ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ,
AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR
Bu kövrək misralarım müəllifi olan Ağasən Bəzəlzadə bu günün yox, dünən yox, sabahın şairidir
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, filologiya elmləri doktoru, dosent Ağasən Bədəlzadə imzası bir şair kimi oxucularına, bir müəllim kimi tələbələrinə, bir yerli kimi eloğlularına, bir dost kimi sirdaşlarına, bir insan kimi xalqımıza yaxşı tanış idi. Ağasən müəllim ağır xəstəlikdən sonra vəfat etdi. Onun getməyi yalnız uzun illər boyu çalışdığı doğma Bakı Dövlət Universitetinin, elmi və ədəbi ictimaiyyətin deyil, bütün Ağasənsevərlərin, yaradıcı insanların ağrılı-acılı itkisidir və dediyim həmin doğmalıq da yalnız ədəbi və elmi mühitə yox, ümumiyyətlə, hər iki sahəyə onun vurğunluğunun ifadəsidir.
Poeziya ilə yaşayan Ağasən müəllim bəzən elə əlinə qələm götürüb yazanda əsəbiləşir, hirslənir, emosional sarsıntı keçirirdi, ancaq bu əsəbiliyin və hikkənin, bu hirsin alt qatında, təməlində böyük ədəbiyyat sevgisi və məhəbbəti, elm sevdası və cəfakeşliyi dayanırdı.
Ağasən Bədəlzadə həyatı, insanları da elə o cür sevirdi.
O, namərdliyə, nadanlığa, cahilliyə nə dərəcədə qızırdısa, haqq-ədalət də onu o dərəcədə mənən rahat edirdi.
O, həyatı hiss edirdi, duyurdu, görünməyənləri görməyi bacarırdı və poeziya da onun üçün həyatın bir parçası idi. Onun ən yaxşı əsərləri, poetik nümunələri yalnız aysberqin görünən hissəsi deyildi və bu yaradıcı əməyin bəhrəsinin qiyməti, uğuru, həmin aysberqin görünməyən hissəni də oxucuya təlqin edə bilməsində idi.
Səndən min dərd gəlir, heç qaçmıram mən,
Dərdim oda dönsə, dərd saçmıram mən.
Vallah, ürəyimdən baş açmıram mən,
Gəl gör nə dərdi var, yoxla mənimçün.
Ağasən Bədəlzadə indiyə qədər tanıdığım ədəbiyyat xadimləri arasında dünyagörüşünün genişliyi, poeziyaya, şeirə mükəmməl bələdliyi, yaradıcı mədəniyyəti və səriştəsi ilə seçilən azsaylı sənətkardan biri, birincilərdən biri idi.
Basqallıları çox sevirdi...
Onun yaradıcı fəaliyyətində istedad ilə iddia üst-üstə düşürdü və buna görə də onun əsərlərində nəyisə bəyənə bilərdin, nəyisə yox, ancaq bu əsərlər sanballı və ciddi poetik nümunələrdir. Onun yozumunda tanıdığı nə kimi dahilər var idisə, hamısının yaradıcılığının ağır bədii-estetik çəkisi həmişə səhnəyə çökmüş olurdu.
Ağasən müəllim üçün dostluqda böyük-kiçiyin fərqi yox idi. O, hamıya yaxın dost idi. Elə mənim də yaxın dostum idi. Əslində biz çoxdan tanış idik. Bu tanışlığımız mərhum ziyalımız, Basqalın canlı ensiklopediyası Miryavər Hüseynov haqqında yazdığım "Basqalın Miryavər abidəsi” kitabının çapından sonra daha da genişləndi. Miryavər müəllimin oğlu Hacı İlqar Hüseynzadə təklif etdi ki, bəlkə birlikdə gedib Ağasən müəllimi ziyarət edək. Həmin kitanın üstünü yazıb üz tutduq onun yaşadığı ünvana. Hacı İlqarın oruc tutmağından Ağasən müəllimgilin xəbəri yox idi. Nə qədər təkid və xahiş etsələr də, heç birimiz burada təamlardan dadmadıq. Mən tox idim, Hacı İlqar isə oruc. Ağasən müəllimin ailəsi artıq hazırlığını görmüşdü. Evə daxil olduq, Ağasən müəllim yüngülvari xəstə idi, tam yataqda deyildi. Bizi gülərüzlə qarşıladı. Bildirdi ki, basqallıları çox sevir: "Elə Basqal məktəbində çalışdığı vaxtlardan bu istək yaranmışdı. Hamı xətrimi istəyir, hörmətimi saxlayırdı. Mən isə təkcə dərs dediyim şagirdlərin valideynlərinə yox, elə basqallıların hamısına bacardığım hörməti etməyə çalışmışam. Savab iş görmək mənim canımda və qanımda idi. İllər keçdi, mən məcburən Basqaldan, kollektivdən ayrılmalı oldum. İndi isə ha çalışıram ki, ora gedim, ayaqlarım imkan vermir”. Həqiqətən ayaqlarından bərk şikayət edirdi. Sözarası bildirdi ki, bunun dərmanı kənddir. Doğulub boya başa çatdığı Pirəbilqasımı da çox arzulayırdı. Elə həmin ilin yayında İsmayıllıya, Pirəbilqasıma dincəlməyə getdi. Elə o gedən oldu...
Yarımçıq qalan görüş və son yazı...
Biz bir də onu ziyarət etmək və haqqında yazmaq qərarını verdik. Amma Ağasən müəllim Bakıya dönmədi. Arzumuz da içimizdə qaldı. Amma söz vermişdik ki, bu yaxınlarda gedib Ağasən müəllimi Pirəbilqasım kəndində ziyarət edək, son yazını, müsahibəni biz ondan hazırlayaq, amma qismət olmadı...
Biz onun şəxsində bir yaxın dostumuzu itirdik.
Olduqca ilahi xasiyyəti vardı. Onda hər bir şey təbii idi. Ağasən Bədəlzadə təkcə bu günün yox, dünənin yox, həm də sabahın şairi idi. Onun şeirləri haqdan gəlirdi, ürəkdən gəlirdi. O, yaşamadığı hissini, duyğunu yazmırdı.
Doyduqmu ömürdən, tövbə, a tövbə,
Min zərbə dəysə də, hey ömrümüzə,
Axı, hansı qanun, hansı kitabə,
Ömrün son həddini göstərib bizə?
Nə olsun ki, yaşım yetmiş beş ildi,
Sonuncu rəqəmi kim yazıb qoyub?
Yolumda nə qədər daşlar deşildi,
Daş öz daşlığıyla yaşdan doymayıb.
Ağasən müəllim indi də bir şair kimi bizim sıramızdadır. Ağasən Bədəlzadə heç vaxt köhnələ bilməz. Ağasən Bədəlzadə həmişə təzədir, həmişə doğmadır, həmişə istidir.
Qeyd edək ki, pedaqoji fəaliyyətlə yanaşı, gözəl şair kimi tanınan Ağasən Bədəlzadənin bu vaxtadək "Yanmaq ona deyərəm ki...”, "Payızda məhəbbət”, "Hayıf, a dünya səndən”, "Qorxuram bu dünya sevgisiz qala”, "Hələ yaşamağa dəyər dünyada” adlı şeirlər kitabları nəşr olunub.
Bundan başqa, Ağasən Bədəlzadənin şeirləri haqda müxtəlif qələm adamları, o cümlədən Xalq şairi Bəxtiyar Vahabzadə "Yanmaq ona deyərəm ki" adlı məqalə yazıb, müasirləri onun poetik axtarışlarını təqdir ediblər.
2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru olan şairin "Yapon ədəbiyyatı tarixi” dərslik kitabı çapdan çıxıb. Bu vaxtadək 11 kitabı çıxan şairin sonuncu kitabı "Tarixə düzgün baxış, yoxsa mistik naxış” adlanır.
O, ömrünün 85-ci baharında bizi tərk etsə də, onun parlaq siması, təbii, səmimi obrazı yaddaşımızda yaşayır. Ağasən müəllim öz şeirləri ilə əbədi ömür qazanıb. A.Bədəlzadə şeirləri ilə özünə əbədilik qazanan şairdir. O şeirlər heç nədən asılı olmayaraq, heç kimin köməyi olmadan həmişə yaşayacaq və eyni zamanda, müəllifini yaşadacaq. Çünki Ağasən Bədəlzadə insan sevgisi, vətənpərvərlik kimi həmişəyaşar hissləri, duyğuları şeirə çevirib. Elə ona görə də onun poeziyası yenə də diridir, bizim müasirimizdir.
Gedən nəsli görür gələn nəsil də,
Dənizə tələsir yağış da, sel də.
Zərə qərq olsa da, insan yad eldə,
Şirin el sözüyçün saildi, dağlar!
Gəncliyimizin sevilən şairlərindən biriydi Ağasən Bədəlzadə...
Onun istər sevgi şeirlərini, istərsə də doğma el-obaya məhəbbətindən barınan poetik nümunələrini, necə deyərlər, əl-əl axtarır, həvəslə oxuyurduq. Lirik şeirləri nə qədər həzin, duyğusal, həyati, incə ruhlu idisə, çevrəsində baş verən olaylara, ictimai-siyasi hadisələrə yanaşması, müəllif müdaxiləsi bir o qədər fərqliydi.
Yaxşı yadımdadır, orta məktəbdə oxuduğum illərdə Basqal məktəbinin şagirdlərindən biri özünü tələf etmişdi. Bir gecənin içində böyük poema ilə həmin mərhumun vidalaşma mərasiminə gəlmişdi Ağasən müəllim. Hamı göz yaşı içindəydi...t8
Poeziya eşqini özü ilə birlikdə apardı...
Ağasən Bədəlzadə həm də peşəkar ali məktəb müəllimi, pedaqoq idi. Vaxtilə dərs dediyi tələbləri də onun yoxluğuna inana, bu nurlu, təmiz qəlbli insanın yoxluğunu qəbul edə bilmirlər...
Bir daha təkrar etmək istəyirəm: Ağasən Bədəlzadə üçün həyatla yaradıcılıq arasında heç bir sərhəd yox idi. O, yaradıcılıqda da, həyatda da dediyinə və etdiyinə inanırdı, buna görə insan kimi də, şair kimi də, müəllim kimi də güclü xarakterə malik idi.
Bəzən sənətkar layiq olduğundan az qiymət alır, bəzən də bu qiymət layiq olduğundan artıq şişirdilir – Ağasən müəllim ömürlüyündə çox şeyə nail olmuşdu, müəyyən qədər qiymətini almışdı. Ancaq onun öz layiqli qiymətini alıb-almadığından asılı olmayaraq, söhbət Azərbaycan ədəbi mühitində, elmi ictimaiyyət arasında məxsusi yaradıcı dəst-xətti, öz sözü ilə seçilən bir yaradıcı insandan gedir və müasir dövrümüzdə hər bir əsərdən-əsərə, kitabdan-kitaba yazılan ədəbiyyat tariximiz, əlbəttə, onu da özüylə gələcəyə aparacaq.
Mən bu sətirləri sevimlimiz Ağasən müəllimin vəfatından bir neçə gün sonra yazıram və sidq-ürəkdən inanıram ki, o, uçub getdiyi həmin naməlum məkana da poeziya eşqini özü ilə birlikdə apardı...
Hələ ki, dövrəmdə istədiklərim,
Hələ ki, təsəlli, ümid yerim var.
Hələ unudulub pis dediklərim,
Hələ ki, dövrəmdə əzizlərim var.
Həmişə açılmır baxtın qapısı,
Sevincim gah olub, gah olmayıbdır.
Yetmiş beş ilimin hələ hamısı,
Taxtında hökm edən şah olmayıbdır.
Hərdən öz baxtımdan dad edirəm ki,
Tüstülü bir oda alışmayım mən.
Hər il ad günümü yad edirəm ki,
Özüm öz ömrümə yaddaşmayım mən!
Jurnalist