PÜNHAN ŞÜKÜR ÖZÜNÜDƏRKİN YENİ PİLLƏSİNDƏDİR
Pünhan Şükür imzası ədəbiyyatsevərlərə, jurnalistlərə, söz, qələm sahiblərinə yaxşı tanışdır. Pünhan Şükür sənəti tamlıqda bütöv, bitkin və yetkin bir estetik idealın bədii tərənnümü və təcəssümüdür. Bu estetik ideal P.Şükürün yaradıcılığı boyu yeni-yeni xüsusiyyət və keyfiyyətlərlə
zənginləşən, hər bir əsərində bir pillə boy atan, yeni bir mərhələyə qalxan və tədricən daha dərin əxlaqi-fəlsəfi mahiyyət kəsb edən əzəmətli bir obrazdır.
Bu estetik ideal hekayədən-hekayəyə, şeirdən-şeirə, pritçadan-pritçaya, deyimdən-deyimə artan, böyüyən, şaxələnən, budaqlanan, çətirlənən və getdikcə kökləri torpağın daha dərin qatlarına işləyən uca və möhtəşəm bir ağacı xatırladır.
"Robot Sofiyanın əri”, "Novruz iblisnaməsi”, "Göyərçin” vahid bir estetik idealı müxtəlif yöndən xarakterizə edən, cürbəcür rəng və çalarlarla tamamlayan, ideya bədii xüsusiyyətlərlə dolğunlaşdıran əsərlərdir. Ümumiyyətlə, bu hekayələrin toplandığı "Mənə Şəhrizadın nağılın danış” seçilmiş əsərlərindən ibarət kitabı isə bu idealı bütöv bir tabloda canlandırmaq arzusundan və səyindən doğub. P.Şükürün qəhrəmanlarını müasirimiz kimi görür və sevirik. Bu qəhrəmanlardakı ən ümdə keyfiyyət onların fəal bir sosial-mənəvi məzmuna malik olmalarıdır.
"Mənə Şəhrizadın nağılın danış” bir insanın ömürlüyündə, keşməkeşli həyatında baş vermiş maraqlı tarixçəni varaqlamaqla yanaşı, bu tarixçənin ətraf mühitdə, adi oxucuda yaratdığı ruhi-əxlaqi təkamülü də izləyir. Pünhanın mənəvi yaşantıları, əqli, zəkası, milli düşüncələri bizi də bu ətrafda düşünməyə və söz deməyə doğru aparır.
Mənən, qəlbən kor bir kütlə, nadan və cahil insan yığını hər tərəfi bürüyüb, Pünhan Şükür isə isə bu kütlənin yox, öz nuri-həqqini axtaranların, öz məhəbbətinə çatanların mürşidi olmaq istəyir. Bu kitabda da bir ideya estetik leytmotiv kimi nəşrin bütöv kontekstindən, obrazların qarşılıqlı münasibətindən, hadisələrin dramatik inkişafından doğur.
Kütlə nə qədər nadan, kor, cahil olsa da, durğun deyil, fəal dəyişmə, yeniləşmə prosesindədir. Bir fəal qüvvə kimi, alovlanan məşəl kimi Pünhan Şükür öz mühitini lərzəyə salır. İlk növbədə fədakar, yenilməz məhəbbəti ilə, həyatından keçməyə belə hazır olan bu insan nə axtarır, nəyə can atır? Cəmiyyətdə, yaradıcı və ədəbi mühitdə, söz sahibləri arasında yüksək mənsəbi, mövqeyi, şan-şöhrəti, nüfuzu olan Pünhana daha nə lazımdır? Xoşbəxtlik elə xoş güzəran deyilmi, həqiqətin mənası bir olan Allaha ibadət və itaət yolu ilə qovuşmaqdan ibarət deyilmi? Nə
istəyir Pünhan Şükür - əbədi ruhi müvazinət, qəlb rahatlığı, yoxsa
ki, əsrlərdən bəri öz müqəddəslik haləsi ilə pərəstiş və sitayiş obyektinə çevrilmiş ilahi bir varlığın inkarından keçib "nuri-həqqə” gedən yolun zillətini. Nə anlaşılmazdır bu Pünhan Şükür!
Heç kəsin heç kəsin yaradıcılığını izləmədiyi, yazdıqlarını oxumadığı bir dövrdə oxucunu yüksəlməyə, mənəvi gözəlliyə, ülvi bir aləmə səsləyən Pünhan öz yaradıcılığında səbatlı, tutduğu yolda dönməz, məramında qətidir.
ƏDƏBİ YARADICILIQ KƏHKƏŞANININ ULDUZU
Pünhanın pünhan dünyası göylərə sığmayan bir cahandır, bir dünyadır! Elə bir dünya ki onun da öz səması, öz ayı, öz günəşi, öz ulduzu, öz gecəsi, gündüzü, öz dağı, daşı, dənizi, küləyi, yağışı və nəhayət, öz sakinləri var!
"Dimnə və Kəlilə”, "Cənnətə gedən özünə yoldaş axtarar”, "Əfəndisini tapmayan üzük” pritçaları... hərəsi bir cahan, hərəsi bir aləm! Nəhənglərdən ibarət olan ədəbi yaradıclıq kəhkəşanında nə çox böyük, nə də çox kiçik bir ulduz özünəməxsus parıltısı ilə, odu ilə, alovu ilə seçilir, tanınır. Bu ulduz Pünhan adlı bir sənət dünyasıdır, söz aləmidir.
P.Şükür öz fikirlərini qəti hökm şəklində deyil, subyektiv mülahizə formasında ifadə edir. Bununla belə, bu fikirlərin doğruluğuna şübhə ilə yanaşmırsan. Çünki müəllif barəsində danışdığı mövzunu dərindən bilir, predmetin real vəziyyətini yaxşı dərk edir. Məhz buna görə oxucu onun məqalələrində hər hansı bir məsələyə hərtərəfli aşina olan proffessional münasibətlə üzləşir. Onun "Vaxt var idi, "Zaur” üçün "Təhminə”ni Türkiyədən gətirmişdik”, "Azərbaycan adamının "Əli yolu” və "Nobel prospekti”, "Vurğunu güclü gəlmiş, nicat yolu arayan ədəbiyyat”, "Qiymət Məhərrəmlinin əlavə dəyəri”, "Qələmi ədəbiyyatımızda meyaryaratna qüdrətinə malik şair”, "Poeziyanın təsdiqlədiyi şəxsiyyət” və bu kimi neçə ədəbi tənqid nümunəsi bu baxımdan xarakterikdir.
SƏNƏT İLƏ GERÇƏKLİK ARASINDA…
Bu dünya, bu aləm, sözün əsl mənasında, qəlbin və beynin qarışığından, vəhdətindən yaranmışdır. Pünhan Şükür də özünün şüirlərində elə vəhdəti poeziyanın gücü ilə göstərməyə çalışıb. Onun özünəməxsus ifadələri sənət ilə gerçəklik arasında bərabərlik işarəsi qoymur, həyatın və zamanın daxilində, məzmununda yaşayan şeiriyyəti görməyi, kəşf etməyi və onu insanların xidmətinə verməyi nəzərdə tutur. Elə həyatın gözəlləşməsinə müvafiq olaraq poeziyanı da təkamül etməyə çağırış
belə bir ideyaya əsaslanır və bu çağırış bir növ şairin yaradıcılıq devizi kimi səslənir.
Bəs varlığın eyni, ürəyi və beyni olan bu şeir aləmində, sənət dünyasında nələr var? Burada acı hicran və şirin vüsal, üzücü həsrət və bihuşedici səadət anları, dərin nifrət və ülvi məhəbbət dəmləri var.
Bu dünyada sinəsinə ayrılıq dağı çəkilmiş dağlar, sərsəri küləklər, ağlaya-ağlaya qaçıb bir şəffaf parçaya dönən pərişan buludlar, hər şeyin anası, qaynağı olan torpaq var. Burada müxtəlif arzularla keçmiş xatirələrin qoynunda isinən, vüsal həsrəti ilə qovrulan Pünhan adlı bir aşiq yaşayır. Bu aləmdə Pünhan sanki musiqi aləti kimi dilə gəlir, özünün yanğısı, ağrısı həzin laylalara dönür. Bu dünyada dənizlər daşqın və şaşqındır, göylər işıqlı, ulduzlar yaraşıqlıdır. Bu dünya Pünhan Şükürün pünhan dünyasıdır. Bu aləmdə "həyatdan doymayan, işdən doymayan”, ürəyi həyat eşqi ilə dolu nakam bir ömrün həzin, yanıqlı səsi var:
Edam hökmü verən hakim gözü tək,
Soyuq gözlərini öpməkdir arzum.
Onları isidib tonqal közü tək,
Qəlbimin odunu verməkdir arzum.
Sevincimi sənlə bölməkdir arzum,
Səninlə sevinmək, gülməkdir arzum!
Sənləşib lap sənə dönməkdir arzum,
Qoy görüm daha nə etməkdir arzum!?
Göründüyü kimi, Pünhanın sənət aləmi heyrətedici dərəcədə şəffaf və kövrəkdir. Onu bulaq suyuna da, şüşəyə də bənzətmək olar. Burada
irili-xırdalı hər bir obraz, hər bir detal, hər bir söz, ifadə, ştrix
bütövlükdə bir şəffaflıq, bir kövrəklik aləmi yaradır. Bu aləmdə
ipək yumşaqlığı və çiçək zərifliyi də var. Bu aləm büllurdur.
Və bütün bu şəffaf, kövrək, ləkəsiz, zərif, büllur aləmi cana gətirən, onun damarlarına qan qovan, simasını müəyyən edən Pünhanın öz ürəyidir:
Hərdən tükənməyim, bitməyim gəlir,
Hərdən ilim-ilim itməyim gəlir.
Sevgim utandığı gözündən uzaq,
Sən olmayan yerə getməyim gəlir.
Pünhanın şeirləri oxunmur, içilir içim-içim, udulur udum-udum. Pünhan şeirləri ilə üzləşəndə elə bilirsən ki, təzə yağmış qarın ağlığını, təmizliyini görürsən. Görürsən və heyran qalırsan bu bəyaz cisimlərə. Bəli, Pünhanın şeirlərinə istəsən bir cisim kimi toxuna bilərsən. Çox vaxt ürəyindən belə bir arzu keçir ki, bu şeirləri ya bir dəstə gül kimi, solmaz bir çiçək kimi güldanda masa üstə qoyasan, ya da ki, gözəl bir rəsm əsəri kimi divardan asasan!
Pünhanın şeir dünyasına şəffaflıq və zərifliklə yanaşı, ilk
baxışdan bu keyfiyyətlər ilə uyuşmayan bir daşqınlıq, coşqunluq da xasdır. Pünhan dünyası!... Kövrəklik və coşqunluq, zəriflik və
möhtəşəmlik, şəffaflıq və fırtınalılıq keyfiyyətlərini özündə üzvi olaraq qovuşduran, birləşdirən, cəmləşdirən bir şeir-sənət aləmi!
Şeirlərim məni ələ verəndə,
Yerli-yersiz sorulmağım dan gəlir.
Cavan aşiqlərlə sözə gələndə,
Yerimdə oturulmağım dan gəlir,
Bu yaşımda vurulmağım dan gəlir.
Ana mövzusu Pünhan yaradıcılığında əsas yer tutur. O da bir çox yazar kimi bu mövzunu özünəməxsus formada qabartmağa çalışıb, ANA müəqddəsliyini, ülviliyini və şərəfini belə tərənnüm edib:
Ayağının izin necə öpməmək?
O iz ki cənnətdi peyğəmbər üçün.
Yazılıb adını təşkil eləmək,
Anacan, şərəfdi hərflər üçün.
Ətirlər şahıdır südünü iyi,
Qısnc ünvanıdır ətirşah üçün.
Sənə tərif verib söz seçə bilmək,
Çətin imtahandır mən məddah üçün.
Bu özünəməxsusluq başa bir şeirində daha qabarıq görünür:
Yox yandıranı üzərlik,
Nəyi qalıb bədnəzərlik?
Deyir: "Əlvida, gözəllik!”
Oğul ana itirəndə.
Dönüb "Ana Muzeyi”nə,
Qaçır evin quzeyinə.
İstəyir kəfən geyinə,
Oğul ana itirəndə…
Pünhan Şükür hətərədli yaradıcı insandır. Müxtəlif yaradıcılıq nümunələri ilə tanışlıqdan sonra axırda kəlamlarından söz açmaq istəyirəm. Özünün bu yaxınlarda etiraf etdiyi bir fikrinə mən də dəstək verirəm. Bu da ondan ibarətdir ki, hər yaradıcı insan, qələm sahibi yazısına başlayarkən dahi yazarların, müdrik söz sahiblərinin fikrinə istinad edir. Halbuku Pünhanın vaxtilə qələmə aldığı fikirlər də kəlamlardır, hər birimiz üçün bir nümunədir. Məsələn:
- Gül istərdi ki, bulbul onun solması fəlsəfəsindən qazananların yolu ilə gedək.
- Pis o adam o kəsdir ki, özdərdi sağalmayaınca başqalarının dərdinə şərik olmayacağını dərk edir.
- Mükafatı cənnət olanlar bu fani dünyada kor olsalar belə, haqq dünyasında işığa oruc tutmuş kimi qəbul olunurlar.
- Allahsızdan qorxmayaq, Allahsız olmaqdan qorxaq!
- Çox yaşamaq həm də çox ölümə şahid olmaq deməkdir.
- Elə incilər var ki, xoşbəxtliyin, elələri də var ki, bədbəxtliyin övladlarıdır.
- Həqiqət həya örpəyinə, yalan isə riya pərdəsinə bürünür.
Oxucu bu deyimlər vasitəsilə müəllifin təkcə yaradıcılıq yolunu deyil, həm də onun bədii istedadının inkişaf tarixini izləyir. Burdakı fakt, fikir bolluğu və təəssürat zənginliyi, üslub rəngarəngliyi və həyati ümumiləşdirmələr P.Şükürün güclü sənətkar təxəyyülündən və təfəkküründən xəbər verir.
Pünhanın yaradıcılığı davam edir. "Mənə Şəhrizadın nağılın danış” kitabının doğurduğu xoş arzu və ümidlə biz hörmətli və sevimli yazarımızdan yeni-yeni əsərlər, dolğun, məzmunlu kitablar gözləyirik.
jurnalist