Heydər Əliyev–100
HEYDƏR ƏLİYEV İRSİ
AZƏRBAYCANIN MİLLİ SƏRVƏTİDİR
HEYDƏR ƏLİYEV: "Nə qədər ki Azərbaycan var, mən də varam.
Mən isə Azərbaycanda əbədi olacağam!”
Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə öz liderinin əsəridir. Azərbaycanın müasir tarixi Ümummilli Lider Heydər Əliyevdən ayrılıqda təsəvvür edilmir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin uzunmüddətli və dinamik inkişafının ideya müəllifidir. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır.
XX əsrin 60-cı illərinin ortalarından etibarən Azərbaycanda əhalini narahat edən problemlər və ictimai ovqatda hakim olan ideyalar cəmiyyətdəki keçmiş Sovet respublikaları arasında aydın hiss olunan geriliyi aradan qaldırmaq, neqativ hallarla qəti mübarizə aparmaq, iqtisadiyyatı və sosial sahəni inkişaf etdirməklə birbaşa əlaqədar idi. O zamankı Azərbaycanın lideri Heydər Əliyevin fəaliyyətinin hərəkətverici qüvvəsi kimi çıxış edən arzuları da məhz həmin aktual problemlərin həlli üzərində kökləndiyindən, onun mahiyyət etibarilə yenilikçi xətti insanlar tərəfindən qətiyyətlə dəstəklənir və lazımi səmərə verirdi.
Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycana uğurla rəhbərliyi, qazanılan möhtəşəm sosial-iqtisadi inkişaf göstəriciləri yeni tipli idarəçilik modelinin inkaredilməz nümunəsi sayıla bilər. Qısa vaxtda o dövrün qabaqcıl texnologiyalarına əsaslanan sənaye və kənd təsərrüfatı məhsulları istifadə edən müasir müəssisələr yaradıldı, iqtisadi fəallıq və əmək məhsuldarlığı ciddi şəkildə yüksəldi, əhalinin məşğulluq səviyyəsi artdı. İqtisadi fəallığın və məşğulluğun əhəmiyyətli dərəcədə yüksəlməsi Heydər Əliyevin arzularının əsas məqsədinin həyata keçirilməsinə- əhalinin rifahının yaxşılaşdırılmasına etibarlı əsaslar yaratdı.
Müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi xalqımızın taleyində Heydər Əliyevin arzularının və ideyalarının təcəssümünün yeni ifadəsi sayıla bilər və sayılmalıdır. Onun müstəqil Azərbaycanın Prezidenti seçilməsi hələ ötən əsrin 70-ci illərində reallaşdırmağa çalışdığı, lakin mövcud rejimin ideoloji buxovlarının imkan vermədiyi arzularını həyata keçirməyə real şərait yaratmışdı. Dərin vətənpərvər insan olan Heydər Əliyev indi həmin arzu və ideyalarını həyata keçirməyə tarixi şəraitin yetişdiyini dərk edir və bütün fəaliyyətini bu istiqamətdə qururdu.
Müstəqil Azərbaycan dövlətinin qurulması Heydər Əliyevin arzuları və ideyaları sistemində, heç şübhəsiz, mərkəzi yer tuturdu. Onun fəxrlə, xüsusi qürur hissi ilə müstəqil Azərbaycan dövlətinin qurulmasını özünün fəaliyyətinin başlıca qayəsi, şah əsəri hesab etməsi deyilən fikrin təsdiqi kimi başa düşülməlidir.
Ötən əsrin 70-80-ci illərində sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə onun sosial, iqtisadi və mədəni inkişafına, əslində isə çoxlarının birmənalı şəkildə qeyd etdiyi kimi, intibahına nail olmuş Heydər Əliyev yeni tarixi şəraitdə xilaskarlıq missiyasını öz çiyinləri üzərinə götürdü. Qısa vaxtda yuxarıda sadalanan böhranlar, təlatümlər, təhlükələr aradan qaldırıldı. Azərbaycan yenidən canlandı, ölkədə iqtisadi və siyasi islahatlar keçirildi, ən əsası isə insanlar müstəqilliyin və azadlığın faydalarını görməyə başladılar, xalq isə, sözün həqiqi mənasında, öz taleyinin sahibi oldu.
Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olması, xalqın çoxdan arzuladığı azadlığa qovuşması tariximizin şanlı səhifələrini təşkil etdiyi kimi, ölkəmizin erməni təcavüzünə məruz qalması, 20 faiz torpaqlarımızın işğal olunması, 1992-ci ildə xalq hərəkatı dalğası üzərində hakimiyyətə gələnlərin ölkəyə və xalqa yaşatdırdığı müsibətlər həqiqi faciələr olaraq tariximizə həkk olunub.
Müasir tariximizə Heydər Əliyevin möhtəşəm qayıdışı kimi daxil olan dövr Azərbaycanın iqtisadiyyatının dinamik inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının inanılmaz dərəcədə müasirləşməsi, dünya miqyasında nüfuzunun yüksəlməsi, ordumuzun qüdrətinin artması və digər uğurlarla müşayiət olunmuşdur. 1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı, insanları narahat edən, xalqı vahiməyə salan təhlükələr dəf edildi, xaos, anarxiya, hakimiyyət böhranı aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizmin, vətəndaş müharibəsinin qarşısı alındı, erməni təcavüzünün dərinləşməsi dayandırıldı, cəbhədə atəşkəs razılaşmasına nail olundu. Ən başlıcası isə, ölkəni bürümüş siyasi və iqtisadi tənəzzülə, hakimiyyət böhranına son qoyuldu. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin ən bariz nümunəsinə çevrildi. Bölgənin enerji mənzərəsini dərindən dəyişdirən bu layihə Azərbaycana böyük iqtisadi və geopolitik dividendlər gətirdi.
Azərbaycanın müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərinə qoyuldu, inkişafa və tərəqqiyə xidmət edən islahatlar həyata keçirilməyə başladı. Ölkənin iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişlərinin imzalanması, iqtisadi, sosial və siyasi islahatlar strategiyasının hazırlanaraq ardıcıl surətdə həyata keçirilməsi ilə yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.
Heydər Əliyev xalqımızın tarixinə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuşdur. Azərbaycançılıq ideologiyasına əsaslanan bu dövlətin təməlində müstəqillik, güclü iqtisadiyyat və azad insan kimi dəyər və prinsiplər dayanır. Müasir tariximizin təlatümlü, ziddiyyətlərlə dolu dövründə Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi sayəsində qurulan müstəqil Azərbaycan dövləti özündə sözün həqiqi mənasında ən müasir dövlətçilik dəyərlərinin və Heydər Əliyev ideyalarının sintezini ehtiva edir.
Məhz elə buna görə Azərbaycan Respublikası Heydər Əliyevdən sonra da böyük inkişaf və təkmilləşmə potensialına sahib olduğunu nümayiş etdirir, xalqımızın iradəsini və maraqlarını layiqincə təmsil etmək imkanlarını göstərir. Ümummilli Lider müstəqil Azərbaycan dövlətini özünün şah əsəri adlandırırdı və bütün xalq onun bu dəyərləndirməsini birmənalı şəkildə qəbul edirdi, bu gün də edir. Bu, xalqımızın Ümummili liderin misilsiz tarixi xidmətlərinə verdiyi qiymətin əyani ifadəsidir.
Xalqa xidmət etmək arzusu və bu arzuların ümumiləşdirilmiş ifadəsi sayılan ideyalar şəxsin liderlik missiyasının ilkin şərti kimi qiymətləndirilə bilər. Heydər Əliyevin uzun illər ərzində Azərbaycana uğurla rəhbərlik etməsi, ölkənin inkişafında ciddi izlər buraxmış nailiyyətlər qazanması onun öz xalqına təmənnasız, bütün imkanlarını səfərbər edərək xidmət göstərmək istəyinin qabarıq ifadəsidir. Böyük şəxsiyyətlərin həyatının təhlili göstərir ki, xüsusi fitri istedad və əyilməz iradə ilə yanaşı, xalqa təmənnasız xidmət etmək istəyi olmadan tarixin diqqətini cəlb edə biləcək nailiyyətlər qazanmaq, həqiqi lider səviyyəsinə yüksəlmək mümkün deyildir. Digər tərəfdən, tarixi şəxsiyyət səviyyəsinə yüksəlmiş liderin arzularının təcəssümü olan ideyaları xalqın istəklərinin, dövrün tələblərinin daha dəqiq və əhatəli ifadəsi olması ilə ictimai dəstək qazanır. Bu mənada, tam qətiyyətlə deyə bilərik ki, Heydər Əliyevin arzuları və bu arzuların təcəssümü olan ideyaların qida mənbəyi həmişə xalqın istəyi və dövrün sifarişi olmuşdur.
Müstəqil Azərbaycan dövlətinin və onun etibarlı gələcəyinin möhkəm iqtisadi dayaqlarının yaradılması Heydər Əliyevin arzularının əsas hədəfini təşkil edirdi. Heydər Əliyev dühasının məhsulu olan neft strategiyasının işlənib hazırlanması və "Əsrin müqaviləsi"nin imzalanması dahi insanın bu arzularının həyata keçirilməsində müstəsna rol oynamışdır. Əgər bugünkü Azərbaycanın inkişafının bir neçə fundamental dayaqlarından danışmalı olsaq, ilk növbədə neft strategiyasını və onun ölkəmizə bəxş etdiyi əvəzolunmaz töhfələri yada salmalıyıq.
Heydər Əliyevin böyük arzuları Azərbaycanın təkcə cari inkişafı ilə deyil, daha çox gələcəyi ilə əlaqədar idi. Onun arzuları və ideyaları gələcək qüdrətli, firavan Azərbaycana hədəflənmiş strategiyanı xatırladırdı. Dahi siyasətçi müstəqil dövlətin qurulması yolunda atdığı hər addımına gələcəyin başlanğıcı, təməl daşı kimi baxırdı və bu mənada onun rəhbərliyi sabaha ünvanlanmış fəaliyyət qismində qavranılmalıdır.
Heydər Əliyevin fəaliyyəti, xalq qarşısında xidmətləri misilsiz olduğu kimi, onun arzuları da böyük və möhtəşəm idi. "Azərbaycan bütün dünyaya günəş kimi doğacaq" deyən Ümummilli Lider həm də böyük optimist idi. Tale onun optimizminə həmişə haqq qazandırırdı. Azərbaycanın dünyanın ən uğurlu dövləti kimi qəbul edilməsi, günü-gündən inkişafın yeni pilləsinə qalxması Heydər Əliyevin dərin optimizminə əsaslanan böyük arzularının həyata keçirilməsinin əyani ifadəsidir.
Heydər Əliyevin böyüklüyü, onun ideyalarının əbədiyaşarlığı öz ifadəsini müstəqil Azərbaycanın Ulu Öndərin dünyasını dəyişməsindən sonra davam edən davamlı və dayanıqlı inkişafında tapmaqdadır. Azərbaycanın iqtisadiyyatının sıçrayışlı inkişafı, ölkənin müasirləşməsi, hərbi qüdrətinin artması və Qarabağın azad edilməsi, bütün sahələrdə möhtəşəm uğurların qazanılması inkişafın yeni - İlham Əliyev mərhələsinin təcəssümü hesab edilir.
Son 19 il ərzində Azərbaycan öz iqtisadiyyatını dəfələrlə genişləndirməklə dünyada rekord göstəricilərdən birinə imza atıb. Ölkədə yaradılan müasir infrastruktur, neft gəlirlərindən səmərəli istifadə edilməsi postneft dövrünün iqtisadiyyatının qurulması istiqamətində önəmli addımları əks etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və milli maraqlara əsaslanan uğurlu xarici siyasət nəticəsində respublikamızın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan regional miqyaslı, qlobal əhəmiyyətli nəhəng transmilli enerji və nəqliyyat layihələri bölgədə və beynəlxalq miqyasda əməkdaşlığa, təhlükəsizliyə xidmət edir, ölkəmizin tərəqqisinə, beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir.
Azərbaycanın XXI əsrdə qazandığı möhtəşəm uğurlar Heydər Əliyev siyasəti və həmin siyasəti bacarıqla həyata keçirən İlham Əliyevin adı ilə bağlıdır. Onun strategiyası və fədakarlığı sayəsində Azərbaycan dünyanın ən uğurlu gənc dövləti imicini qazanıb. Müasirləşmə böyük iqtisadi tərəqqi və dövlətin qüdrətinin artması ilə müşayiət olunur. İndi Azərbaycan öz gələcəyinə daha inamla və böyük ümidlərlə baxır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından qaynaqlanan hərbi təcavüz siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizə qədərinin işğal edilməsi, bir milyona yaxın vətəndaşın məcburi koçkünə çevrilməsi Birinci Qarabağ müharibəsinin acı nəticəsi tariximizin ən kədərli səhifələrindən biridir. Təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, bir-birini əvəz edən ozamankı iqtidarlar nə ölkənin ərazi bütövlüyünün qorunması, nə də əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün sistemli konsepsiya hazırlayıb həyata keçirməkdə bacarıqlı olmadılar. Dövlətin və cəmiyyətin resurslarını erməni təcavüzünün qarşısının alınmasına səfərbər etməyin öhdəsindən gələ bilmədilər və ya bunu bəlkə də istəmədilər. Müharibə xaincəsinə siyasi mübarizə predmetinə çevrilərək milli fəlakətin baş verməsinə səbəb oldu. Azərbaycana qarşı hərbi təcavüz, torpaqlarımızın işğal edilməsi, bir milyona yaxın vətəndaşın məcburi köçkün həyatı yaşamağa məhkum edilməsi dünya birliyinin diqqətinə lazımi səviyyədə çatdırıla bilmədi.
AXC-Müsavat iqtidarının yarıtmaz hakimiyyətinin qoyub getdiyi total böhran mirası Qarabağın işğalı və kütləvi köçkünlər problemləri ilə təsəvvüredilməz dərəcədə ağırlaşmışdı və xalqın təkidli xahişləri ilə hakimiyyətə qayıdan Heydər Əliyevin çiyinləri üzərinə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması kimi ağır tarixi missiya qoyulmuşdu.
Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz evlərinə qayıtmasının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu idi. Prezident olaraq onun vaxtının və enerjisinin böyük hissəsinin həmin problemlərə həsr olunduğunu özü dəfələrlə etiraf etmişdi. Dahi siyasətçinin titanik səyləri öz bəhrələrini verdi. Qarabağ problemi onun zamanında həll olunmasa da, münaqişənin ədalətli şəkildə nizama salınmasının ümdə şərtlərinin formalaşmasında çox ciddi uğurlar əldə edildi. Nizami ordu yaradıldı, onun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm nailiyyətlər qazanıldı, beynəlxalq rəydə problemə baxış köklü surətdə dəyişdirildi. Ümummilli Lider 2003-cü ildə növbəti prezident seçkiləri ərəfəsində xalqa müraciətində özünəməxsus daxili inamla deyirdi: "Mənim edə bilmədiklərimi İlham Əliyev həyata keçirəcəkdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Heydər Əliyevin bu müdrik kəlamları möhtəşəm siyasi uzaqgörənlik nümunəsinə çevrildi. İlham Əliyev onun bütün ümidlərini doğrultdu. 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın azad edilməsi bu fikirlərin ən qabarıq təcəssümüdür. İlham Əliyev Heydər Əliyevin başladığı, lakin çatdıra bilmədiyi işi - Qarabağın azad edilməsini uğurla başa çatdırdı, Azərbaycana qeyri-adi qürur, iftixar mənbəyi bəxş etdi. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin qüdrət və əzəmətinə tarixi möhür vurdu. 2020-ci il noyabr ayının 8-də Şuşanın azad olunması münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" fikirləri Heydər Əliyevin arzularının ən böyük təntənəsi sayıla bilər və sayılmalıdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu fikri xüsusi qeyd etdi ki, ulu öndər Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.
"Heydər Əliyev İli” dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətlərinə, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, hazırkı inkişaf səviyyəsinə gəlib çıxmasında kimə borclu olduğumuza bir daha işıq salacaq. Çoxəsrlik tariximizin Heydər Əliyev epoxasının hər bir səhifəsi daim vərəqlənəcək, indiki və gələcək nəsillərə çatdırılacaq. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu məqam xüsusi qeyd edilir ki, müstəqillik tariximiz tarixi paralellər fonunda təhlil edilməli və gələcək nəsillərə çatdırılmalıdır. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində baş verənləri görməyən, o dövrü bilməyən gənc nəslə aşılanmalıdır ki, nəyin bahasına azadlığımızı, müstəqilliyimizi qoruyub saxlaya bilmişik. Bütün bunlar üçün kimə borcluyuq. Əgər ümummilli lider Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi mövcud ola bilərdi. Biz bu tarixi bilməliyik.
Ulu öndər Heydər Əliyevin xidmətlərinin miqyası o qədər genişdir ki, şübhəsiz, onları bir müsahibə çərçivəsində əhatə etmək qeyri-mümkündür. Uğurlarla, nailiyyətlərlə dolu olan ötən hər günümüz Heydər Əliyev yolunun təqdimatıdır. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü, həmçinin fəaliyyətinin Naxçıvan illəri ilə bağlı cild-cild kitablar, elmi əsərlər yazılsa da yenə də yeni nəşrlərə, araşdırmalara böyük ehtiyac var. Ömrünü Vətəninə, xalqına həsr edən ulu öndər Heydər Əliyevə milyonların sevgisini qazandıran və son 19 ildə Onun siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin ətrafında xalqı sıx birləşdirən əsas amil də məhz təbii ki, hər iki Liderin torpağa, Vətənə bağlılıq hissindən qaynaqlanan işləri görməkdən yorulmaması, əksinə, xalqdan aldıqları güc, dəstək əsasında daha böyük fədakarlıqlar göstərmələridir. Dahi şəxsiyyət Heydər Əliyev bu fikirləri ilə Azərbaycanı, döğma Vətəni üçün gördüyü işlərin aydın mənzərəsini təqdim etmişdir: "Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”
Ümummilli Lider hakimiyyətinin birinci dövründə Azərbaycanı necə keçmiş SSRİ məkanında geridə qalmış respublikadan qabaqcıl diyara çevirdisə, 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə ölkəmizin müstəqilliyinin xilaskarı kimi onun daimiliyini, sarsılmazlığını təmin etdi. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə dayanırdı. Heç də təsadüfi deyildi ki, məhz Ulu Öndərin titanik fəaliyyəti nəticəsində Azərbaycan çox qısa müddətdə keçmiş SSRİ-də iki donor müttəfiq respublikadan biri oldu. O vaxt Ümummilli Liderin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində respublikamızda həm sənaye, həm də kənd təsərrüfatı sürətlə inkişaf yoluna qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, insanlarla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparması dahi rəhbərə xalqın dərin rəğbətini qazandırdı.
Hələ o vaxtlar Azərbaycanın müstəqil gələcəyini düşünən ulu öndər Heydər Əliyevin həmin illərdə gördüyü işlərin xronologiyasına diqqət yetirməklə bunun əyani təzahürlərini görə bilərik. Həmin illərdə azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi əsas hədəflərdən idi. Azərbaycanın bügünü üçün kadr potensialının təməli məhz o illərdə qoyuldu. Ümummilli Liderin səyləri nəticəsində minlərlə Azərbaycan gənci keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi. Hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı ki, bu gün müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən zabitlərin böyük əksəriyyəti həmin liseyin yetirmələridir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı zamanı Azərbaycanın hansı faciələrlə üz-üzə olduğu məlumdur. Müstəqilliyini yenicə bərpa edən Azərbaycan onu itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Məhz Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi, idarəçiliyi, ən əsası Vətəninə, xalqına bağlılığı Azərbaycanı bu təhükələrdən xilas etdi. Ulu Öndərin istər ölkəmizdə hakimiyyətinin hər iki dövründə, istərsə də fəaliyyətinin Naxçıvan mərhələsində atdığı hər bir addımın təməlində Azərbaycanın müstəqil gələcəyi, xalqımızın azad, firavan həyatı dayanırdı. Azərbaycanı qüdrətli, zəngin, qalib ölkə kimi görmək dahi liderin ən böyük arzusu idi. O, bu arzusunun xeyli hissəsini 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik edərkən atdığı addımlar, düşünülmüş və məqsədyönlü siyasəti ilə reallığa çevirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan quruldu. Dövlətçiliyimizin əsasları yaradıldı. Milli Konstitusiyamız qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı.
Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, Azərbaycan həqiqətləri, keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırılmasın. Erməni yalanları faktlar əsasında ifşa edildi. Ölkəmiz iqtisadi imkanlarını genişləndirdi. Böyük investisiyalar məkanına çevrildi. Ordu quruculuğu dövlət siyasətimizin əsası oldu. Ümummilli Lider bu çağırışı etdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışından dərhal sonra ordu quruculuğu istiqamətində mühüm addımlar ataraq möhkəm təməl formalaşdırdı. Ümummilli Liderin müəllifi olduğu yeni neft strategiyası bu gün Azərbaycana böyük uğurlar qazandırır. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz sahibidir. Respublikamız dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Azərbaycan, eyni zamanda, demokratik dəyərlərə sözdə deyil, əməldə sadiq olan ölkə kimi tanınır. Ən əsası müstəqil dövlətimiz sözünün imzası qədər dəyəri olduğunu dünyada cərəyan edən proseslərə təsir imkanları ilə təsdiqləyir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan zaman Azərbaycanın bütün çətinlikləri arxada qoyacağını, hər bir azərbaycanlının belə qüdrətli, güclü dövlətin vətəndaşı olması ilə fəxr edəcəyini əminliklə bildirmişdi. Azərbaycan çox qısa zamanda Ümummilli Liderin qarşıya qoyduğu məqsədlərə yüksək səviyyədə nail oldu. Dahi liderin ən böyük arzularından biri olan Azərbaycanın dünyaya Günəş kimi doğması məramı real həyatda öz təsdiqini tapdı.
Ümummilli Liderin Naxçıvandakı fəaliyyəti Azərbaycanın müstəqilliyə gedən yolunun başlanğıcı kimi dəyərləndirilir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Azərbaycanın Dövlət bayrağı elan etdi. Bu bayraq Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də, Azərbaycanda isə 1991-ci il fevralın 5-də qaldırıldı. Ulu Öndərin fəaliyyətinin Naxçıvan mərhələsində xalq və dövlət qarşısında ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və milli məfkurənin formalaşdırılması idi. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən "31 Dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malik hadisə oldu. Həmin illərin ən mühüm tarixi hadisələrindən biri hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasıdır.
Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Bu tarixi hadisənin Azərbaycan üçün əhəmiyyəti dövlət başçısı İlham Əliyevin 2021-ci il martın 5-də tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayındakı "Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox” fikirlərində özünün aydın ifadəsini tapır. Ümummilli lider Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə partiyanın fəaliyyətinin bələdçisi oldu. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yaradılmasında xüsusi rolu olan, Azərbaycan xalqının böyük əksəriyyətinin istəyini ifadə edən "91-lər”in əməyini hər zaman yüksək qiymətləndirərək bu çağırışı sələndirir ki, onları Azərbaycan xalqı unutmamalıdır: "Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.” Bu gün YAP-ın sıralarında 800 minə yaxın üzvün birləşməsi sadəcə statistika deyil. Bu, partiyanın cəmiyyətdə rolunun, onun yaradıcısı, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, son 19 ildə Azərbaycanı təkmil islahatları, yeniliyi özündə əks etdirən uğurlu siyasəti ilə daha böyük zirvələrə yüksəldən, dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycanı dünyaya təqdim edən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir.
Ulu Öndərin müəyyənləşdirdiyi siyasətin, Azərbaycanın seçdiyi yolun gələcəyimiz üçün yaratdığı möhkəm təməlin mənzərəsini təqdim etməklə yanaşı, bu inamı da ifadə etdim ki, Heydər Əliyev yolu bundan sonra da uğurla davam edəcək, qalib Azərbaycanın qarşısında daha geniş imkanlar açacaq. 19 ildə Azərbaycanın möhtəşəm uğurları, xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə daha böyük inamla addımlaması bu ünvanın düzgünlüyünü, xalqımızın seçimindən qürur duyduğunu nümayiş etdirir. Ümummilli Lider həmin tarixi müraciətində bildirdi ki, başa çatdıra bilmədiyi layihələri, işləri xalqın dəstəyi ilə cənab İlham Əliyev həyata keçirəcək. Dahi lider Ona Özü qədər inandığını bildirdi. Həmin müraciətdə etimadın ünvanı kimi Yeni Azərbaycan Partiyası da göstərilmişdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları fonunda yeni tərkibini formalaşdırmaqla, mühüm qərarlar qəbul etməklə gələcəyə doğru böyük inamla addımlayır.
Tarixi Zəfərimiz keçilən yolun aydın mənzərəsidir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Azərbaycan möhkəm təməl üzərində bütün sahələrdə daha da gücləndi, qüdrətləndi, diplomatik mübarizədə mühüm uğurlara imza atdı, hərbi qüdrətini artırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Azərbaycanı qalib, ərazi bütövlüyünü təmin edən ölkə kimi görmək Ulu Öndərin ən böyük arzusu idi. Məhz buna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdi: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirləri tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı. Artıq bu torpaqlarımız azaddır, genişmiqyaslı bərpa-quruculuq mərhələsini yaşayırlar. Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Tezliklə Qarabağ və Şərqi Zəngəzur turizm məkanı kimi dünyanın diqqətində olacaq. İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın qarşısında duran həllivacib məsələlərdən olan Zəngəzur dəhlizinin reallaşması da Ulu Öndərin ən böyük istəklərindən biri idi.
Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Cənab İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində ümummilli lider Heydər Əliyevə müraciət edərək verdiyi hər bir vədin yerinə yetirilməsi bugünümüzün reallıqlarında öz əksini tapır: "Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik. Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür” fikirləri dahi şəxsiyyətin böyüklüyünün, xeyirxah əməllərinin, çoxşaxəli fəaliyyətinin təqdimatıdır. Mehriban xanım Əliyeva bu fikirlərinin davamı olaraq bildirir ki, böyük və nadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Belə insanların ömrü elə bu səbəbdən alov parçası kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.
Heydər Əliyev Fondu dahi şəxsiyyətin Azərbaycan xalqı üçün böyük sərvət olan irsinin təbliği ilə yanaşı, uğurlu layihələri ilə Onun şah əsəri olan müasir müstəqil Azərbaycanın davamlı uğurlarına böyük töhfələr verir. Hazırda əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini tezliklə, eyni zamanda, yüksək səviyyədə başa çatdırmaqdır. Bu torpaqlarımızda tarixi və dini abidələrimizin bərpası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri, burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmaları hər birimizdə sonsuz qürur hissi doğurur. Qarabağımızın və Şərqi Zəngəzurumuzun azad edilməsi ilə yanaşı, soydaşlarımızın Böyük Qayıdışının tam təmin olunması, bu torpaqlarda həyatın canlanması dahi şəxsiyyətin ruhunu şad edəcək.
Bu gün tarixi ədalətə söykənərək Qərbi Azərbaycana qayıdacağımızı bəyan edirik və əminik ki, qayıdacağıq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik.
Atılan hər bir addım, qarşıya qoyulan hədəf ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycanın təqdimatına yeni-yeni əlavələr edir. Uğurlarımızın davamlı olması qaçılmazdır. Azərbaycan Heydər Əliyev yolu ilə daha möhtəşəm uğurlara doğru inamla addımlayır. Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, Ulu Öndərin zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli, müdrik və effektli idarəçilik həyata keçirdi və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin banisi və lideri kimi həkk etdi.
Rahib KƏRİMLİ,
"Ad günü” jurnalının və "carciTV” İnformasiya Agentliyinin təsisçisi baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm” Media mükafatı laureatı.