiatın aşkarlanması halları xüsusilə qeyd edilməlidir. Keçən dövr ərzində elm sahələri üzrə plagiat faktları əsasında imtina edilmiş işlərin sayı 80 olmuşdur. Burada da iqtisad elmləri sahəsində imtinalar çoxluq təşkil edir. Eyni zamanda, Komissiyanın fəaliyyəti dövründə ilk dəfə olaraq elmi dərəcədən məhrumetmə barədə qərar qəbul edilmişdir. Xarici ölkədən daxil olmuş müraciət əsasında 1 nəfər sənətşünaslıq üzrə fəlsəfə doktorunun tədqiqat işi yoxlanılmış və dissertasiyada elmi plagiat faktı aşkarlandığına görə, Komissiyanın Rəyasət Heyətinin 16 aprel 2021-ci il tarixli qərarı ilə həmin şəxs elmi dərəcədən məhrum edilmiş, onun elmi rəhbərinin isə üç il müddətinədək dissertasiya işləri üzrə elmi rəhbər təyin edilməsinə məhdudiyyət qoyulmuşdur.
Müəssisələr üzrə Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutundan daxil olmuş işlərdə daha çox plagiat faktlarına rast gəlinmişdir.
Komissiyada təqdim edilmiş sənədlərin ekspertizası zamanı rəsmi opponent və iddiaçının eyni kafedra, laboratoriya və ya şöbədə işləməsi, rəsmi opponentlərin eyni təşkilatı təmsil etməsi, dissertasiya şurasında səsvermənin nəticəsinin mənfi olmasına baxmayaraq, Komissiya qarşısında elmi dərəcənin verilməsi üçün vəsatət qaldırılması, müdafiədə ixtisas üzrə zəruri sayda mütəxəssisin iştirak etmədiyinə baxmayaraq, şuranın iclasının səlahiyyətli sayılması, dissertasiya şurasının tərkibində xarici üzvlərin təmsil olunmalarına baxmayaraq, müdafiə zamanı sinxron tərcümənin təmin edilməməsi, müdafiənin əcnəbi üzvlərin bilmədikləri dildə keçirilməsi, lakin sonda onların müdafiənin nəticələri üzrə səsvermədə iştirak etmələri, müdafiənin keçirilməsi zamanı müəyyən olunmuş ardıcıllığın təmin edilməməsi, müdafiədə gizli (elektron) səsvermədən öncə dissertasiya şurasının üzvlərinin öz müsbət fikirlərini iddiaçıya bildirmələri, müdafiə zamanı iddiaçıların verilən suallara əvvəlcədən hazırlanmış cavabları oxumaları kimi hallara rast gəlinmişdir.
Elm sahələri üzrə 451 işə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilmişdir. İmtina barədə qərarlar əsas etibarilə Komissiyanın nəzdində fəaliyyət göstərən ekspert şuralarının tövsiyəsi əsasında qəbul edilir. Ən çox imtina da iqtisad elmləri sahəsində verilmişdir.
Ali təhsil müəssisələri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilmiş işlərin sayı 217 təşkil etmişdir.
Elmi müəssisə və təşkilatlar üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilmiş işlərin sayı 234 olmuşdur.
Elm sahələri üzrə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilmiş işlərin sayı 44 olmuşdur. Bunlardan 4 iş üzrə imtina barədə qərar plagiat faktları əsasında qəbul edilmişdir.
Bütövlükdə onu qeyd etmək lazımdır ki, 2020-ci ildən 2023-cü ilin mart ayının sonlarınadək Komissiyada 25 elm sahəsi üzrə 1105 şəxsə elmi dərəcə verilmiş, elmi dərəcə verilməsindən imtina edilməsi barədə 495 qərar qəbul olunmuşdur. 440 şəxsə elmi ad verilmiş, elmi ad verilməsindən imtina haqqında isə 90 qərar qəbul edilmişdir. Elmi dərəcələrin və elmi adların verilməsi və verilməsindən imtina edilməsi haqqında, habelə xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiya və ya təkrar attestasiya əsasında tanınması və ya tanınmasından imtina edilməsi barədə qərarların elm sahələrinə uyğun olaraq yekun statistikası barədə məlumat hər ay Komissiyanın elektron platformalarında olan rəsmi internet saytında və "Facebook" səhifəsində elm ictimaiyyətinə təqdim edilir. Komissiyanın rəsmi saytında (aak.gov.az) elmi dərəcələrin və elmi adların verilməsinin qayda və şərtləri, ümumiyyətlə, Komissiyanın fəaliyyətini tənzimləyən bütün normativ sənədlər yerləşdirilmişdir. Mütəmadi olaraq vətəndaşların qəbulları keçirilir. Hesab edirəm ki, Komissiyanın fəaliyyəti mümkün ola biləcəyi qədər şəffafdır.
–Elmi adların verilməsindən imtina edilməsi hallarında hansı pozuntularla rastlaşırsınız?
–Elmi adların verilməsini nəzərdə tutan bütün hal və şərtlər qanunvericiliklə dəqiq və birmənalı olaraq müəyyən edilmişdir. Bununla belə, yenə də həmin tələblərə əməl edilmədən elmi adların verilməsi ilə bağlı vəsatətlər qaldırılır. Burada əsas etibarilə müəyyən olunmuş staj tələblərinin ödənilməməsi, iddiaçının elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində tələb edilən vəzifəni tutmaması, vəsatət elmi fəaliyyət üzrə qaldırıldıqda iddiaçının elmi-tədqiqat bölməsi üzrə çalışmaması kimi pozuntular qeyd edilməlidir.
Bir elm sahəsində elmi dərəcəsi olan şəxsə digər elm sahəsində elmi ad verilməsi üçün vəsatət qaldırılır. Bu hal da müzakirə olunmalı ciddi məsələdir. Müvafiq Əsasnamə ilə yalnız sənətşünaslıq, mədəniyyət, incəsənət və ya memarlıq, bədən tərbiyəsi və idman, milli təhlükəsizlik və hərbi elmlər sahəsində elmi adların verilməsinə dair xüsusi hallar müəyyən edilir. Digər elm sahələrində yalnız elmi dərəcəsi olan şəxslərə elmi adlar verilə bilər.
İddiaçıların beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan nəşrlərdə məqalə dərci ilə bağlı tələbi tam olaraq yerinə yetirilmir ki, burada da məqalələrin qeyri-ciddi, saxta jurnallarda dərc olunması, onların saxtalaşdırılması və digər hallara rast gəlinir.
Monoqrafiya və dərs vəsaitləri tələblərə uyğun tərtib edilmir. Belə ki, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının qərarları olmadan monoqrafiya və dərs vəsaitlərinin dərc edilməsi, işarə sayının tələblərə uyğun olmaması, monoqrafiya və dərs vəsaitlərinin iddia edilən ixtisas üzrə olmaması və həmin işlərdə plagiat faktlarının aşkarlanması kimi hallara rast gəlinir.
Elm sahələri üzrə dosent elmi adı verilməsindən 69 halda imtina olunmuşdur. Elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri üzrə dosent elmi adı verilməsindən imtina edilməsi ilə bağlı Azərbaycan Dövlət Aqrar Universiteti qeyd edilə bilər. Bu ali təhsil müəssisəsindən dosent elmi adının verilməsi ilə bağlı qaldırılmış 10 vəsatət barədə imtina qərarı qəbul edilmişdir.
Plagiat faktları əsasında dosent elmi adı verilməsindən imtina edilməsi haqqında qərarların sayı 17 olmuşdur. Plagiat faktları iddiaçıların əsasən monoqrafiyaları və dərs vəsaitlərində aşkar edilmişdir.
Vəsatətlər əsasında 62 şəxsə professor elmi adı verilmişdir. Təəssüflər olsun ki, elmi adların verilməsi zamanı da tələbləri ödəməyən iddiaçılara rast gəlinmişdir. Belə ki, 21 iddiaçıya professor elmi adının verilməsindən imtina edilmişdir. Sənədlərin attestasiyası zamanı 4 iddiaçının əsərində plagiat faktlarına rast gəlinmiş, müəyyən edilmişdir ki, bəzi iddiaçılar müəllifinə və mənbəyinə istinad vermədən başqa müəlliflərin kitablarından böyük həcmdə istifadə edərək dərslik və ya monoqrafiya çap etdirirlər. Belə əsərlərin əsasında professor elmi adı almaq yolverilməzdir. Bu kimi hallara riyaziyyat, texnika və iqtisad elmləri sahəsində daha çox rast gəlinmişdir.
–Famil müəllim, bildiyimiz qədər Ali Attestasiya Komissiyasının nəzdində ekspert şuraları fəaliyyət göstərir. Həmin şuraların fəaliyyət istiqaməti barədə nə deyə bilərsiniz?
–Məlumdur ki, Komissiyada dissertasiya işləri və attestasiya sənədləri müvafiq elm sahələri üzrə Komissiyanın nəzdində fəaliyyət göstərən ekspert şuralarında geniş müzakirə edilir. Komissiyanın nəzdində 25 elm sahəsi üzrə 14 ekspert şurası fəaliyyət göstərir. Ekspert şuraları həmin elm sahələri üzrə elmi dərəcəsi və elmi adı olan yüksəkixtisaslı mütəxəssislərdən təşkil olunur. İmkan daxilində rəyçilərin adı gizli saxlanılır. Buna görə həm Komissiyanın əməkdaşları, həm də ekspert şurasının üzvləri məsuliyyət daşıyırlar. Komissiyanın qərarı ilə yaradılmış ekspert şuralarının "adı açıqlanmayan" üzvləri də vardır. Bu üzvlər ekspert şuralarının iclaslarında iştirak etmirlər, yalnız rəy verirlər. Bu proses müəyyən zaman aldığına görə, bəzi işlər hələ də baxılma mərhələsindədir.
Dissertasiya şuraları ilə müqayisədə ekspert şuralarında yazılan mənfi rəylərin sayı və plagiat faktlarının aşkarlanması halları çoxdur. Lakin bəzən ekspertlərin fəaliyyətində mənfi hallarla da rastlaşırıq. O zaman ekspert şurasının üzvü dərhal ekspert şurasından kənarlaşdırılır.
–Doktorant və dissertant hazırlığı sahəs
ində nə kimi qüsurlar müşahidə edilir. Komissiya tərəfindən bununla bağlı hansı tədbirlər görülür?
–Əvvəla, onu deyək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin hər il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları təsdiq edilib, həyata keçirilir. Sonradan heç bir hüquqi əsas olmadan doktorant və dissertantların ixtisaslarının və hətta elm sahələrinin dəyişdirilməsi faktlarına rast gəlinir. Bu məqam Komissiyada ciddi narahatlığa səbəb olur. Belə ki, qanunvericiliklə yalnız dissertasiyalarının mövzularının dəyişdirilməsi imkanı nəzərdə tutulmuşdur. İxtisas və elm sahəsinin sonradan əsaslandırılmadan dəyişdirilməsi böyük sual doğurur. Hesab edirik ki, bu məsələ ciddi müzakirə olunmalıdır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın 3.23-cü bəndinə müvafiq olaraq bir elmi rəhbərə təhkim olunan doktorantların sayının 5 nəfərdən artıq olmaması təsbit edilmişdir. Komissiyanın Rəyasət Heyətinin 29 noyabr 2019-cu il tarixli qərarına əsasən fəlsəfə doktorlarının eyni zamanda iki nəfərdən artıq doktoranta (dissertanta) elmi rəhbər təyin edilməsi məsələsinə vəsatət əsasında Komissiya tərəfindən baxılaraq qərar verilməsi nəzərdə tutulmuşdur. Lakin təcrübədə bu tələblərə laqeyd yanaşıldığı müşahidə olunur.
Dissertasiya mövzularının problem xarakteri daşımaması və ya işlənmiş mövzuların təkrarlanması qüsurdur. Bunun üçün Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının işinin daha səmərəli təşkil edilməsi, ayrı-ayrı elm sahələrində müvafiq şuraların fəaliyyətinin təşkili istiqamətində təxirəsalınmaz işlər görülməlidir. Hesab edirik ki, hər bir elm sahəsi və ixtisaslar üzrə təsdiq olunmuş dissertasiya mövzularının Reyestri aparılmalıdır.
Dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmayan iddiaçıların həmin elm sahəsinin ümumelmi əsaslarından əlavə, imtahan verməməsi də qüsurlardan biridir.
Elmlər doktoru hazırlığı üzrə doktorantura və ya dissertanturada mövzuların təsdiqindən sonra iddiaçıların üç, iki və daha az - 1 il müddət ərzində bütün mərhələləri keçməklə müdafiə etmələri hallarına da rast gəlinir. "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" ilə elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 il müəyyən edilmişdir. Məlum olduğu kimi, elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün əvvəllər mövcud olmuş icazə sistemi Komissiya tərəfindən ləğv edilmişdir. Buna müvafiq olaraq elmlər doktoru hazırlığına fəlsəfə doktoru hazırlığından daha ciddi yanaşılmalıdır.
"Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"yə müvafiq olaraq müəyyən olunmuş sayda elmi əsərlər dissertasiya müdafiəsi üçün ilkin müzakirələrdən azı bir ay əvvəl dərc edilməlidir. Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilən elmi işlər dissertasiya müdafiəsi üçün ilkin müzakirədən əvvəl həmin sistemlərdə (bazalarda) yerləşdirilməlidir. Komissiyada müdafiədən sonra həmin məqalələrin sistemlərdə olmadığı aşkarlanır. Məqalələrin saxta nəşrlərdə dərc edilməsi və ya məqalələrin iddiaçılar tərəfindən saxtalaşdırılması kimi hallara da rast gəlinir. Yaxud ABŞ, Kanada, Yaponiya, İngiltərə kimi ölkələrdə beynəlxalq konfrans adı altında təşkil edilən tədbirlərdə Azərbaycan və ya rus dillərində məqalə və tezislərin dərc edilməsi, təşkil edilən "beynəlxalq" konfranslarda məruzəçilərin demək olar ki, 90%-nin azərbaycanlılardan ibarət olması kimi faktlar elmi nailiyyətlərin dürüst olmayan üsullarla əldə edilməsinə cəhd kimi qiymətləndirilməlidir.
Dissertasiya ve avtoreferatın qanunvericiliklə müəyyən edilmiş tərtibat qaydalarının pozulması müşahidə edilir.
Bəzən dissertasiya işində işarə sayına dair tələblər gözlənilmir. Təcrübədə Komissiyada ekspertiza mərhələsində işarə sayının müəyyən olunmuş həddən artıq olduğu dissertasiyalara da rast gəlinir. Bu cür hallar alimlərin mövzuya dair öz fikirlərini müəyyən edilmiş çərçivə daxilində yığcam ifadə edə bilməmələri kimi dəyərləndirilir.
İddiaçıya ilkin müzakirə, elmi seminar və müdafiə zamanı rəyçi və rəsmi opponentlər tərəfindən yazılan rəylərin oxşarlığı da qüsur sayılır. Aydındır ki, bu rəylərin müxtəlif adamlar tərəfindən yazılması ciddi şübhə doğurur.
Eyni zamanda qeyd edilməlidir ki, qanunvericiliklə dissertasiyaların mövzularının təsdiq edilməsi və elmi rəhbərlərin təyin olunmasının doktoranturaya qəbul olma haqqında qərar qəbul olunan gündən 6 aydan gec olmamaq şərtilə həyata keçirildiyi təsbit olunmuşdur. Buna müvafiq olaraq, doktorantura səviyyəsinə qəbul olduqdan sonra qısa müddət ərzində (bəzən 1-2 ay ərzində) doktorantlara dissertasiya mövzularının müəyyən olunması düzgün yanaşma hesab edilmir. İlkin mərhələdə elmi ədəbiyyatın araşdırılmasından və müvafiq elm sahəsində prioritet istiqamətlər üzrə problemlərin müəyyənləşdirilməsindən sonra mövzunun seçilməsi məntiqli hesab edilir.
–Məlum olduğu kimi, doktorantura təhsili ali təhsilin ən sonuncu və yüksək səviyyəsidir. Bu baxımdan, iddiaçıların attestasiya sənədləri Komissiyaya daxil olduqda onların ali təhsilin ilk səviyyələri üzrə nailiyyətlərinin qiymətləndirilməsi də böyük məsuliyyət tələb edir. Bu məsələyə yanaşma necədir?
–Bəzi hallarda ekspertiza mərhələsində iddiaçıların elmi dərəcə almaq istədikləri ixtisaslar, o cümlədən elm sahələrinin ümumelmi əsasları hesab edilən fənlər üzrə onların bakalavr və magistr təhsilləri haqqında diplomlarında göstəricilərinin "kafi" olaraq qiymətləndirildiyi müəyyən edilir. Xüsusilə də dəqiq elmlər sahəsində bu cür hallara rast gəlinməsi ciddi narahatlığa səbəb olur. Bu cür hallarda Komissiyanın Rəyasət Heyətinin qərarına müvafiq olaraq həmin iddiaçılar ayrıca yaradılmış komissiyalara dəvət edilirlər. İddiaçıların qeyd edilən komissiyalara dəvət edilmələrinə narazılıq etmələrinə baxmayaraq, bu cür yoxlama nəticəsində bəzi iddiaçıların iddia etdikləri elm sahəsində, hətta ixtisasları üzrə elementar biliklərə sahib olmadıqları üzə çıxır.
–Elmdə plagiat halları qəbuledilməzdir. Ali Attestasiya Komissiyası bu hallara qarşı necə mübarizə aparır. Ümumiyyətlə, elmi dərəcə və elmi adların ən layiqli iddiaçılara verilməsi üçün nə edilməlidir?
–Qeyd edilməlidir ki, Komissiya dissertasiya işlərində, o cümlədən elmi məqalələr və digər elmi işlərdə iddiaçıların müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyini müəyyən etmək üçün Strike Plagiarism antiplagiat sistemindən istifadə edir. Bu məlumat Komissiya tərəfindən hər zaman açıq saxlanılır. Komissiya tərəfindən elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri qarşısında məhz bu sistemdən istifadə etmələrinə dair heç bir tələb müəyyən edilməmişdir. Müəssisələr bu sahədə proqram seçimində müstəqildirlər. Nəticə etibarilə elmi işlərdə müəyyən edilən oxşarlıqların elmi plagiat faktları kimi təsdiqini tapması narahatlığa səbəb olur. Komissiyanın bu istiqamətdə fəaliyyəti yalnız texniki imkanlarla şərtləndirilmiş hər hansı proqramların istifadəsi ilə məhdudlaşmır. Komissiyada, həmçinin digər fərqli antiplagiat proqramlarının istifadəsi, ekspert şuralarının mütəxəssislərinin rəyləri, müxtəlif açar ifadələrin digər dillərə tərcümə edilərək axtarışa verilməsi və sair kimi alternativ üsullardan da istifadə edilir. Bu üsullarla plagiat faktlarının gizlədilməsi halları aşkar olunur. Komissiyada bu cür hallara iddiaçıların illərlə sərf etdikləri fiziki, zehni, mənəvi əziyyətlərinin və hətta maddi itkilərinin (məqalələrin dərci, konfranslarda iştirakla bağlı xərclər və s.) qiymətləndirilməsinin, onların özlərinin, həmçinin elmi rəhbər və məsləhətçilərinin nüfuzuna xələl gələ biləcəyinin fərqində olaraq yanaşılır. Bəzi şəxslər bu məsələlərə spekulyativ yanaşaraq özünümüdafiə əsasında Komissiyanın ünvanına subyektiv və əsassız fikirlər səsləndirirlər. Komissiyada plagiat faktları əsasında elmi dərəcələr və elmi adlar verilməsindən imtina barədə qərarlar ekspert şuralarının tövsiyələri nəzərə alınmaqla verilir. Bununla yanaşı, iddiaçının şikayət hüququndan istifadə etməklə apellyasiya qaydasında müraciət edərək ekspert şurasında məsələyə öz münasibətini bildirməsinə şərait yaradılır. Plagiat aşkar edildikdə bu, dəqiq və danılmaz faktlara əsaslanır. Artıq plagiat faktı səbəbindən ikinci imtina barədə qərar qəbul edildikdə Komissiya tərəfindən qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərin tətbiq edilməsi barədə həm iddiaçıya, həm də müvafiq dissertasiya şurasına rəsmi qaydada məlumat verilir.
–Famil müəllim, mətbuatda, sosial şəbəkələrdə bəzən Ali Attestasiya Komissiyasının ünvanına narazılıqların da səsləndirildiyini görürük. Rəhbərlik etdiyiniz qurum tərəfindən həyata keçirilən, sizin də barəsində ətraflı danışdığınız çoxşaxəli fəaliyyətinizdə bu narazılıqların səbəbi və sizin ona münasibətiniz nədən ibarətdir?
–Əlbəttə, narazılıq ola bilər. Biz hər kəsi məmnun etməyə çalışmırıq. Sizə də təqdim etdiyimiz statistik rəqəmlər arasında Komissiya tərəfindən qəbul edilmiş imtinaya dair qərarlar kifayət qədər yer tutur. Heç bir iddiaçı müdafiə edərkən və ya elmi ad almaq üçün müraciət edərkən imtina alacağına ümid etmir. Lakin dəqiq müəyyən edilmiş tələblər, o cümlədən elmi etika qaydaları var ki, biz Komissiyaya daxil olan bütün dissertasiya işləri və attestasiya sənədlərinə məhz həmin çərçivə daxilində baxırıq. O çərçivəyə uymayan, həmin tələblərə cavab verməyən, yaxud digər hər hansı formada elmi fəaliyyətin imitasiyası halları ilə rastlaşdıqda, imtina barədə qərar vermək məcburiyyətindəyik. Bu prosesə ilkin mərhələdən ən son mərhələyə, yəni doktoranturaya qəbuldan müdafiəyə, sənədlərin Komissiyada ekspertizasından və yekun qərarın qəbuluna qədər cəlb edilmiş hər bir şəxs öz məsuliyyətini dərk etməlidir. Bu səbəbdən biz bu cür narazılıqlara hazırıq. İmtina barədə verilmiş hər bir qərar tam əsaslandırılır və dəqiq faktlara söykənir.
Digər tərəfdən, imtina səbəbinin yalnız plagiat faktları əsasında və ya hər hansı konkret tələbin, prosedur qaydalarının pozulması səbəbindən deyil, o cümlədən dissertasiya işlərinin iddiaçıların özlərinin yox, digər, kənar şəxslər tərəfindən yazıldığı hallarının aşkarlanması səbəbindən də olur. Həmin iddiaçılar mövzuları ilə bağlı veriləcək suallardan çəkinərək əksər hallarda, hətta ekspert şuralarının iclaslarına gəlməkdən belə boyun qaçırırlar. Məsələnin heç anlamadığımız tərəfi isə qeyd edilən kateqoriyadan işlər üzrə iddiaçıların valideynlərinin və ya elmi rəhbərlərinin onların əvəzinə Komissiyanın struktur bölmə rəhbərlərinin, digər vəzifəli şəxslərin qəbullarına gələrək işə dair sualları cavablandırmaq istəkləridir. İddiaçının müdafiə etdiyi elmi iş üzrə yaranan sual və iradların onun valideyni və ya digər nümayəndəsi tərəfindən cavablandırılması həmin işə dair iddiaçının təsəvvürünün, iş barədə məlumat səviyyəsinin göstəricisi kimi çıxış edir.
Bütün bu məqamlarla yanaşı, sizin də vurğuladığınız kimi, Komissiyanın fəaliyyəti ilə bağlı bizim ünvanımıza fərqli mənbələrdən ziddiyyətli fikirlər səsləndirilir. Bir qrup alimlər mövcud qayda və şərtlərin həddən artıq sərt olduğunu, digər qrup isə əksinə, yumşaq olduğunu iddia edirlər. Bir qrup şəxslər isə elmi dərəcə və elmi adların müəssisələr tərəfindən verilməsi ilə bağlı təkliflər səsləndirirlər. Əlbəttə, bu təkliflərdə subyektiv yanaşmalarla bərabər, müəyyən obyektiv məqamlar da mövcuddur. Amma bir məsələni nəzərdən qaçırmayaq ki, çox zaman belə təklifləri səsləndirənlər nümunə kimi inkişaf etmiş dövlətlərdə məsələnin necə tənzimlənməsini misal gətirirlər. Halbuki, bu zaman ölkəmizdə fəaliyyət göstərən müəssisələrlə nümunə gətirilən ölkələrin uyğun müəssisələrinin nüfuzlu beynəlxalq reytinqlərdə tutduqları yerlər arasındakı fərqlər nəzərə alınmır. Digər tərəfdən, təkcə son üç il ərzində Komissiya tərəfindən elmi dərəcə və elmi adların verilməsindən imtina edilməsi haqqında 600-ə yaxın qərarın (onlardan 80 imtina təsdiqini tapmış plagiat faktlarına görə) qəbul edilməsi, müdafiə prosedurlarında ciddi pozuntu hallarının aşkarlanması, artıq müdafiə etmiş iddiaçıların elmi dərəcə almaq üçün iddia etdikləri elm sahəsi və ixtisasları üzrə hətta elementar biliklərə belə sahib olmadıqlarının müəyyən edilməsi həmin müəssisələrdə bu işin hansı şəkildə təşkil olunduğunu göstərir. Plagiat faktları əsasında elmi dərəcə və elmi ad verilməsindən imtina edilmiş şəxslərin, o cümlədən onların elmi rəhbərlərinin adları müəyyən etik səbəblər nəzərə alınmaqla indiyə qədər Komissiya tərəfindən açıqlanmamışdır. Lakin hesab edirik ki, gələcəkdə cəmiyyətdə Komissiyanın fəaliyyətinə kölgə salan, yanlış və həqiqəti əks etdirməyən fikirlər bildirənlərə münasibətdə aşkar edilmiş plagiat faktlarını, iddiaçıların və onların elmi rəhbərlərinin adlarını Komissiyanın rəsmi internet səhifəsində yerləşdirə bilərik. Hərçənd ki, yaxşı olardı ki, plagiat faktları aşkar olunmuş işlərin müdafiə olunduğu təşkilatlarda bu məsələyə ciddi yanaşılsın.
–Müasir elmdə hansı tendensiyalar və çağırışlar müşahidə edilməkdədir? Sizin fikrinizcə, Azərbaycan alimlərinin həmin çağırışlara cavab vermələri, beynəlxalq elm ictimaiyyəti ilə daha sıx əməkdaşlıq etmələri üçün hansı tədbirlər görülməlidir?
–Məlumdur ki, keyfiyyətli tədqiqat və innovasiya fəaliyyəti iqtisadi artıma töhfə verən və insanların həyatını yaxşılaşdıran yeni texnologiyalar, məhsul və xidmətlər yaranmasını stimullaşdırır. Müasir ekosistemin qurulması infrastruktura, insan resurslarına əhəmiyyətli investisiyalar tələb edir. Buna görə də tədqiqat və innovasiyanı təşviq etmək üçün biz adekvat maliyyə mənbələrini müəyyən etməli, tədqiqatlar üçün əlverişli mühit yaratmalı və bu sahədə ən yaxşı istedadları seçərək onların sistemdə fəaliyyətini stimullaşdırmalıyıq. Hər şeydən əvvəl, son illərdə digər inkişaf sahələrində olduğu kimi, texnoloji yeniliklər əvvəlkindən daha çox tədqiqatların aparılmasına yol açmışdır. Bu yeniliklərdən biri də elmi tədqiqatlarda getdikcə daha çox istifadə olunan süni intellektin tətbiqi və maşın öyrənməsidir. Nature və Science kimi elmi jurnallar bu sahədəki son tendensiyaları müzakirə edərək elmi tədqiqatlarda yeni texnologiyaların istifadəsi, elmi fəaliyyətin nəticələrinin reallaşması üçün sənaye müəssisələri ilə əlaqələrin qurulması, elmdə interdisiplinar və multidisiplinar yanaşma, xüsusilə də yeni öyrənmə modelləri və layihələr ilə əlaqəli fəaliyyətin uğur gətirdiyini qeyd edirlər.
Elmi tədqiqatlar sahəsində ən son çağırışlardan biri də təkrarlanmaq qabiliyyəti (repeatability) və şəffaflıqdır. Qeyd edim ki, təkcə ölkəmizdə deyil, dünyanın əksər ölkələrində də bir çox tədqiqatlar üzrə təkrarlanmaq imkanları məhduddur, bu da tədqiqatın nəticələrinə şübhə ilə yanaşmağa səbəb olur. PLOS ONE və Scientific Reports kimi elmi jurnallar, eləcə də bu məsələləri araşdıran tədqiqatçılar elmi tədqiqatların etibarlılığını artırmaq üçün onların daha çox təkrarlanmaq qabiliyyətinə və şəffaflığa ehtiyac olduğunu bildirirlər.
Elmi tədqiqatların aparılmasında digər bir müasir tendensiya elmi məlumatların, başqa sözlə, "data"nın (verilənlərin) açıq şəkildə paylaşılmasıdır. Bunu açıq elm kimi də interpretasiya etmək olar. Bu gün açıq elm elmi jurnallarda da ən çox müzakirə edilən məsələlər sırasındadır.
Elmi tədqiqatların keyfiyyətinin artırılmasının ən optimal və effektiv yollarından biri də beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. Fikrimizcə, Azərbaycan alimləri yeni tədqiqat imkanlarına səbəb ola biləcək fikir mübadiləsi və tərəfdaşlıqlar üçün beynəlxalq elm ictimaiyyəti ilə daha da fəal əlaqə yaratmalıdırlar. Hesab edirik ki, bu yolla Azərbaycan alimləri digər ölkələrin təcrübəsindən qazandıqları bilikləri ölkəmizdə tətbiq etməklə qısa müddətdə daha yaxşı nəticələr əldə edə bilərlər.
–Ali Attestasiya Komissiyasının fəaliyyət istiqamətləri üzrə həyata keçirən islahatların ümumilikdə Azərbaycan elminə hansı təsirləri vardır?
–Komissiya tərəfindən müvafiq elm sahələri üzrə beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri (bazaları) müəyyən edilmişdir. Saxta məqalələrə qarşı mübarizə gücləndirilmişdir. "Web of science", "Scopus" kimi bazalarda məqalə tələbinin ciddiləşməsi bu sistemlərdə ölkəmiz tərəfindən yazılan məqalələrin sayına öz təsirini göstərməkdədir. Məlumdur ki, istər ölkələr, istər müəssisələr üzrə beynəlxalq reytinqlərdə elmi məqalələrin və bu məqalələrə olunan istinadların xüsusi əhəmiyyəti vardır. Ona görə də qanunvericiliyə olunmuş dəyişikliklərdə H-indeksi də nəzərə alınmışdır ki, hazırda həm məqalə sayı, həm də istinad sayı əsas götürülməklə ən yaxşı kəmiyyət və keyfiyyət göstəricisi əldə edilsin. Hesab edirik ki, elmi dərəcə və elmi ad iddiaçılarının və bunu almış tədqiqatçıların sayı artdıqca, ölkəmizin və elmi müəssisələrimizin də beynəlxalq reytinqi artacaqdır.
Komissiya həm də ölkəmizdə elmi müəssisələrin akkreditasiyasını həyata keçirir. Akkreditasiya olunan müəssisələrdə indekslənən jurnallarda yazılan məqalələrin sayının hər il artırılması tələbi qoyulur. Digər tərəfdən, Komissiyada tövsiyə edilən dövri elmi nəşrlərə qoyulan tələblər beynəlxalq standartlara uyğunlaşdırılır. Elmi dərəcə və elmi ad verilməsi üçün elmi məqalələrin Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında Komissiyanın Rəyasət Heyətinin 10 fevral 2023-cü il tarixli qərarı ilə Rəqəmsal Obyekt İdentifikatorunun (DOİ - Digital Object Identifier) alınması tələbinin qoyulması məqalələrin saxtalaşdırılmasının qarşısını almaqda və jurnallarımızın beynəlxalq bazalara düşməsində dəstək olacaqdır.
Biz fəaliyyətimizi Azərbaycanda elmin, elmi səviyyənin beynəlxalq rəqabətədavamlı olması istiqamətində qurmalıyıq. Bu sahədə beynəlxalq təcrübəni yaxından izləyərək özümüzdə mövcud olan sistemi tədricən, evolyusiya yolu ilə həmin təcrübəyə uyğunlaşdırmağa çalışmalıyıq. Son illərdə həyata keçirilən islahatlar bir növ bu cür fəaliyyətin nəticəsidir. Ümumi olaraq bu məsələ ilə bağlı bildirmək istəyirəm ki, elmi-tədqiqat və inkişaf institutları, tədqiqat universitetləri və digər elmi təşkilatlar bu gün dünyada böyümə və irəliləyiş üçün çoxlu imkanlara malikdirlər. Bununla belə, elmi-tədqiqat sahəsinin qarşısında duran bir çox problemlər də var. Fikrimizcə, bütövlükdə ölkəmizdə doktorantura təhsilinin təşkilinə yeni baxış olmalıdır. Bu baxımdan, doktorantura təhsilinin təkmilləşdirilməsi, doktorantlara yeni tədqiqat üsullarının öyrədilməsi, akademik etikaya riayət olunması məsələlərinə diqqətin artırılmasını məqsədəuyğun hesab edirik.
–Müsahibəyə görə təşəkkürümüzü bildiririk.
Zümrüd QURBANQIZI,
"Respublika".