reklam
USD
21 ℃
EUR
BAKI

Sumqayıt hadisələrində iştirak etmiş qaraplaşlılar - onlar kimlər idi? Müsahibə

MÜSAHİBƏ / 01.03.2024 00:02

Sumqayıt hadisələrində iştirak etmiş qaraplaşlılar - onlar kimlər idi? - Müsahibə


1988-ci ilin fevralında Sumqayıtda baş verən qanlı hadisələrdən 36 il ötür. Bu hadisələrlə bağlı aparılan istintaq zamanı üç gün davam edən təxribatların təşkilatçılarının SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin və Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları olduğu müəyyənləşib. Qeyd edək ki, o vaxt şəhərdə baş verən iğtişaşlar nəticəsində 32 nəfər qətlə yetirilib. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

Həmin qanlı aksiyanın başvermə səbəblərini araşdıran, "Sumqayıtın əks-sədası” adlı tammetrajlı filmin müəllifi,Əməkdar jurnalist Eyruz Məmmədov hadisələrlə bağlıAZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Eyruz müəllim, siz Sumqayıt hadisələrini tədqiq edən əsas şəxslərdən birisiniz. O dövrdə baş verənləri yenidən xatırlamaqda fayda var. Necə oldu ki, hadisələri araşdırmaq qərarına gəldiniz?

-1988-ci ilin fevralın 28-29-da Sumqayıtda SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Ermənistanın xüsusi xidmət orqanları ilə birgə qanlı aksiya törətdilər. Təxribat nəticəsində 26 erməni və 6 azərbaycanlı sakin qətlə yetirildi. Mən bir sumqayıtlı, həmçinin "Exo Sumqayıt” qəzetinin redaktoru kimi dostum, mərhum kinorejissor Davud İmanov, operator Elçin Quliyevlə birgə qərara gəldik ki, Sumqayıt hadisələrinin izinə düşək və onun əsl mahiyyətini açıb ictimaiyyətə çatdıraq. Bildirməliyəm ki, 1988-ci il fevralın ortalarında Dövlət Təhlükəsizlik Komitəsinin polkovniki Paponinin başçılığı ilə Sumqayıta xüsusi xidmət orqanının 30 işçisi gəlmişdi. Onlar yerli təhlükəsizlik komitəsinin binasında yerləşdilər. Həmin dövrdə Sumqayıtda mitinqlər keçirilirdi. Səbəb isə Qarabağda ermənilərin torpaq iddiası ilə çıxış etməsi idi. Sumqayıt Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları Moskvadan gələn nümayəndələrə şəhərə ekstremist qrupların daxil olduğu haqda informasiyalar verirdilər. Həmin informasiyalarda iğtişaşların baş verəcəyi bildirilirdi. Moskvadan gələnlər yerli komitənin əməkdaşlarına belə bir göstəriş verdilər ki, əgər Sumqayıtda iğtişaşlar baş qaldırarsa, onlar hadisələrə müdaxilə etməsinlər.

Biz Sumqayıt hadisələrinin izinə düşmək üçün dörd il Moskvada işləməli olduq. Sumqayıt hadisələrindən dörd gün əvvəl sovet qoşunlarının əsgərləri şəhərin ayrı-ayrı məhəllə və mikrorayonlarında dislokasiya məntəqələri qurmuşdular. Onların hamısının başında kaska, əllərində dəyənək, sinələrini qorumaq üçün bronjiletləri var idi. Fevralın 28-29-da Sumqayıtda qanlı hadisələr törədiləndə əsgərlər hadisələrə müdaxilə etmədilər. Mən "Sumqayıtın əks-sədası” sənədli filminin ssenari müəllifi kimi SSRİ müdafiə naziri Dmitri Yazovdan müsahibə aldım. Sual verdim ki, niyə əsgərləriniz onların gözləri qarşısında insanların qətlə yetirilməsinə müdaxilə etmədilər? Yazov mənə belə bir cavab verdi ki, həmin dövrdə Sumqayıtda ozamankı SSRİ rəhbəri Mixail Qorbaçovun icazəsi olmadan komendant saatı elan edilə bilməzdi. Fevralın 29-da hadisələr kulminasiya nöqtəsinə çatdı. Bundan sonra - martın 1-də şəhərdə komendant saatı elan olundu və general Krayev komendant təyin edildi. Moskvadan gələn nümayəndə heyəti martın 2-də geri qayıtdı və həmin heyətin üzvlərinin hamısının rütbələri artırıldı, vəzifələri isə yüksəldildi.

-Nümayəndə heyətinin tərkibində kimlər var idi və onlar nə ilə mükafatlandırıldı?

-Sumqayıta gələn xüsusi xidmət orqanlarının əməkdaşları arasında Stepaşın soyadlı bir şəxs var idi. O, Sumqayıta mayor rütbəsində gəlmişdi. Moskvaya qayıdandan sonra ona əvvəlcə polkovnik, daha sonra isə general rütbəsi verdilər. Boris Yeltsinin vaxtında isə o, daxili işlər naziri işlədi. İki ildən sonra isə Rusiya Federasiyasının baş naziri oldu. Sumqayıta gələn digər əməkdaş Nikolayev isə Rusiyanın Sərhəd Qoşunlarının rəisi oldu.

-Bəs hadisələrdən qabaq şəhərdə nələr baş verirdi?

-Hadisələr baş verməmişdən qabaq Sumqayıta 40-a yaxın ekstremist qrup gəlmişdi. Həmin qrupların hər biri xüsusi təlimatlandırılmışdı. Bir nəfər Sumqayıtda baş verən ictimai-siyasi informasiyaları toplayaraq Ermənistanın xüsusi xidmət orqanlarına göndərirdi. Ermənistan Rabitə Nazirliyinin nümayəndəsi Sumqayıtda kameralar quraşdırırdı. Ermənistanda nəşr olunan "Kommunist” qəzetinin müxbirləri video, foto çəkiliş aparırdılar. Hadisənin təşkilatçıları SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, icraçısı isə Eduard Qriqoryan adlı şəxs idi. Hadisə iştirakçıları içərisində gənclər də var idi. Onlar texniki peşə məktəbində oxuyan tələbələr idilər və Sumqayıta ayrı-ayrı rayonlardan gəlmişdilər. Valideyn nəzarətindən uzaq olduğuna görə onlar iğtişaşlara qoşulmuşdular. Eduard Qriqoryan və ona yaxın olan şəxslər həmin gənclərə narkotik paylayır, içki verirdilər. Apteklərə hücum çəkərək müdirləri hədələyib onlardan dimedrol dərmanı alırdılar. Həmin dərmanı da gənclərin içkisinə qatırdılar. Mən sənədli film hazırlayarkən Bayıl həbsxanasında cəza çəkən həmin gənclərdən müsahibə alanda bu məqamı onların diqqətinə çatdırdım. Onlar içkilərinin içərisinə dərman atılmasından xəbərsiz olduqlarını dedilər. Gənclər içkinin təsiri altında avtobusu, maşını aşırırdılar. Təxminən 16 yaşında olan gənclər Sumqayıtda Səməd Vurğun adına mədəniyyət sarayının binasına dırmaşırdılar. Biz fikirləşirdik ki, həmin binaya dırmaşmaq üçün yanğınsöndürən işçisi olmaq lazımdır.

-Həbs edilənlər arasında ermənilər var idi?

-Həmin hadisələrdə 5-6 erməni sakin də həbs edildi. Azərbaycan müstəntiqləri istintaq aparmağa başladılar. Moskvaya işləyən agentlər təcili olaraq SSRİ daxili işlər naziri Aleksandr Vlasova bir neçə erməninin tutulması barədə məlumat göndərdilər. O da SSRİ-də çalışan erməni millətindən olan müstəntiqləri təcili surətdə Sumqayıta ezam etdi. Azərbaycan müstəntiqlərinin apardıqları istintaq işlərini erməni müstəntiqlərinə təhvil verdilər. Həbs olunan həmin altı erməninin işinə bir həftədən sonra xitam verildi. Onlar təcili olaraq Sumqayıtı tərk edib Özbəkistanın Fərqanə şəhərinə yollandılar. O zaman Fərqanə şəhərində də milli zəmində hadisələr baş vermişdi və həmin hadisələrdə də ermənilərin əli var idi.

-Filmin çəkilişləri zamanı hansısa çətinliklərlə rastlaşdınızmı?

-SSRİ Dövlət Təhlükəsizlik Xidməti "Sumqayıtın əks-sədası” filminin çəkilişinə qəti qadağa qoymuşdu. Mən həmin dövrdə "Exo Sumqayıt” qəzetinin baş redaktoru olduğum üçün məni partiya biletimi əlimdən almaqla hədələdilər. Sonradan bizə nə üçün qadağaların qoyulduğunu anladıq. Onlar qorxurdular ki, biz təşkilatçıların izinə düşə bilərik. Çünki Sumqayıt hadisələrini törədənlər SSRİ DTX və Ermənistanın xüsusi xidmət orqanları olub. Bizə yaradılan maneələrə baxmayaraq, öz təşəbbüsümüzlə dörd il Moskvada işlədik. SSRİ Mərkəzi Komitəsinin rəhbərlərindən olan Liqaçov, Razumovski, Yakovlev, SSRİ Ali Sovetinin sədri, Siyasi Büronun üzvü Anatoli Lukyanov, SSRİ müdafiə naziri Dmitri Yazovdan, siyasi partiya lideri Jirinovskidən və bir sıra demokratlardan, jurnalistlərdən müsahibələr aldıq.

1991-ci ilin yay aylarında Ulu Öndər Heydər Əliyev Moskvada yaşayırdı və tutduğu vəzifələrdən istefa vermişdi. Biz ilk dəfə olaraq müxtəlif kanallar vasitəsilə Ümummilli Lider Heydər Əliyevin qəbuluna düşdük və ondan da müsahibə aldıq.

Ulu Öndər bizdən soruşdu ki, Azərbaycandan Moskvaya gələn ilk jurnalistlərsiniz, məndən müsahibə almağa çəkinmirsinizmi? Biz də Ümummilli Liderin nüfuzuna arxalanaraq Moskvaya gəldiyimizi qeyd etdik. Ulu Öndər Sumqayıt hadisələrinin baş verməsinə görə SSRİ Mərkəzi Komitəsini, onun siyasi rəhbərliyini və Dövlət Təhlükəsizlik Xidmətini kəskin tənqid etdi. O, bu təxribatda DTX-nın əlinin olduğunu bildirdi. Ancaq film hazır olanda Azərbaycan televiziyası onu efirə buraxmadı. Həm Ayaz Mütəllibovun, həm də Yaqub Məmmədovun siyasi hakimiyyətdə olduğu dövrdə filmin yayımlanması mümkün olmadı. Biz də qərara gəldik ki, Moskvaya gedib filmin davamını çəkək və başqa şəxslərdən də müsahibələr alaq.

Xatırladım ki, hadisənin iştirakçısı olan Eduard Qriqoryan əvvəlcə Bakıda Bayılda həbsxanada yatırdı. Moskva və İrəvanda fəaliyyət göstərən ermənipərəst mətbuat orqanları Qriqoryana işgəncələr verilməsi ilə bağlı hay-küy qaldırmışdılar. Bildirirdilər ki, onu Azərbaycan həbsxanasından çıxarıb Rusiyaya aparmaq lazımdır. Qriqoryanı Stavropol vilayətinin Budyonsk şəhərində yerləşən həbsxanaya köçürdülər. Bir maraqlı faktı da sizə açıqlayım. Araşdırmalarım zamanı mənə məxfi bir informasiya verildi. Dedilər ki, Qriqoryan həbsxanada yatanda ona yerli dustaqlara verilən ümumi yeməyi yeməkdən imtina etməsi ilə bağlı tapşırıq verilib. Deməli, həbsdə yatdığı müddətdə ABŞ-ın Kaliforniya ştatında yaşayan erməni lobbisi hər ayın 1-də ona böyük bağlama göndərirdi. Bağlamanın içərisində keyfiyyətli ərzaqlar və məişət əşyaları var idi. Almaniyadan isə ona dərman preparatları göndərilirdi. Çünki onda vərəmə meyillilik vardı. Həbsxanada ona gözəl şərait yaradılmışdı. Göstəriş verilmişdi ki, heç kimə müsahibə verməsin. Biz o zaman Davud İmanovla birgə cəzaçəkmə müəssisəsinin rəisi ilə birtəhər dil tapa bildik və Qriqoryandan müsahibə aldıq. Onu da qeyd edim ki, onun həyat yoldaşı Rita Qriqoryan ayda iki dəfə onu ziyarətə gəlirdi. Həbsxana rəisi Eduard Qriqoryana dedi ki, əgər bizə müsahibə verməsə, Ritanı bir daha onun yanına buraxmayacaq. Bundan sonra Qriqoryan bizə müsahibə verməyə razı oldu.

-Eduard Qriqoryan müsahibəsində sizə nələrisə etiraf etdi?

-Ondan müsahibə almaq olduqca çətin idi. Biz ona Sumqayıt hadisələri ilə bağlı suallar verdik. Əvvəlcə çəkiliş qrupunu görəndə bizdən şübhələndi. Kim olduğumuzu və haradan gəldiyimizi soruşdu. Biz Moskvadan, "Ostankino” kanalından gəldiyimizi dedik. Müxtəlif ölkələrdə milli münaqişə zəminində baş verən hadisələri araşdıraraq sənədli filmlər çəkdiyimizi qeyd etdik. Sumqayıt hadisələrinin istintaq materiallarında onun imzasını gördüyümüzü və müsahibə almaq qərarına gəldiyimizi bildirdik. Ümumi işimiz naminə belə bir yalan danışmalı olduq. Bildirdik ki, o, Sumqayıt hadisələrinin icraçısı kimi qadınlara qarşı zorakılıq tətbiq edib, həmçinin gənclərin içkilərinə dərmanlar qatıb və sair. O isə bütün bu faktların heç birini etiraf etmədi. Bildirdi ki, onu nahaq yerə həbs ediblər. Məhz buna görə bizə qarşı da zorakılıq ediləcəyini, həbsxanadan çıxandan sonra izləniləcəyimizlə bağlı bizi hədələdi. Sual verdi ki, məgər 5 insanı qətlə yetirənə 12 il cəza verirlər? Əslində, belə adama güllələnmə cəzası verilməlidir. Həqiqətən də istintaq materiallarında onun 5 nəfəri qətlə yetirdiyi göstərilmişdi və 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Əhməd Əhmədova isə guya bir adamı qətlə yetirdiyinə görə güllələnmə cəzası kəsilmişdi. O, verdiyimiz mühüm sualları cavablandırmaqdan imtina etsə də, hadisələrdə iştirak etdiyini boynuna aldı.

-Bəs o dövrün yüksəkvəzifəli şəxsləri ilə müsahibə zamanı hansısa faktlar təqdim edildimi?

-Sumqayıt Təhlükəsizlik Komitəsinin sədri Lebedev mənə müsahibəsində dedi ki, hadisələrin sonunda şəhərin indiki Tağıyev qəsəbəsində (o zamanlar Nasosnu adlandırılırdı) qara plaşlı iki ermənini həbs ediblər. Həmin plaşları sonralar analiz üçün Moskvaya göndəriblər. Məlum oldu ki, bu plaşlar İkinci Dünya müharibəsində almanların geyindikləri plaşlardandır. Onlardan o zaman ermənilərə də vermişdilər. Ancaq bunların nişanları tamamilə fərqli idi. Hadisələr zamanı onlar bir-birini bu nişanlar vasitəsilə tanıyıblar. Sumqayıt hadisələrində 40-a yaxın qara plaşlı şəxs iştirak edib. Onlar bir-birlərini tanımasalar da, həmin nişanlar vasitəsilə informasiyaları bir-birilərinə ötürüblər. Bizə bildirildi ki, İkinci Dünya müharibəsində Ermənistandan minlərlə şəxsi almanlar öz sıralarına cəlb edib, onlara xüsusi kəşfiyyat orqanlarında iki il müddətində dərs keçiblər. Həmin şəxslərə SSRİ ərazisində təxribat törətməklə bağlı tapşırıqlar verilib.



Oxunub: 32






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim