Heydər Əliyev - xilaskarlıq missiyası və Qarabağ amalında təntənə anı
Fenomenal şəxsiyyət, çağdaş Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyev xalqını canı kimi sevirdi. Buna görə xalq öz xilaskarını daim ehtiramla yad edir, ruhuna dualar oxuyur. Dahinin 100 illik yubileyinin qeyd edilməsi də onun nəsillərə örnək həyat yoluna, misilsiz xidmətlərinə dərin ehtiramın müstəsna nümunəsidir.
Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqı qarşısındakı müqayisəyəgəlməz faəliyyəti 1969-1982-ci illərdən - böyük liderin keçmiş Sovetlər Birliyi dönəmində respublikamıza rəhbərlik etdiyi vaxtlardan başlayır. Həmin dövrdə yaşamış dövlət və incəsənət xadimləri, istehsalat və təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində görkəmli şəxsiyyətin müasiri olmalarından qürurlandıqlarını bildirib və vurğulayıblar ki, onun gərgin əməyi nəticəsində Vətənimizin tarixində əsaslı dönüş nöqtəsi yarandı. Bu kateqoriyadan olan şəxslər bildirirdilər ki, Heydər Əliyevə qədər Azərbaycan nəinki dünyada, hətta, sabiq ittifaq miqyasında da, demək olar, tanınmırdı.
Bəli, Heydər Əliyevədək zəngin yerüstü və yeraltı sərvətləri ilə mərkəzi hakimiyyətin diqqətini çəkən respublikamızın adı imperiya ucqarlarından biri kimi çəkilirdi. 1969-cu ilin tarixi iyul plenumunda onun respublika mərkəzi komitəsinin birinci katibi təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrünə start verildi. Ümummilli lederin təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edildi, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirildi. Beləcə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin formalaşdırıldı, kadr potensialı hazırlandı.
Heydər Əliyevin ikinci hakimiyyət dövrü dövlət müstəqilliyimizə qovuşduğumuz mərhələnin çox çətin, mürəkkəb və ziddiyyətli illərinə təsadüf etdi. Hər kəsin xatirindədir ki, 1990-cı illərin əvvəlləri Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı zaman kəsiyi kimi həkk olub.
Ölkəmizin ərazisinin 20 faizi işğal edilmiş, 1 milyondan çox vətədaşı öz doğma yurd-yuvasından didərgin düşərək, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum duruma düşmüşdü. Birinci Qarabağ müharibəsində 20 mindən çox şəhid vermişdi Vətənimiz. O illər Heydər Əliyev şəxsiyyəti üçün də heç də rəvan keçmədi. Lakin böyük şəxsiyyət qeyri-adi iradəsi, uzaqgörənliyi, məharəti ilə mərhumiyyətlərə və çətinliklərə sinə gərməyi bacardı. Bu, mümkünsüzün mümkünə çevrilməsi, liderliyin təntənəsi anı idi.
Avtoritar Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş vermiş 20 Yanvar faciəsindən sonra doğulduğu Naxçıvana qayıtmış ulu öndər xalqın iradəsi ilə Naxçıvan Ali Məclisinə rəhbərlik etməyə başladı. Bu müqəddəs diyarımızın əhalisi müdrik rəhbərin ətrafında sıx birləşərək, onun timsalında xilas yolunu seçdi.
17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə, Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq, üçrəngli bayrağımız dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsinə çevrildi. Bu, azərbaycançılıq ideologiyasının ilk təntənə anı idi. Bu, həm də üçrəngli, ay-ulduzlu bayrağımıza, milli-mental dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyevin özünü təhlükə qarşısında qoyaraq, xalqına xidmət etməyi hər şeydən üstün tutmasının, bu yolda hər hansı çətinlikdən, qadağadan qorxmadığının bəyan edilməsi idi. Yalnız doğma yurduna sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdilər.
XX əsrdə ikinci müstəqilliyinə qədəm qoymuş Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi böyük sosial sifarişə, mənəvi tələbata çevrilməkdəydi. Məhz belə bir dövrdə xalq-lider vəhdəti öz sözünü dedi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək, 1993-cü ilin iyunun 15-də Bakıya gəldi. Nəticə etibarilə Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir mərhələsi start götürdü.
Təsəvvür edin, anarxiya, xaos baş alıb gedir, torpaqlarımız Ermənistan tərəfindən işğala məruz qalırdı. Belə bir şəraitdə, eyni zamanda, iqtisadiyyatı dağılmış, ordusu pərən-pərən düşmüş ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət və unikal bacarıq tələb edirdi.
Heydər Əliyev üzərinə götürdüyü məsuliyyətli işin öhdəsindən böyük ustalıqla gəlməyə müvəffəq oldu. Prezident kimi fəaliyyətə başladığı ilk gündən xalqa arxalandı, xalq da ona dəstək verdi, ətrafında həmrəylik nümayiş etdirdi. Ulu öndər Vətənimizin təhlükədə olduğunu izah edərək hər kəsdə özünəinam hissini aşıladı. Onun çağırışdan ruhlanan yüzlərlə, minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Hər kəs qəti şəkildə əmin oldu ki, dövlətin rəhbərliyi etibarlı əllərdədir, ordu müdrik sərkərdənin komandanlığı ilə idarə olunur.
Ulu öndərin müstəqillik dövründə həyata keçirdiyi mühüm islahatlar kursunda ordu quruculuğu vacib halqanı təşkil etdi. Təsadüfi deyil ki, 1994-cü ildə cəbhədəki ilk uğurlu əməliyyatın müəllifi, məhz, Ulu Öndər idi. Həmin dövrdə dahi lider cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən əsgər və zabitlərlə daimi təmasda olur, müxtəlif görüşlər keçirir, onları müqəddəs amal - gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması naminə müqəddəs mübarizəyə ruhlandırırdı. Heydər Əliyev zabitlərə, kursantlara xitabən deyirdi: "Sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir".
Ulu öndər Heydər Əliyevin dövlətçilik xəttində varislik prinsipi başlıca yeri tutur. Bu prinsip, eyni zamanda, Azərbaycanın müstəqilliyinin əbədilik təminatıdır. Mövcud anlamda ümummilli liderin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciəti müstəsna əhəmiyyət daşımaqdadır. Böyük şəxsiyyət həmin müraciətində özünün siyasi varisi İlham Əliyevi nəzərdə tutaraq bildirmişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək".
Bəli, İlham Əliyevin 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərindəki möhtəşəm qələbəsi xalq-Heydər Əliyev vəhdətinin bütün anti-Azərbaycan qüvvələrə qarşı misilsiz demarşı idi. Tariximiz həmin vaxtadək siyasi varisliyin belə qürurlu və fəxarət dolu səhnəsinə şahidlik etməmişdi. Bu şahidlikdə gələcək uğurlarımız, Azərbaycanın müstəqillik dayaqlarının möhkəmləndirilməsi hədəfi var idi.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində ölkəmizdə uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edildi. İqtisadi uğurlar həyatın bütün sahələrinə müsbət təsirlərini göstərməyə başladı. Nəzərə alsaq ki, torpaqlarımız işğal altında qalmışdı, ən mühüm təsirin ordu qurucluğunda hiss edilməsi labüd idi. Təsadüfi deyil ki, cənab İlham Əliyev ordumuzun hərbi qüdrətinin artırılmasını prioritet vəzifəyə çevirdi. Paralel olaraq, milli vətənpərvərlik təbliğatını gücləndirdi.
Mövcud istiqamətlərdəki məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, hazırda ordumuz nəinki regionun, bütövlükdə dünyanın ən qüdrətli orduları sırasındadır. Belə bir ordu Qarabağın işğalda qalması ilə barışa bilməzdi və barışmadı da. Qətiyyətlə söyləyə bilərik ki, 44 günlük müharibədəki müqəddəs Zəfərimiz, həm də ulu öndər Heydər Əliyevin Qarabağ savaşının məntiqi sonluq nöqtəsi kimi tariximizdə yaşayacaqdır.
Rahib KƏRİMLİ,
"Ad günü” jurnalının təsisçisi və baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.