reklam
USD
9 ℃
EUR
BAKI

Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında tarixi xidmətləri

NƏŞR / 09.06.2023 00:54

Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında tarixi xidmətləri


     Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz  ölkələrinin iqtisadi və mədəni  yüksəlişini təmin edir, həm də dövlətçiliyə böyük tövhə vermiş olurlar. Bu mənada Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərtdiyi qayğı və diqqət özünəməxsusluğu ilə seçilir. Belə ki, Ümummilli Liderimiz  Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi  mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi dəyərləndirilir.
      Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. "Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”, - deyən dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb. Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib. Ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatları bu sahənin inkişafında xüsusi mərhələ təşkil edir.
     Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilən təhsil islahatları bu sahənin inkişafına zəmin yaratdı. Hələ 1972-ci ildə "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarların icrası nəticəsində respublikada orta məktəb şəbəkəsi genişləndirildi, əsaslı keyfiyyət dəyişikliyinə nail olundu. Həmçinin məktəblərin dərsliklərlə təminatı problemi həll edildi və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanıldı.
      Həmin dövrdə təhsilin inkişafına xüsusi diqqət məktəb tikintisində də özünü göstərdi. 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdı. Şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minə yüksəldi. 1970-1980-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi.
      Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7, təhsilalanların sayı isə 2,5 dəfə artdı. Onun təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirildi, 54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başladı.
      Ümummilli lider Heydər Əliyevin Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artdı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.
     Dahi rəhbər Heydər Əliyevin himayəsi sayəsində 1970-ci ildən başlayaraq hər il gənclər SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. 1970-1980-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradıldı. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynadı.
     Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu 1982-1987-ci illərdə də Azərbaycan gənclərinin respublikanın hüdudlarından kənarda təhsil almasına şərait yaradırdı. Tez-tez azərbaycanlı tələbələrlə görüşür, onların problemlərinin həlli üçün bütün imkanlardan istifadə edirdi. Onları "Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirirdi. 
    Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra elm və təhsilə göstərilən diqqət və qayğı elə ilk günlərdən bir daha özünü göstərib. Heydər Əliyevin tarixi qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil müəssisələrini normal fəaliyyət halına gətirməklə, təhsilin milli tərəqqimizin həqiqi, güclü amilinə çevrilməsi üçün bu sahədə geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürüb.
      Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonrakı illərdə, bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində də bir sıra uğurlar əldə edilib. Bu uğurların ilhamverici qüvvəsi və qarantı məhz Heydər Əliyev idi. Onun müdrik daxili və xarici siyasəti, yaratdığı sabitlik təhsilin inkişafına əlveişli zəmin yaradıb. Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində də islahatın memarı və qurucusu idi. Onun hakimiyyətə xilaskar missiyalı qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində tənəzzülün, depresiyanın qarşısını almağa imkan verdi, təlim-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi şərait yaranıb.
      Ümummilli liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bütün sahələrində görünməmiş uğurlar qazanıldı.
1993-cü ilin iyununda xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular.
     Ümummilli lider hələ Azərbaycana birinci rəhbərliyi dövründə təhsilin inkişafına böyük önəm verirdi. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdır. Ulu öndər yaxşı bilirdi ki, yüksək ixtisaslı mütəxəssislər yetişdirilməsi istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Buna görə dahi öndər cəmiyyətin inkişaf zəminini düzgün olaraq təhsildə və maarifçilikdə görürdü, bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi. 
      Keçmiş sovetlər dövründə ulu öndər Azərbaycan təhsilinin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırmış, mövcud potensialı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etmişdir. Məhz həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdır. Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmiş, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artmışdır.
     O illərdə Azərbaycanın əldə etldiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Bu məqsədi uğurla həyata keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır. Sonralar təhsilin inkişafının real göstəricisi kimi, ulu öndər Heydər Əliyev iftixarla deyirdi: "... İndi dörd qitənin elçiləri təhsil almaq üçün Azərbaycana gəlirlər”.
      Bəli, Ümummilli lider Heydər Əliyev öhdəsinə düşən bütün işləri yüksək səviyyədə reallaşdırdığı üçün məhz 1983-cü ildə SSRİ-də məktəb islahatı da Nazirlər Soveti sədrinin birinci müavini kimi ona tapşırılmışdı. Ulu öndərin bu işin öhdəsindən layiqincə gəldiyini yaxşı xatırlayırıq.
    1993-cü ilin iyununda Bakıya qayıdan ümummilli liderin xüsusi diqqət yetirdiyi məsələlərdən biri təhsil sisteminin yaxşılaşdırılması ilə bağlı idi. Buna görə də ulu öndər təhsilin milli tərəqqinin gerçək amilinə çevrilməsi üçün geniş islahatlar proqramının hazırlanaraq reallaşdırılması vəzifəsini qarşıya qoydu. 1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncamı imzalaması isə bu sahədə təkmil qanunverici bazanın formalaşdırılması, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılması məqsədindən irəli gəlmişdi. Çox qısa müddətdə komissiyanın hazırladığı "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" geniş müzakirələrdən sonra 1999-cu ilin iyununda imzalanaraq qüvvəyə minmişdi. Həmin proqram ölkəmizdə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, milli təhsil ənənələrinə sadiq qalmasını da təmin etdi.
     Heydər Əliyevin "İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır" - konseptual göstərişini əsas tutaraq ümumi orta təhsil sistemində də bu müddət ərzində ciddi irəliləyişlər əldə olunub. Ulu öndər təhsil haqqında deyib: "Təhsil millətin gələcəyidir; Mən millətimdən yüksək ad tanımıram; Müəllim sənəti şərəfli bir sənətdir”.
     Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri yeni əlifbaya keçilməsi - latın qrafikalı əlifbanın reallığa çevrilməsi idi. Heydər Əliyevin "Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır" - tarixi çağrışı təhsil sistemində özünün tam həllini tapıb. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.
     Ulu öndər Heydər Əliyev azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Ümummilli liderimizin fikrincə, ana dili azərbaycançılığın təməl prinsipi idi.
     Dahi rəhbəri düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi idi. Onun təşəbbüsünün və uzaqgörənliyinin nəticəsi olaraq 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Hərbi məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı. Ulu Öndər taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edənlərə böyük hörmətlə yanaşır və onların xidmətlərini həmişə yüksək qiymətləndirirdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna rolu olub. Bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və rəşadət göstərdilər.
     Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi ilə təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, azərbaycanlı gənclərin respublika hüdudlarından kənardakı ali məktəblərə təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi, Respublika Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaradırdı.
      "Təhsil millətin gələcəyidir”, - deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993-2003) bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Nəzərə almaq lazımdır ki, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində soydaşlarımızın deportasiyası və Qarabağın dağlıq hissəsinin işğal edilməsi ilə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi Azərbaycan təhsili üçün əlavə çətinliklər yaratmışdı. Respublikanın çox ağır vəziyyətində rəhbərliyə qayıdan Heydər Əliyev bir çox problemləri həll etməklə yanaşı, təhsil sahəsində zamanın tələblərinə uyğun islahatlar həyata keçirməyə başladı. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi, planlı islahatların əsası qoyuldu. Ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artdı. Əgər 1993-1994-cü tədris ilində respublikanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil alıbsa, 2002-2003-cü tədris ilində 4561 ümumtəhsil məktəbində 1 milyon 600 min nəfərdən çox yeniyetmə təhsilini davam etdirirdi.
     Bununla yanaşı, təhsil sisteminin maddi-texniki bazası yaxşılaşdırıldı, 200 yeni məktəb binası tikilərək istifadəyə verildi, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi təşkil edildi. İstedadlı uşaqların qabiliyyətini inkişaf etdirmək məqsədilə 30-a yaxın lisey və gimnaziya təşkil edilərək buraya 12 minə yaxın şagird cəlb olundu.
     "Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”, - deyən Ulu Öndər Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm işlər görüb. 1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu.
     "Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun, "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust, "Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar təhsilimizin dünya standartları səviyyəsinə qaldırılmasında böyük rol oynayıb. Bununla yanaşı, Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının tədrisinə, mükəmməl dərsliklərin hazırlanmasına, Azərbaycan dilinin öyrədilməsinə, xüsusilə dövlət dili statusunda təbliğinə diqqət artırıldı. Əlbəttə ki, Heydər Əliyevin Azərbaycan dili ilə bağlı gördüyü işlər ayrıca bir yazının mövzusudur. Təkcə onu xatırladaq ki, 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyanda Azərbaycan dilinin ana dili kimi təsbit edilməsi, o illərdə dördcildlik "Müasir Azərbaycan dili” dərsliyinə Dövlət Mükafatının verilməsi Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi.
     "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” 2002-ci il 4 oktyabr tarixli, "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” 2003-cü il 17 fevral tarixli sərəncamlar ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaradıb, mövcud problemlərin aradan qaldırılması yönümündə mühüm addımlar oldu.
     İslahatlar təkcə təhsil müəssisələrini əhatə etmir, gənclərin təhsilə həvəsləndirilməsi üçün də əsaslı işlər görülürdü. Ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında 2001-ci il 3 sentyabr tarixli Fərman bunun bariz nümunəsidir.
     "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, - deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi rifah vəziyyətinin yaxşılaşdırılmasının qayğısına qalırdı.
     Ulu Öndər 1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında bu barədə danışaraq deyirdi: "Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq”.
     Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür.
      Ulu Öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər vermiş, "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” demiş, bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul etmişdir. Heydər Əliyevin bir özəlliyi də ondan ibarət idi ki, hər yeni tədris ilinin ilk günündə məktəblərdə olur, müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi.
    Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqəti dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, son illərdə müəllim nüfuzunun yüksəldilməsi istiqamətində taleyüklü addımlar atılmışdır. Azərbaycan müəllimlərinin XIV Qurultayının iştirakçılarına təbrik məktubunda ölkə Prezidenti İlham Əliyev demişdir: "Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır”.
 Son illərdə müəllimlərin işə qəbulu sahəsində mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq edilmiş, qaydalar şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilmiş, nəticədə ümumi təhsil müəssisələrində vakant yerlərin 100 faiz tutulması təmin edilmiş, uzun illər ərzində ixtisaslı kadrlara ehtiyacı olan ucqar kənd məktəblərinin kadr təminatı problemi, demək olar ki, həll edilmişdir. Nazirlər Kabinetinin qərarına əsasən, kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilmiş, ümumilikdə 10 mindən çox müəllim həmin stimullaşdırıcı tədbirlərdən faydalanmışdır.
    Dövlət başçısının sərəncamına əsasən, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatmış, onların həftəlik dərs yükü 1.5, vəzifə maaşı 2 dəfə artırılmışdır. Təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmışdır və beləliklə, onların orta aylıq əməkhaqqı 600 manatı ötəcəkdir. Peşə təhsili də daxil olmaqla bu tədbirlər ümumilikdə 160 minədək müəllimi əhatə etmişdir. Bu qərarlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilmiş və ölkədə təhsilin inkişafına, keyfiyyətin yüksəldilməsinə təkan verərək müəllimləri daha əzmlə fəaliyyət göstərməyə ruhlandıracaqdır.
     Heydər Əliyev fədakar əməyi ilə fərqlənən müəllimlərin fəaliyyətinin rəğbətləndirilməsinə xüsusi diqqət yetirirdi. 1970-ci illərdə 817 nəfər "Əməkdar müəllim” fəxri adı almış, 3 nəfər müəllim o dövrün ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.
     Prezident İlham Əliyev də hər zaman müəllim əməyinə yüksək dəyər vermiş, onların fəaliyyətinin maddi və mənəvi stimullaşdırılması ilə bağlı ardıcıl olaraq qərarlar qəbul etmişdir. Məhz onun rəhbərliyi dövründə hər il müəllimlərin peşə bayramı ərəfəsində təltif edilməsi təcrübəsi tətbiq edilmiş, bu dövrdə 3 mindən çox təhsil işçisi dövlət təltiflərinə, o cümlədən 1500 nəfər "Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
     Heydər Əliyevin respublikadan kənarda milli kadr hazırlığı sahəsində apardığı siyasətin mühüm istiqamətlərindən biri də milli hərbi kadrların yetişdirilməsidir. Həmin illərin ən əhəmiyyətli hadisələrindən biri kimi keçmiş SSRİ-nin ali hərbi məktəblərinə azərbaycanlı gənclərin sistemli şəkildə göndərilməsidir. Heydər Əliyevin birbaşa rəhbərliyi və qayğısı ilə 1972-ci ildən etibarən hər il yüzlərlə gənc keçmiş SSRİ-nin böyük təcrübəyə malik ali hərbi məktəblərinə təhsil almağa göndərilirdi. Bununla yanaşı, həmin illərdə Azərbaycanda orta və ali hərbi təhsil sisteminin yaradılması xüsusi əhəmiyyət daşıyırdı. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda C.Naxçıvanski adına Hərbi Məktəb yaradıldı və hərbi məktəblər şəbəkəsinin sonrakı inkişafında mühüm rol oynadı. Bu gün müstəqil Azərbaycanın Milli Ordusuna rəhbərlik edən zabitlərin əksəriyyəti məhz Heydər Əliyevin xeyir-duası ilə o illərdə təhsil almağa göndərilən və ölkəmizin hərbi məktəblərini bitirən gənclərdir. 
      Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi son illər uğurla davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. İnsan kapitalının inkişafına yönəlmiş həmin proqram çərçivəsində ümumilikdə 3558 nəfər Azərbaycan vətəndaşı Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququ qazanmışdır. Həmin universitetlər dünyanın 500 ən güclü universiteti sırasındadır. 
      Proqram çərçivəsində təhsil almış tələbələrin böyük əksəriyyəti məzun olmuş və ölkəmizə qayıtmışdır. Hazırda məzunların 60 faizi özəl, 40 faizi dövlət sektorlarında fəaliyyət göstərir. Proqram təqaüdçüləri ölkə iqtisadiyyatının müxtəlif sahələrində, ayrı-ayrı dövlət qurumlarında (nazir müavini, millət vəkili), beynəlxalq təşkilatlarda (BMT), transmilli şirkətlərdə ("Microsoft”, "Google”, "Bloomberg”, "Samsung”, "LG”, "BP” və s.) və özəl sektorda töhfələrini verməkdədirlər. Sevindirici haldır ki, məzunlar arasında universitetlərimizdə akademik fəaliyyətlə məşğul olanlar da az deyildir.
 
Prezident İlham Əliyev tərəfindən təhsil sahəsində islahatların davamlılığı təmin edildi. Onun təşəbbüsü ilə hazırlanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 2013-cü il oktyabrın 24-də təsdiq edildi. Əlamətdar haldır ki, təhsilin inkişaf strategiyası həmin ildə dövlət başçısının yeni prezidentlik müddətində imzaladığı ilk sənəd olmuşdur. Strategiyanın əsas məqsədi ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, təhsilin məzmununun, kadr hazırlığının, idarəetmə sisteminin, infrastrukturun və maliyyələşmənin qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması və ölkənin davamlı inkişafının təmin edilməsidir.
    Dövlət başçısı İlham Əliyevin fəaliyyətində də bu ana xətt uğurla inkişaf etdirilmişdir. 2013-cü ildə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş, 2018-ci ildə "Azərbaycan Dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalanmışdır.
    Cənab Prezident vurğulamışdır: "...həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Ona görə mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır”. Bununla da Prezident təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkmişdir.
Torpaqlarımızı işğaldan azad edən qəhrəmanların igidlikləri tariximizə əbədi daxil oldu. Vətən müharibəsi təhsilimizə də təsirsiz ötüşmədi. Azərbaycan müəllimi bu müharibədə torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərə qatıldı. Onların övladlarımıza verdikləri vətən sevgisi ilə biz bu müharibədən üzüağ çıxdıq. 44 günlük Vətən müharibəsində 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucaldı. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif ediliblər.
     Azərbaycan Respublikasşnşn Təhsil naziri Emin Əmrullayevin sözləri ilə desək, "Müharibənin təhsilimizə mənfi təsirləri də oldu. Bu müharibə 10 şagirdin həyatına son qoydu, məktəb infrastrukturuna ciddi ziyan dəydi – 60 təhsil müəssisəsi dağıntılara məruz qaldı. Lakin qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanlar sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Vətən müharibəsi bizə çox şey öyrətdi. Qələbəmizin hər anını addım-addım şagirdlərimizə və tələbələrimizə öyrətməliyik ki, bir daha heç bir mənfur qüvvə Azərbaycana qarşı qalxmağa cürət etməsin”.
     Güclü dövlət qurmağın yolu həm də təhsildən keçir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qələbəsini tədrisə inteqrasiya etmək məqsədilə "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilib. Artıq "Qələbə dərsləri” adı altında müxtəlif fənn və sinifləri əhatə edən mövzular hazırlanaraq Təhsil İnstitutunun rəsmi səhifəsində yerləşdirilib. Müəllimlər bu mövzuları virtual dərslərdə keçirlər. Həmçinin teledərslərdə də qələbəyə həsr olunan süjetlər hazırlanıb.
     Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib. Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir. Bunun da nəticəsində respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir.  Ölkəmizin təhsil sistemi MDB məkanında ən irəlidə gedən təhsil sistemidir. Əminliklə deyə bilərik ki, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradılıb. Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı"na dair Fərmanı təhsil sahəsində görülmüş işlərin bir nümunəsidir. 
      Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim təhsilin inkişafına böyük töhfələr verməkdədir. Belə ki, ulu öndərin adını daşıyan fondun maliyyə vəsaiti hesabına respublikamızda onlarla təhsil müəssisəsi təmir edilib, tikilib istifadəyə verilib. Bu da onu göstərir ki, Azərbaycan təhsili hərtərəfli qayğı ilə əhatə olunub.
     Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.   

Rahib KƏRİMLİ,
"Ad günü” jurnalının və "carciTV” İnformasiya Agentliyinin təsisçisi baş redaktoru, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm” Media mükafatı laureatı.


Oxunub: 662






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim