Qərbi Azərbaycan kəndləri - Şirazlı
CANLI TV / 26.10.2023 00:09
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırmalar aparıb. AZƏRTAC Əziz Ələkbərlinin "Qərbi Azərbaycan kəndləri” seriyasından növbəti yazısını təqdim edir.
Şirazlı Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, Vedi rayonunun mərkəzi olan Böyük Vedi qəsəbəsindən 9 kilometr cənub-qərbdə, Vedi çayından ayrılan su arxının, İrəvan-Naxçıvan avtomobil yolunun və İrəvan-Naxçıvan-Bakı dəmir yolu xəttinin üstündə kənddir. 1920-ci ilədək kənddə ancaq azərbaycanlılar yaşayıb. 1922-1988-ci illərdə kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşayıb. 1988-ci ildə azərbaycanlı əhali qovulduqdan sonra kənd tamamilə erməniləşdirilib.
"İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) kənd Aralıq nahiyəsinin Şirazlı kəndi, "İrəvan əyalətinin icmal dəftəri"ndə (1728) isə Vedi nahiyəsinin Şirazlı kəndi kimi qeydə alınıb. İkinci mənbədə dövlətin müxtəlif vergilər şəklində kənddən ildə 8000 ağça gəlir götürdüyü göstərilib. İvan Şopenin (1832) araşdırmasında Şirazlı Vedibasar mahalının xaraba kəndləri siyahısında verilib. Bu, kəndin 1826-1829-cu illər Rusiya-İran və Rusiya-Osmanlı müharibələri zamanı böyük dağıntılara məruz qaldığını sübut edir.
Kəndin adının türk tayfalarının cənubdan şimala hərəkəti zamanı İrandan gətirildiyi, Şiraz şəhərindən gələnlər mənasını bildirdiyi şübhəsizdir. M.Vəlili bu prosesin Səfəvilər dövründən başladığını yazır.
1832-ci ildən sonra yenidən məskunlaşan kənddə 1873-cü ildə 19 təsərrüfatda 150 nəfər (100 kişi, 50 qadın) azərbaycanlı qeydə alınıb. Kənd mülkədar kəndi olub.
1886-cı ildə kənddə 35 təsərrüfatda 234 nəfər (158 kişi, 76 qadın), 1905-ci ildə 229 nəfər, 1914-cü ildə 237 nəfər azərbaycanlı yaşayıb. 1918-1920-ci illər erməni-müsəlman davası zamanı kənd erməni daşnaklarının vəhşi hücumlarına nə qədər mətanətlə sinə gərsə də, axırda dağıdılıb, əhalisi ev-eşiyindən didərgin salınıb, bütün Vedibasar camaatı kimi, müvəqqəti olaraq Cənubi Azərbaycana mühacirət edib. 1922-ci ildə kənd camaatı (216 nəfər) geriyə dönüb. Həmin vaxt kəndə 114 nəfər Türkiyədən gəlmə erməni də yerləşdirilib. 1926-cı ildə kənddə yaşayan əhalinin nisbəti 243 nəfər azərbaycanlı, 130 nəfər erməni, 1931-ci ildə 250 nəfər azərbaycanlı, 182 nəfər erməni şəklində olub. 1935-ci ildə qonşu Cadqıran kəndi ləğv edilərək Şirazlı kəndinin tərkibinə qatılıb, az vaxtda kənd sürətlə böyüyüb. 1946-1947-ci illərdə xaricdən gətirilən bir çox erməni ailələrinin Şirazlı kəndində məskunlaşdırılması kənddə əhalinin nisbətinin ermənilərin xeyrinə sürətlə artmasına səbəb olub. Bununla belə, 1972-ci ildə kənddə 583 təsərrüfatda 3489 nəfər əhali yaşayıb ki, onlardan 300 təsərrüfatdan çoxu azərbaycanlıların idi. Lakin 1988-ci il hadisələri Şirazlı camaatının da ev-eşiyindən qovulması ilə nəticələndi. Kənd tamamilə erməniləşdirildi.1991-ci il aprelin 9-da kəndin adı dəyişdirilərək Vosgetap qoyulub.
Vedibasar mahalının məşhur Ağbal ağa ocağı Şirazlı kəndində yerləşirdi. Əvvəllər Miryaqub ağa və Mirhüseyn ağa qardaşlarının oturduğu bu ocaqda sonralar onların varisi İqbal ağa (camaat Ağbal ağa kimi tələffüz edirdi) otururdu. Bütün bölgədə məşhur olan bu ocağa yaxın-uzaq rayonlardan təkcə müsəlmanlar yox, həm də ermənilər pənah gətirirdilər.
1988-ci ilin mayın 11-də Şirazlı kəndi erməni-daşnak terrorçularının vəhşi hücumuna məruz qalanda 80 yaşlı Ağbal ağa (İqbal Miryaqub oğlu) sinəsindən vurulmuş daş parçası ilə ağır yaralanmış və kənd camaatının gecə ikən kənddən çıxıb sığındığı Türkiyə sərhədində - Araz qırağında şəhid olmuş, orada da dəfn edilmişdi. Ağbal ağanın bu faciəsi Vedibasarın bütün müsəlman əhalisini həyəcana gətirmişdi.
1918-1921-ci illərdə bütün vedibasarlılar kimi, Şirazlının da mərd, igid oğulları silaha sarılıb, erməni daşnaklarına qarşı mübarizə aparıblar. Onların arasında misilsiz şücaətləri ilə fərqlənən Paşa Məmmədovun, Abdulla Əliyevin və başqalarının adları bu gün də ehtiramla yad edilir. Xüsusilə Paşa Məmmədovun igidliyi, mərdliyi və dönməzliyi barədə çoxlu söhbətlər günümüzə qədər gəlib çatıb.
1920-ci illərin əvvəllərində, Sovet hakimiyyətinin ilk illərində Vedibasar mahalının İrəvan xanlığı ərazisində yaradılmış qondarma erməni hökumətinin (Ermənistan SSR) tərkibində qalması, respublikanın yeni erməni rəhbərliyinin rayonun kəndlərində xaricdən gələn erməniləri yerləşdirmək siyasəti yürütməsi yerlərdə çoxlarının narazılığına səbəb olurdu. Çox adam baş götürüb Arazın o tayına, Türkiyəyə gedirdi. Şirazlıdan Xamo oğlu İsrafil ağa isə yazda mal-qarasını götürüb yaylağa qalxdı, payızda isə kəndə dönməyib Əzizkənddə dayandı. "Burada qulağım daha dinc olar”, - deyib aşağı düşmədi.
İsrafil ağa Əli katdanın oğlu idi. Xamo oğlu onun ləqəbiydi. Erməni daşnaklarına qarşı illərlə qəhrəmanlıqla vuruşmuşdu. Kolxozlaşma zamanı onu dilə tutub, Şirazlıya enməyə razı salmış, 15 illik ayrılıqdan sonra kəndə qayıdan İsrafil ağanın bütün var-dövlətini, naxır və sürülərini dərhal əlindən alıb, özünü də həbs etmişdilər. Sonra Şirazlıdan həbs olunmuş daha 15 nəfər "xalq düşməni” ilə birlikdə aparılıb Qəmərlidə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi.
Vedibasar mahalının bütün müsəlman əhalisi kimi, Şirazlı camaatı da həmişə din-iman sahibi olmuş, din xadimlərinə, dini ocaqlara ehtiramla yanaşmışdılar. Şirazlı kəndində Ağbal ağa ocağından başqa, böyük məscid də fəaliyyət göstərirdi. Möhrə palçıqdan tikilmiş bu qədim məscidə kəndin ağsaqqalları yığışar, ibadət edərdilər.
Şirazlı kəndinin iki müsəlman qəbiristanlığı vardı. Qədim qəbiristanlığın yerində sonralar kolxoz üçün bir sıra tikililər salınmış, qəbiristanlıq ləğv edilmişdi. Lakin burada məşhur Seyid Miryaqub ağanın qəbri üstündə tikilmiş günbəzə toxunmağa heç kəs cəsarət etməmişdi.
Kəndin camaatı da tarix boyu yayda yaylağa qalxardılar. Kəndin yurd yerləri əvvəlcə Əyricə yaylağında yerləşsə də, son vaxtlar kəndin çadırları əsasən Kotuz, Bağçacıq, Almalıq, Dumanlı, Şərdibulağı yurdlarında qurulardı.
Şirazlı kəndində Sovet hakimiyyətinin ilk illərindən etibarən yeddiillik azərbaycanlı məktəbi fəaliyyət göstərib. 1947-1948-ci illərdə kənd yeddiillik məktəbi beynəlmiləl orta məktəbə çevrilib, 1980-ci illərin əvvəllərindən isə bu məktəb iki müstəqil – azərbaycanlı və erməni orta məktəblərinə ayrılıb.
1988-ci ilin dəhşətli Şirazlı faciəsi nəinki bütün Vedi rayonunu, həm də bütün Qərbi Azərbaycanı silkələdi, azərbaycanlıların Qərbi Azərbaycan ərazisindən kütləvi şəkildə qovulub çıxarılmasının başlanğıcını qoydu. Şirazlı faciəsindən sonra Ermənistan azərbaycanlıları üçün bir daha aydın oldu ki, Azərbaycanın ovaxtkı satqın rəhbərliyi onları heç vaxt müdafiə etməyəcək.
Şirazlı hadisələri 1988-ci ilin mayında baş verdi. Xüsusilə həmin ilin aprelində Kiçik Vedi hadisələrindən sonra quduzlaşmış ermənilər qonşu azərbaycanlı kəndlərini tez-tez təhdid edirdilər. Dörd yol ayrıcında, magistral avtomobil yolunun və İrəvan-Bakı dəmir yolu xəttinin üstündə yerləşdiyi üçün Şirazlı daha çox diqqət mərkəzində və həm də bir növ ayaq altında idi.
Mayın 8-də Bakı-İrəvan qatarı saxlanıb, bir saat ərzində ona basqın edildi, vaqon bələdçiləri, azərbaycanlı sərnişinlər döyülüb-söyüldülər. Rayonda vəziyyətin gərginliyi o həddə çatmışdı ki, sabahısı – mayın 9-da SSRİ Ali Soveti sədrinin müavini Demiçev, Ermənistan KP MK-nın ikinci katibi Koçetkov, Nazirlər Soveti sədrinin müavini S.Harutunyan Vediyə gəlib burada geniş müşavirə keçirdilər. Xalisa kənd kolxozunun sədri Məhərrəm Hümbətov və Şirazlı kənd sovetinin sədri Sura Ramazanova çıxış edib, vəziyyəti olduğu kimi açıqladılar. Sura Ramazanova ermənilərin hadisələri milli qırğına apardıqlarını, milli ədavət və düşmənçiliyi yaydıqlarını onların üzünə dedi. Lakin heç bir tədbir görülmədi.
Mayın 10-da da davam edən gərginlik mayın 11-də Şirazlı kəndinə ermənilərin dağıdıcı hücumları ilə nəticələndi. Gün ərzində hazırlıq işləri görən (küçələrə evləri daşlamaq üçün lafetlərlə daş gətirilməsi, erməni evlərinin üstünə xüsusi bayraqlar taxılması, kəndə qıraq yerlərdən maşınlarla saqqallıların daşınıb gətirilməsi, milis işçilərinin yolları bağlaması və s.) ermənilər axşam hava qaralanda dörd dəstəyə ayrılıb, hər dəstə 400-500 nəfər olmaqla azərbaycanlı məhəllələrinə yeridilər. Dəstələrə milis zabitləri başçılıq edirdilər. Rayonun bütün rəhbərləri Şirazlıda idilər. Demək olar ki, bütün azərbaycanlı evləri dağıdıldı və qarət edildi. Adamlar qaranlıqda bağçada, dalda yerdə gizlənib erməni vəhşiliyini müşahidə edirdilər. Ermənilər evlərdən apara bildiklərini aparır, yerdə qalanını sındırır və ya yandırırdılar. Bəzi həyətlərdə erməni vəhşiliyinə dözməyən azərbaycanlılar ermənilərlə əlbəyaxa olmaqdan da çəkinmirdilər. Gecə saat 3-ə qədər davam edən erməni vəhşiliyi həmin vaxt kəndə girən hərbçilərin gəlişindən sonra dayandırıldı. Əhali evləri dağıdıldığı və təhlükəsizliklərinə təminat olmadığı üçün Türkiyə ilə sərhəddəki Şidli kəndinə tərəf hərəkət etdilər, SSRİ-Türkiyə sərhədinə sığındılar.
Şirazlı faciəsi zamanı kəndin 64 azərbaycanlı evi tamam dağıdılmış, 8 ev yandırılmış, 330 ailənin əmlakı məhv edilmiş, 80-dən çox adam döyülmüşdü.
Əslən vedili olan görkəmli yazıçı Fərman Kərimzadə şirazlıların harayına gəldi, Şirazlı və kənar kəndlərdən 20 nəfər ziyalı götürüb, Bakıya, Moskvaya üz tutdu. Lakin nə Bakıdan, nə də Moskvadan onların dərdinə şərik çıxan tapılmadı. Azərbaycan mətbuatı və televiziyası bu faciəni gizlətdi, xalqa çatdırmaqdan qorxdu.
Üç ay Araz çayı sahilində, Türkiyə sərhədində çadırlarda yaşayan Şirazlı camaatı, nəhayət, yiyəsizlik ucbatından Azərbaycana axışıb gəlməyə məcbur oldu. Qədim Şirazlı kəndi beləcə boşaldı, yiyəsiz qaldı, erməniləşdi...
Kəndin tayfaları
Molla Abbaslılar, Məhərrəm uşağı, Seyidlər, Ramazan uşağı, Əli uşağı, Sapannılar, Ağləyər uşağı və s.
Kəndin toponimləri
Cadqıran məhəlləsi, Sapannı məhəlləsi, Aşağı məhəlləsi, Bağçacıq məhəlləsi.
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE
23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib
23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib
23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
22:42 Sarmaşıq (hekayə)
21:42 Sınıq qabın hekayəsi
2024-12-16
01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim