Prezident İlham Əliyev - torpaqlarımızın xilaskarı
NƏŞR / 08.11.2023 02:11
PREZİDENT İLHAM ƏLİYEV - TORPAQLARIMIZIN XİLASKARI
Azərbaycan xalqı bəxti gətirmiş xalq
hesab edilə bilər. Azərbaycan
Prezidenti İlham Əliyev siyasətdə praqmatik, iqtisadiyyatda
rasional, hərb və dövlət idarəetməsində qətiyyəti və prinsipiallığı ilə zamana
öz möhürünü vuran nadir siyasət və dövlət xadimlərindəndir.
Azərbaycana rəhbərlik etdiyi 20 ildə biz dövlətimizin başçısını müxtəlif
rakurslarda gördük və Prezidentimizi daha yaxından tanımaq imkanı qazandıq.
Dövlətimizin başçısının məqsədyönlü xarici siyasəti dünya erməniliyinin məkrli
planını pozdu. Bunun nəticəsi olaraq
dilimizdə bir nida formalaşdı: Müzəffər Ali Baş Komandan! Siyasətdə güclü
lider, informasiya cəbhəsində də Ali Baş Komandan.
Türkiyə-Azərbaycan dostluğunu indiyə kimi
görmədiyimiz və xəyal belə edə bilməyəcəyimiz zirvəyə qaldıran böyük rəhbər
bədxahların önünə təkbaşına çıxan, qətiyyətli mövqeyi, siyasi, elmi biliyi,
bacarığı və şəxsi nüfuzu ilə bütün məkrli planları pozmağı bacaran güclü
rəhbər.
Azərbaycanı möhtəşəm qələbələrə aparan İlham Əliyev hakimiyyətə gəldiyi ilk
gündən güclü iqtisadiyyat, güclü dövlət modelinə üstünlük verib. İqtisadiyyatda
rasional hesablamalar, dövlətimizin iqtisadi qüdrətinin gündən-günə artması,
daxildə davamlı sabitliyin bərqərar olması, xalqın öz prezidenti ətrafında sıx
birliyi ölkəmizlə iqtisadi-siyasi əlaqə qurmaq marağında olan dövlətlərin
sayını ciddi surətdə artırdı. Bu da Azərbaycanın beynəlxalq nüfuzuna,
iqtisadi-siyasi-hərbi əlaqələrinin daha da genişlənməsinə öz töhfəsini verdi.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz
regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi
şəraitdə müstəqil xarici siyasət həyata keçirən, şərtlə danışılan yox, şərtləri
diktə edən, dünyanın geosiyasətinin müəyyənləşməsində rolu və iştirakçısı olan
dövlətdir.
Siyasi kataklizmlər baş verdiyi, dünyada siyasi-hərbi qütbləşmələr getdiyi bir
vaxtda Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici
siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional
təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.
Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional
inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin
təmin edilməsində mühüm rol oynayır. Qəti şəkildə deyə bilərik ki, beynəlxalq
münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin
suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və
prinsiplərinə ikili yanaşmalar Azərbaycanın müstəqil siyasətinə təsir edə
bilməyib. Əksinə, aparılan uğurlu siyasət nəticəsində dövlətimizin nüfuzu
artıb, beynəlxalq məkanda iqtisadi və siyasi mövqeyi daha da möhkəmlənib.
Bu 20 ildə ölkəmiz regional və qlobal
əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir
sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Ölkəmizin milli
maraqlara söykənən dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə
olunan xarici siyasət strategiyası birmənalı olaraq ekspertlər tərəfindən təqdir
olunan model kimi qiymətləndirilir.
Balanslaşdırılmış uğurlu siyasət, həyata keçirilən tədbirlər Azərbaycanın
beynəlxalq münasibətlər sistemində rolunu daha da artırıb, mövqeyini
möhkəmləndirib. Bu gün ölkəmizin müsəlman aləmində çox böyük hörmət, nüfuz
sahibi olması, islam həmrəyliyi ilə bağlı atılan addımlar İslam Əməkdaşlıq
Təşkilatı və eyni zamanda bir çox müsəlman ölkəsi tərəfindən çox yüksək
qiymətləndirilir.
Dünyada qlobal qütbləşmə prosesinin
getdiyi bir zamanda Türk Dövlətləri Təşkilatının yaranması, dövlətimizin
başçısının bu təşkilatın yaranmasında müstəsna xidməti, Şuşanın türk
dövlətlərinin mədəniyyət paytaxtı elan edilməsini, dövlətimizin beynəlxalq
nüfuzuna və haqlı mövqeyinə verilən qiymət hesab etsək, səhv etmərik.
Dünyada sülhə, təhlükəsizlik və inkişafa əvəzsiz töhfə verən 120 üzv, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən, BMT-dən sonra ikinci böyük təşkilata sədrlik etməsi ölkəmizin beynəlxalq aləmdə siyasi çəkisini və nüfuzunu müəyyən etmək üçün olduqca tutarlı fakt hesab etmək olar.
Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının Nazirlər toplantısı, "Cənub qaz dəhlizi"nin rəsmi açılış mərasimi, VII Qlobal Bakı Forumu və digər mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə ölkəmizin evsahibliyi etməsi də Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir.
Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, 2018-ci il avqustun 12-də Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə Toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması dövlətimizin maraqlarını təmin edən böyük diplomatik və siyasi uğurudur.
Dövlətimizin başçısının uğurlu xarici siyasətindən söz açarkən ilk növbədə çoxillik, məkrli erməni təbliğatının tarmar edilməsini, çürük erməni ideologiyasının tarixin zibilliklərində dəfn edilməsini unutmamalıyıq. Çoxillik ardıcıl, gərgin və səmərəli fəaliyyətin nəticəsi olaraq ilk növbədə erməni vəhşiliyinin sübutu olan Xocalı faciəsi dünyaya olduğu kimi, düzgün təqdim olundu. Dünyanın 13 dövləti ermənilərin törətdiyi bu vəhşiliyi soyqırımı kimi tanıdı. Daha sonra dövlətimizin başçısı inkarolunmaz faktlarla Ermənistanın təcavüzkar dövlət olduğunu, Azərbaycanın 20 faiz ərazisinin işğal altında saxlamasını bütün beynəlxalq tədbirlərdə, dünya liderləri ilə təkbətək və çoxtərəfli görüşlərdə diqqətə çatdırdı. Qətiyyətlə Azərbaycanın bir qarış da olsun torpağını güzəştə getməyəcəyini bəyan etdi. Təcavüzkara qarşı konkret tədbir görülməsini tələb etdi. Problemin sülh yolu ilə həlli mümkün olmadıqda hərb yolu ilə həllinin qaçılmaz olduğunu bildirdi.
Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi günlərində dünyada məskən salan beynəlxalq erməni lobbisinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycana "araşdırma" aparmağa "prokuror kimi" gələn 30-dan çox jurnalisti tutarlı və dəqiq cavablarla susdurdu. İlham Əliyevin dəqiq və qərəzsiz cavabları "erməni" kimliyinin dünyaya təqdimatı oldu.
Dünyada hərbi uğurun siyasi müstəvidə
qəbul edilməsi çox nadir baş verən hadisələrdəndir. 2020-ci il sentyabrın
sonunda başlayıb, noyabrın birinci ongünlüyündə Azərbaycanın möhtəşəm qələbəsi
ilə yekunlaşan Vətən müharibəsinin nəticələri ilə artıq bütün dünya
hesablaşmaqdadır.
Hətta işğalçı dövlət dəfələrlə ölkəmizin ərazi bütövlüyünü tanıması haqqında
açıqlamalar verib. Hazırda ciddi müzakirə mövzusu olan sülh protokolunun
imzalanmasına da kimin vasitəçilk edəcəyini müəyyənləşdirən əsas söz sahibi
məhz Azərbaycandır. Heç şübhəsiz ki, yaxın vaxtlarda Azərbaycanın təklif etdiyi
şərtlərə uyğun olaraq sülh müqaviləsinin imzalanmasına da bütün dünya şahidlik
edəcək.
Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi cəhətdən regionun lider, hərbi cəhətdən qüdrətli dövlətinə çevrildi. Üstümüzdən məğlub xalq ləkəsini götürüb, müzəffər xalq ola bildik. Azərbaycanın haqq davası bütün ərazilərimizdə suverenliyin və müstəqilliyin tam bərpa olunması ilə nəticələndi. İftixarla deyə bilərik ki, regionda sülhə və sabitliyə təhlükə yaradan separatçıların məskən saldığı Xankəndi silahlı quldurlardan tam azad edildi. Ölkəmizin ərazisində yaradılan süni münaqişə ocaqları söndürülərək yerində sülhün və sabitliyin təminatçısı olan Azərbaycanın zəfər bayrağı dalğalanır.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində söylədiyi "Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın” mesajı son 20 ildə keçilən yolun, göstərilən səylərin, qətiyyətin ümumiləşdirilmiş ifadəsi kimi dəyərləndirilir. Dövlətimizin başçısı, eyni zamanda, bu çağırışı da səsləndirir ki, nəyi, necə, nə vaxt etmək lazımdır bunu bilirəm. Görülən işlərin ümumi məcmusu olan hər iki çağırış Prezident İlham Əliyevin 20 illik idarəçiliyinin məntiqi ifadəsidir. Üç il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazdı. Təbii ki, bu səhifənin yazılması 2003-2020-ci illərdə dövlət başçısının Azərbaycanın möhtəşəm uğurlara doğru inamla irəliləməsini təmin etmək üçün formalaşdırdığı təkmil inkişaf modelinin uğurlu nəticəsi idi. Prezident İlham Əliyev ən yüksək tribunalardan "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz” kimi bəyanatları təbii ki, dövlətimizin gücünə, qüdrətinə, günbəgün döyüş qabiliyyətini artıran, beynəlxalq standartlara uyğun formalaşan Azərbaycan Ordusuna, xalqımızın birliyinə, həmrəyliyinə güvənindən irəli gəlirdi. Heydər Əliyev siyasətinə sadiqliyini təkmil idarəçilik təcrübəsini tətbiq etməklə təsdiqləyən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi qüdrətini artırdı, beynəlxalq münasibətlər sistemində layiqli yerini tutdu, ordumuz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. İyirmi illik Prezidentlik dövrünün 17 ilini torpaqlarımızın işğaldan azad edilməsi işinə həsr edən Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əraziləri müxtəlif istiqamətlərdən raket atəşinə tutulan zaman "Artıq yetər!” deyib əks-hücum əməliyyatının başlanmasının vacibliyini bəyan etdi.
44 gün davam edən və Azərbaycanın Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi bir çox məqamlara işıq saldı. Dövlət başçısı İlham Əliyevin daim xalqa müraciətlərində yer alan bu fikir reallıqda öz təsdiqini tapdı-Dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, "Kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Azərbaycanın yolu ədalət və beynəlxalq hüquq yoludur. Gücü topladıq, lazım olan anda vurduq, düşmənin başını əzdik. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq.
Azərbaycan yeni reallıqlar yaratdı. Bu reallıqlara uyğun olaraq hazırda diktə edən tərəf Azərbaycandır. Buna əmin olmaq üçün təkcə cari ilin ötən dövründə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində atılan addımlara və onun uğurlu nəticələrinə diqqət yetirmək kifayətdir Aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz tam təmin edildi. Sentyabrın 19-da isə Ermənistan silahlı qüvvələrinin törətdiyi terror hadisəsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı lokal antiterror tədbirlərinin qısa müddətdə öz nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə bir sutkadan da az vaxtda nail olunması Azərbaycanın növbəti şanlı qələbəsi kimi tarixə yazıldı. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahı dəstələrinin silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxmaları, tərk-silah olunmaları, separatçı rejimin özü-özünü buraxması ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam şəkildə bərqərar oldu. Separatçılardan təmizlənmiş ərazilərimizdə - Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda, Xocavənddə Azərbaycan Bayrağının ucaldılması tarixi hadisədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidən xalqa müraciətində bildirdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir: "Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizə qədər Azərbaycanın keçdiyi inkişaf yolu lider amilinin hər bir ölkənin inkişafında rolunu açıqladı. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan cənab İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Azərbaycan Qərblə Şərqin qovşağında yerləşən ölkə olaraq reallaşdırdığı layihələr, atdığı addımlar, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərlə özünün dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirdi. Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsi dövründə müsahibələrinin birində "Siz tarixdə necə qalmaq istərdiniz” sualına cavabını yada salmaq istərdik. Müzəffər Ali Baş Komandan bildirmişdir ki, əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm: "Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək”.
Bu gün xalqımız Prezident İlham Əliyevi qətiyyətin rəmzi kimi təqdim edir, adını çoxəsrlik tariximizə torpaqlarımızın xilaskarı kimi yazmasından böyük qürur hissi keçirir. Hər zaman ölkəsinin bu günü və gələcəyi üçün düşünən liderə xalqın sevgisi şəksizdir. Postmünaqişə dövrünün reallıqları dövlət başçısı İlham Əliyevə olan inamı, etimadı daha da artırıb. Daim ədalətə və beynəlxalq hüquqa söykənən yanaşmaları ilə dünyanı heyrətləndirən Prezident İlham Əliyev 20 ildə Azərbaycanın inkişaf modelini zamanın tələblərinə uyğun təkmilləşdirərək bugünkü qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycanın mövcudluğunu təmin etdi. Xankəndidə, Xocalıda dalğalanan Azərbaycan Bayrağı Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il sentyabrın 20-də xalqa müraciətində yer alan "Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!” fikirlərinin bir daha təsdiqi, dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlərə tutarlı cavabdır.
Prezidentin müəyyənləşdirdiyi strategiya regionların davamlı inkişafını təmin edib. Hər il dövlət büdcəsindən ayrılan vəsait ölkənin sosial-iqtisadi yüksəlişinin yeni mərhələsini formalaşdırır.
Azərbaycanda regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin tərəqqisinin yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci və 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir.
2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, bölgələrin potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb.
Hazırda bu imkanlardan çıxış edərək ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi, eləcə də ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxıb. Bu məsələlərin uğurlu həlli ölkənin regionlarında mövcud olan potensialdan daha səmərəli istifadə etməklə bölgələrdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və bu inkişafın davamlılığının möhkəmləndirilməsini zəruri edir. Bu isə öz növbəsində regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar dövlət tədbirlərinin, o cümlədən kompleks proqramlar hazırlanıb icra olunmasının davam etdirilməsini nəzərdə tutur.
Ötən 20 il ərzində sosial-iqtisadi inkişaf üzrə dövlət proqramları uğurla yerinə yetirilib. Azərbaycan başdan-başa inkişaf edən, öz kimliyini bərqərar edən dövlətə çevrilib. Modernləşən ölkəmiz yeni keyfiyyət mərhələsinə qədəm qoyub, siyasi, iqtisadi, mədəni həyatı müasirləşərək tamamilə dəyişib. Prezident İlham Əliyevin praqmatik, çevik siyasəti, sistemli və ardıcıl strateji kursu ölkəmizin müasir inkişafını təmin edib. Dövlət başçısının qürurla vurğuladığı kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalq-iqtidar birliyi dayanır. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqın rifahına, firavan yaşayışına və inkişafına hesablanıb. Bunun üstündən kimsə xətt çəkə bilməz!
İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırması bugünkü uğurların mənbəyidir. Regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir. Prezidentin bölgələrə tez-tez səfər etməsi bu faktı bir daha təsdiqləyir. Həyata keçirdiyi siyasətin əsas məqsədi paytaxtımızla yanaşı, bütün bölgələrimizin də hərtərəfli inkişafının təmin edilməsidir. Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir, yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, kəndlərimiz qazlaşdırılır. Eləcə də yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşayiət olunur. 2004-cü ilən başlayan bu proses hələ də davam etməkdədir.
Prezident özü də bir neçə il əvvəl bu barədə fikirlərini bölüşərkən deyib: "Əslində, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramının da əsas məqsədi bundan ibarət idi ki, regionlar inkişaf etsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün şərait yaradılsın və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etsin. Bu gün tam əminliklə deyə bilərik ki, biz bu məqsədlərə çatmışıq. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çox konkret proqramlar idi. Proqramların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf getmişdir və bu gün də bu inkişaf davam edir. Bu illər ərzində biz iqtisadi inkişafımızın əsasını qoyduq. Çünki proqramın icrasına başlayarkən Azərbaycanda vaxtilə yaradılmış infrastruktur, demək olar ki, köhnəlmişdi. Biz özümüzü elektrik enerjisi ilə, qazla təmin edə bilmirdik, idxaldan asılı idik. Belə olan halda sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi. Biz ilk növbədə inkişaf üçün baza yaratdıq".
Dövlət başçısının dediklərinə
söykənərək bir daha deyə bilərik ki, qazanılan iqtisadi uğurlar
hesabına ölkəmiz demək olar ki, bütün sahələrdə önə çıxaraq dinamik inkişaf
yolunu tutub. Fikrimizin təsdiqi kimi rəqəmlərə müraciət edək. 2003-cü
ildə Azərbaycanda ümumi daxili məhsulun dəyəri 7,1 milyard manat olduğu halda
2022-ci ildə 133,7 milyard manat təşkil edib. 2023-cü ilin gözləntilərinə görə,
2003-cü illə müqayisədə 16,8 dəfə artım olacağı proqnozlaşdırılır. Ümumiyyətlə,
20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb.
Nazirlər Kabinetinin Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin
layihəsinə həsr olunmuş geniş iclasında Baş nazir Əli Əsədov
bildirib ki, cari ilin 8 ayında qeyri-neft sektorunda 2,6 faiz,
qeyri-neft sənayesində isə 6 faiz artım qeydə alınıb. Hazırda ölkənin maliyyə
vəziyyəti xeyli yaxşılaşıb, strateji valyuta ehtiyatları ilin əvvəlindən
14,5 faiz artaraq, 67 milyard dollara çatıb. O da məlum olub ki, büdcə
gəlirləri 3,1 milyard manat (10,1 faiz), büdcə xərcləri isə 3,3 milyard
manat (9,8 faiz ) artırılıb. Həmçinin diqqətə çatdırılıb ki,
Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərclərin
istiqaməti əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin
uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatı yaradılıb.
Ümumilikdə 2023-cü ildə dövlət
büdcəsində aparılan dürüstləşmələrdən sonra işğaldan azad edilmiş ərazilərin
yenidən qurulması ilə bağlı xərclər 1,8 milyard manat artırılaraq 4,8 milyard
manata, müdafiə xərcləri isə 724 milyon manat artırılaraq 6 milyard manata
çatdırılıb. 2024-cü ilin büdcə layihəsində həmin xərclərin məbləği Milli
Məclisdə yekun müzakirədən sonra tam dəqiqləşəcək.
Regionların sosial-iqtisadi
inkişafına dair sonuncu (2019-2023-cü illər) dövlət proqramı çərçivəsində
görülən işlər, əldə olunan iqtisadi nailiyyətlər onu deməyə əsas verir ki,
Azərbaycan güclü iqtisadiyyatı olan ölkədir. Və bu gücün mənbəyi
Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətdir. Bu siyasət qarşıya
qoyulan məqsədlərin uğurla başa çatmasına yol açır. "İnkişaf etmiş
ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, onlarda uğurun əsas səbəbi
neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır,
həm də, əlbəttə ki, təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı
çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir", - deyən dövlət başçısının
müəyyənləşdirdiyi sosial-iqtisadi strategiyanın mahiyyətində dayanıqlı və sabit
inkişaf edən iqtisadi sistemin formalaşdırılması məqsədi dayanır.
20 ildə həyata keçirilən dövlət proqramlarının son üç ili işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpa olunan ərazilərə köç etmiş əhalinin sosial müdafiəsi və təhlükəsizliyi, təhsil, səhiyyə və sosial xidmətlərlə təmin olunması, zəruri infrastruktur - işıq, qaz, su, istilik təminatları və digər lazımi tələbatları həyata keçirməklə müşayiət olunur. Şübhəsiz, bu, qarşıdakı illərdə də tam sürətlə davam edəcək. Bütün bunların icrası azad edilmiş ərazilərdə aparılan sürətli bərpa və yenidənqurma işlərinə ayrılmış büdcə vəsaitləri çərçivəsində təmin olunacaq.
Üç il əvvəl - 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi.
Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərimizin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbənin təmin edilməsində mühüm rol oynadı.
İkinci Qarabağ müharibəsinin hər günü şanlı bir tarix, misli görünməmiş qəhrəmanlıq dastanıdır. 44 gün ərzində döyüşçülərimiz bir addım da geri çəkilmədən yalnız irəli getdi. Düşmən ordusunda on mindən çox fərari olduğu halda, bizim bir əsgərimiz də döyüş meydanından yayınmadı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir: "Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.
"Məğlubedilməz erməni ordusu” mifini dağıdan, döyüş meydanında düşmənə hərb və kişilik dərsi keçən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə və xalqın yaddaşına əbədi həkk olunub. Zəfər tariximizin bu parlaq və unudulmaz səhifələrini vərəqlədikcə qürur duyuruq.
Bu Qələbə yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün Azərbaycan xalqının Zəfəri idi. Qırx dörd gün davam edən müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. İkinci Qarabağ müharibəsində üç minə yaxın şəhid Vətən uğrunda canını qurban verdi. Biz bir evdən iki şəhid verib, "Ana Vətən sağ olsun” deyən xalqın nümayəndələriyik. Belə xalqın Ordusu bu Zəfəri qazanması labüd idi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhəri işğaldan azad olunduğunu bəyan etdi. Çıxışında bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini, inamını gördüyünü və bunun ona güc verdiyini vurğulayan dövlətimizin başçısı dedi: "Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.
Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Hadisələrin sonrakı gedişi bu cür düşünənlərin yanıldığını göstərdi. Bu il sentyabrın 19-da Zəfər yürüşünün davamı olan antiterror tədbirləri uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror tədbirləri Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu Ordumuzun gücünü bir daha nümayış etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu, suverenliyimiz tam bərpa edildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı, dövlət suverenliyimiz tam bərpa olundu.
Biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən üç ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu "Zəfər Yolu” adlandırıb.
Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa - Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa, həmçinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. "Xarıbülbül” və "Qarabağ” otelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb.
Zəfər yolunun üzərindəki Şuşa Otel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir.
Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq.
Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, 8 noyabr tarixi ilk dəfədir Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.
Milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü münasibətilə hər kəsi təbrik edirəm! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!
Rahib KƏRİMLİ,
"Ad günü” jurnalının və "carciTV” İnformasiya Agentliyinin təsisçisi baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm” Media mükafatı laureatı.
2024-12-30
02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb
02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib
01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO
01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO
2024-12-28
14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE
23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib
23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib
23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
22:42 Sarmaşıq (hekayə)
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim