"Zərifə Əliyeva ömrünün işığı”
BƏNZƏRSİZ ÜRƏK SAFLIĞININ TƏCƏSSÜMÜ OLAN BİR İNSAN – ZƏRİFƏ XANIM ƏLİYEVA
2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, Müzəffər Ali Baş komandan İlham Əliyevin və Sevil xanımın anası Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.Prezident İlham Əliyev 2022-ci ilin noyabr ayında Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Xeyirxah insanlar haqqında belə deyirlər ki, xoşbəxt ulduz altında dünyaya göz açıb. O ulduz ki, Tanrının taleyinə yazdığı ömür yolunu elə həmin ulduzun şəfəqləri ilə işıqlandırır, başqalarına da pay verir.
Zərifə xanım Əliyeva görkəmli alim-oftalmoloq olmuşdur. Təkcə oftalmoloqmu?! Xeyir, O, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Onun elmdə məqsədyönlü fəaliyyəti indi də insanı valeh edir. Axı onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənəşdirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki elmin bu sahəsi olduqca ağırdır və onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi bilgilər tələb edir. Üstəlik yüksək təşkilatçılıq bacarığının olması da vacibdir. Məhz bütün bu keyfiyyətlər Zərifə xanım Əliyevaya xas idi.
Hippokrat andına sadiqliyin yaradıcılıq bəhrəsi
1767-ci ildə Helmolts adına institutun İxtisaslaşmış Elmi Şurasında onun tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya müdafiəsi indi də məmnuniyyətlə xatırlanır.
Zərifə xanım peşə patologiyası sahəsində görkəmli oftalmoloq, geniş profilli mütəxəssis həkim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında oxuduğu mühazirələr bunu bir daha sübut edir.
Görkəmli alim istər Oftalmoloqlar Cəmiyyətinin qurultaylarında, plenumlarında Moskva Oftalmoloqlar Cəmiyyətinin plenar iclaslarında etdiyi məruzələr, istərsə də, publisistik çıxışlarında özünün natiqlik istedadını göstərmişdir. Müxtəlif səviyyəli auditoriyalarda belə onun deontologiya məsələlərinə həsr olunmuş məruzələri necə də heyranlıqla dinlənirdi, istər-istəməz məruzəçinin fəlsəfəyə, səhiyyəyə aid ədəbiyyatı dərindən bildiyi hiss olunurdu.
Məlumdur ki, 40-50 yaş arası alim üçün daha məhsuldar fəal dövr hesab olunur. Zərifə xanım peşə patologiyasına və digər problemlərə həsr olunan əsas tədqiqatları ilə bunu bir daha sübut etdi. Məhz həmin yaş dövrünün peşə diaqnostikasına dair monoqrafiyanı nəşr etdirir. Onun elmi tədqiqatları arasında göz damarlarının anormallığı, gözün hidrodinamik sistemi məsələləri də əsas yer tutur. Elmi tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına görə haqlı olaraq Zərifə Əziz qızı Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü kimi fəxri ada layiq görüldü.
Zərifə xanımın hərtərəfli istedadı incəsənətdə də üzə çıxmışdı. O, fortepiano sinfi üzrə musiqi təhsili almışdı. Musiqi təhsili alan musiqiçilərin əksəriyyəti yalnız not üzrə çalır, əgər belə demək mümkünsə, yalnız bəstəkarın bəstələdiyi musiqini ifa edir. Zərifə Əliyeva ifasında həm klassik, həm də populyar musiqini böyük zövqlə ifa edir, həm də röyalda zəngin daxili hisslərini, bütövlükdə musiqinin mahiyyətini, məğzini dinləyiciyə çatdıra bilirdi. O, müəllifin bəstələdiyi akkord və melodiyaları "quru” şəkildə ifa etmir, musiqi əsərinin əsas məğzini şəxsi hisslərinin süzgəcindən keçirirdi.
Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti 1983-cü ildə nəşr etdirdiyi "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiyyə etikası və əxlaq məsələləri” əsərində özünü daha parlaq biruzə verir. Bu mövzuya həsr olunan çıxışlarında Zərifə xanım bilik və təcrübəsini həkim həmkarlarına çılğınlığı, inam hissi ilə aşılayırdı. Qeyd etmək lazımdır ki, onun çap etdirdiyi elmi əsər mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə səhiyyə aləmində deyil, məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə insanların qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm rol oynayır.
Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin həyati mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: "Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıca isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Sədaqətli həyat yoldaşı, qayğıkeş ana
Yaddaşın nə zamansa ilk baxışdan kiçik, lüzumsuz görünən elə məqamları üzə çıxır ki, insan həyatdan köçəndən sonra məhz o məqamların daha önəmli, əhəmiyyət kəsb etdiyini anlayırsan. Bu isə "ölülərdən çox dirilərə lazımdır”. Nə qədər ki, bizim yaddaşımız yaşayır, deməli, həmin yaddaşdakı adam da yaşayır. Neçə ki, bizim beynimizdən qiymətli xatirələr silinib getməyib, istər-istəməz xatırlamaq anlamaq, fikirləşmək, yazmaq istəyirsən.
Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi.Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb – ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana idi. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli liderimiz, əbədi prezidentimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi.Onların biri-biri üçün dünyaya gəldiklərini təsdiqləyən şahidi olduğum bir məqamı xatırladım.
...Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasında tanınmış oftalmoloqun həyat fəaliyyətinə həsr olunmuş müzeyin açılışında iştirak edən ümummilli lider Heydər Əliyevə xatirə kitabında ürək sözlərini yazmasını xahiş etdilər. Ulu Öndər qələmi əlində bir anlığa saxladı, nəzərlərini boş vərəqin üzərində gəzdirdi. Sanki vaxtsız itirdiyi Zərifəsini axtarırdı. Nəhayət, titrək əlləri ilə ürək sözlərini yazdı: "Mənim ömür-gün yoldaşım, mərhum Zərifə xanımın adını daşıyan poliklinika ilə tanış olmaq, onun xatirəsinə həsr edilmiş guşəni seyr etmək məni dərin hissiyyatlara gətirdi. Xatirimdən heç vaxt çıxmayan, mənim üçün çox əziz olan insanın həyat və yaradıcılığını əks etdirən bu guşə məni coşdurdu. Bunların hamısı onun insani keyfiyyətlərinin böyüklüyünə, böyük elmi və həkimlik xidmətinə layiqli abidədir.” Bu sözlər müdrik , böyük şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşına sədaqət nümunəsi, vəfa borcu idi.
Ulu öndər Heydər Əliyev daha bir xatirəsində Zərifə xanım Əliyeva haqqında belə deyirdi:
"Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi.”
"Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.”
"Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.”
"Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür.”
Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında:
"Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq – insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq – insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı.”
"Tale Zərifə xanıma elə bir insan qismət etmişdi ki, onunla tanışlığın nəticəsində Zərifə xanımın bütün həyatı dəyişmişdi. Onlar – siyasi hakimiyyətdəkilərin gözündən düşmüş keçmiş dövlət xadiminin qızı və dövlət təhlükəsizlik orqanlarının gələcək vəd edən gənc əməkdaşı bir yerdə olmaq üçün hansı sınaqlardan keçmədilər! Bu, onların "şəxsi sirri”dir.”
"Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi.”.
"Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar elm xadimi, SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatı laureatı, tibb elimləri doktoru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri Zərifə Əziz qızı Əliyevanın adı həm alim, pedaqoq, həkim, ictimai xadim, həm də bənzərsiz ürək saflığının təcəssümü olan bir insan kimi onunla ünsiyyətdə olan hər bir adamın qəlbində əbədi yaşayacaqdır.
Təəssüf ki, müstəqil Azərbaycanımızın bu gününü görə bilmədi Zərifə xanım. Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. Sarsıldı, həyatı qədər sevdiyi Zərifə xanımı itirdi, onun yoxluğu ilə heç cür barışa bilmədi. Bir azca qəddi də əyildi, amma sınmadı. Yaşadı...
Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqaları üçün nümunə olmuşdur. İndi onunla bağlı hadisələr yaddaşın dərin qatlarında üzə çıxanda bu bənzərsiz insanın işıqlı obrazı cilalanmış almaz kimi göz önündə canlanır, bərq vurur. Belə yüksək insani keyfiyyətlərinə görə akademik, Əməkdar elm xadimi Zərifə xanımı hamı doğmaları kimi sevirdi. Xeyirxahlığı həyat amalı seçən Zərifə xanım təbiətə, insanlara qəlbinin hökmü, ürəyinin hərarəti ilə baxırdı. Gözlərinə nur verdiyi xəstələrinin istəklərini adi bir baxışla hiss edir, arzularını yerinə yetirməyənə qədər rahatlıq tapmırdı. Zərifə xanımın şəfalı əlləri ilə işıqlanan baxışlar isə daim minnətdarlıq hissi ilə dolu olurdu.
Aygül BAĞIROVA,
AJB üzvü.
DANIŞAN FOTOLAR – TARİX YAŞAYAN ANLAR: